"Bu əlavə məşğuliyyət həvəsi uşaq bağçalarını belə öz ağuşuna alıb”-ŞƏRH
"Təhsil sahəsində müntəzəm aparılan dəyişikliklərə, yeniləşməyə və təkmilləşdirmə tədbirlərinə baxmayaraq repetitorluq da inkişaf edir, hətta məktəbəqədər təhsil də daxil olmaqla özünə yeni-yeni tərəfdarlar toplayaraq geniş auditoriya qazanır".
Bu sözləri təhsil eksperti Nadir İsrafilov deyib.
Onun fikirlərinə görə, məsələnin birdəfəlik yoluna qoyulmasında mürəkkəblik və ziddiyyət ondan ibarətdir ki, bu qeyri-rəsmi fəaliyyət sahəsinin tərəfdarları və əleyhdarları sanki sözləşərək iki qütbə bölünüblər: "Repetitorluq qeyri-rəsmi fəaliyyət sahəsi kimi getdikcə özünə müəyyən dairələrin rəğbətini qazanır, rəsmi təhsilin qeyri-rəsmi təhsildən asılı vəziyyətə salınmasına xidmət edir. Problem ondadır ki, mövcud qanunvericilikdə şəxsin asudə vaxtında repetitorluq xidmətinin göstərilməsinə məhduddiyyət nəzərdə tutulmayıb. Yəni insanların öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər fəaliyyət növü ilə məşğul olmaq onların Konstitusiya ilə təsbit olunmuş hüququdur. Bütün deyilənlərə və yazılanlara rəğmən hələlik məsələyə rəsmi mövqeyimiz ondan ibarətdir ki, “təhsil sistemi ən öndə olan ölkələrdə də repetitorlardan istifadə edilir. Hər bir insan övladını əlavə dərs üçün müəllim yanına qoya bilər".
N.İsrafilov hesab edir ki, repetitorluq ləğv edilə bilməz, sahibkarlıq fəaliyyəti kimi repetitorluğun hansısa iqtisadi yönləri tənzimlənə bilər: "Gərək repetitorluğun necə olması ilə bağlı təkliflər də olsun ki, biz onu dəyərləndirək. Repetitorluqdan istifadə edilsin, əlavə hazırlıq üçün müəllim yanına da gedilsin, amma bu məsələnin bir əmması var, o da ondan ibarətdir ki, niyə rəsmi fəaliyyət sahiblərinin görməli olduğu işi qeyri-rəsmi fəaliyyətlə məşğul olanlar görməlidir? Əgər ümumtəhsil məktəbində təhsil alanı məktəbin təhsilverəni lazımı biliklərə yiyələndirmirsə, bəs onda məktəbin, müəllimin funksiyasına nə daxildir? Heç kəsə sirr deyil ki, repetitor dəstəyinə yönəlmə, ali məktəb sevdası ilə bilavasitə əlaqədardır. O da faktdır ki, sovet dönəmində repetitor anlayışı olmayıb. Repetitorluğun yaranma səbəbi Azərbaycanda test üsulunun tətbiqi və ali məktəblərə qəbulun ixtisas qrupları üzrə aparılması ilə başlayıb. Yəni bizdə ailələr bəhsə girərək övladlarının ali məktəbə qəbul olunması üçün onları repetitor yanına göndərməyə başladılar. Məsələ ondadır ki, repetitorluq yeni-yeni yaranmağa başlayanda yalnız 10-11-ci siniflər müəllim yanına gedirdilər və seçdikləri ixtisasa uyğun fənlərdən hazırlaşırdılar. Amma indi bu əlavə məşğuliyyət həvəsi uşaq bağçalarını belə öz ağuşuna alıb”.
Təhsil ekspertinin sözlərinə görə, əgər mövcud durumda repetitorluq qaçılmazdırsa, məktəblərin reytinqi hələlik ali təhsil müəssisələrinə qəbulun nəticələri ilə ölçülürsə, ən yaxşı məktəb də ali təhsil müəssisələrinə qəbulun nəticələrinə əsasən müəyyən olunursa, təhsil elitar və eqelitar xarakter alıbsa, repetitorluğu inzibati yollarla aradan qaldırmaq qeyri-mümkündürsə, bəlkə onu sahibkarlıq fəaliyyətinin bir növü kimi rəsmiləşdirmək barədə düşünmək daha məqsədəuyğun olardı, çünki bu halda, həm məktəb qazanar, həm müəllim, həm şagird və valideyn: "Şagird əlavə hazırlıq üçün, artıq məsafə qət etməyib, öz məktəbində, öz müəllimləri ilə məşğul olar. Bir məkandan digər məkana gediş-gəlişlərə son qoyular. Dərsdən yayınma halları nəzərə çarpacaq dərəcədə azalar. Valideynin öz övladının məktəbdə olması barəsində arxayınlığı tam təmin olunar, onun etdiyi ödənişi kənar mənbələrə deyil, məhz müəllimin, təhsil aldığı məktəbin ehtiyaclarına hesablanar. Müəllim-şagird-valideyn münasibətləri tənzimlənər. Repetitorluğun leqallaşdırılması nəticəsində, habelə aşkarlıq və şəffaflıq prinsiplərinin işlək mexanizmləri yaradılmış olar. Ən başlıcası isə uzun müddətdən bəri mübahisə və polemika obyekti olan bu taleyüklü məsələyə nöqtə qoyulmasa da, prosesin təkmilləşdirilməsi istiqamətində yeni və daha optimal təkliflərin hazırlanmasına zəmin yaranar. Onunla da razılaşmalıyıq ki, istər repetitorluq, istər tədris kursları olsun, bunlar artıq minlərlə insanın peşə fəaliyyəti sahəsinə çevrilib və geniş təhsil alan və təhsil verən şəbəkəsini əhatə edir. Hələ ki, nəyin nəyə hesablanması və nəyə xidmət etməsi zamanın öhdəsində olan məsələdir. İstənilən halda, zamana uyğunlaşmaq üçün nəsə etməliyik”.