Bir ana və atanın uşağına verə biləcəyi ən böyük hədiyyələrdən biri mütaliəyə və kitaba sevgidir. Yaxşı bir kitab qədər heç nə insana zövq verməz, həyəcanlandırmaz, ilham verməz, təşviq etməz, sehirləməz və ya əyləndirməz.
Bir çox ailələr uşaqlarına kitab oxutdura bilməməkdən şikayətlənirlər. Əlinə bir kitab alıb uzun müddət oxumaqdan sıxılan uşaq, saatlarla televizor və ya kompüter qarşısında oturmaqdan heç şikayət etməz. Ana-atasını bir dəfə də olsa əlinə kitab alıb oxuyan görməyən uşaqlar "televizorun qabağından dur biraz da kitab oxu!” deyən səsə fikir verməz. Ailələrin uşaqlarını ən az cizgi filmi və kompüter oyunları qədər əyləncəli olan kitabların dünyasına çəkə bilməsi üçün, uşaq erkən yaşlarından kitab oxumağın faydasına inanmalı və ehtiyac duymalıdır.
6 aylıq uşağa kitab oxunarmı?
Son zamanlar uşaqlara ilk 36 ayında kitab oxunmağın vacibliyi xüsusi vurğulanır. Nə üçün bu ilk 36 ay çox vacibdir?! Çünki, insan beyninin ən sürətli inkişaf etdiyi, duyğusal inkişafımızın kodlarının yazıldığı dövr bu ilk üç ildir. Bu dövrdə körpələrə kitab oxumaq eynən yeni əkilən bir fidana can suyu vermək kimidir. Çünki, daha çox dialoq qurulan uşaqların beyni daha sağlam və sürətli inkişaf edir. Kitab məhz bu dialoqun yaranma vasitəçisidir. Aparılan araşdırmalara görə 0-3 yaş arasındakı uşaqlara rəsmli kitab oxumaq təcrübəsini yaşatmaqla bu uşaqların beyin və dil inkişafının sürətləndiyi müəyyən edilmişdir. (Fletçer və Reese, 2005). 0-3 yaş arasındakı dövrdə uşağa kitab oxumaq onun söz bazasını zənginləşdirməklə yanaşı ana və uşaq arasında ünsiyyəti gücləndirir. Xüsusilə üst sosial-iqtisadi və mədəni səviyyəyə aid ailələrdə 1 yaşından əvvəl uşaqlar üçün kitab oxumaq ənənəsi tətbiq edilir. Beləliklə, uşağın kitaba olan marağı danışmağa başlamazdan qabaq başlayır. Çünki məkəbəqədər dövrdə "zəka” demək, "kəlimə xəzinəsi” deməkdir.
Bizə oxumadılar nə oldu, deməyin.
Oxuduğunu anlamayan, özünü ifadə edə bilməyən bir nəsil olduq! Dünyanın inkişaf etmiş ölkələrində aparılan araşdırmalara görə 8-ci sinifdə oxuyan uşaqların 66 faizi oxuduğunu başa düşmür. Bu faiz yetişkin insanlarda 90 faizi də keçir. Yəni uşaqlar anlamır, böyüklər isə heç anlamır! Həkimə getdiyində dərdini izah edə bilməyən birinə qoyulan yanlış diaqnoz, iş yerlərində anlaşılmazlığa görə edilən səhvlər və qəzalar, hətta ailələr arasında şiddətdən sosial mediadakı münaqişələrə qədər həyatımızın hər sahəsində qarşılaşdığımız problemlərin kökündə yatan səbəb məhz budur.
Kitab oxumaq deyirik ancaq əslində kitablar üzərindən, uşaqla "emosional dialoq” qurmaqdan söhbət gedir, uşağın daxil olduğu, yönləndirdiyi bir mütaliə təcrübəsindən.
Uşaq dünyaya gələr-gəlməz çox erkən dövrlərdə duyğu hisslərinin yarandığını araşdıran Professor Barri Zuskermana görə "eşitmə və görmə, ardından 6-cı aydan etibarən danışıq bacarıqları inkişaf edir. Beyin nəyə hazırdırsa inkişaf da o istiqamətdə davam edir. Uşağa altı aylığından etibarən oxumaq çox yaxşı vərdişdir, altıncı aydan etibarən uşaq səsdən təsirlənir, ana ilə arasında duyğu bağları yaranır. Buna görə də erkən mərhələdə kitab oxumaq, ana-atanın səsini tanımaqda körpə üçün çox vacibdir. Uşağa baxaraq emosional bağ yaratmaq uşağın zehni inkişafında böyük əhəmiyyət daşıyır. Professor Barri Zuskermana görə "Kitab uşağın ana-atası ilə bir yerdə zaman keçirməsi üçün vacib elementdir. Kitab dünyəvi bir xəbərdar edicidir və o, ana və uşaq arasında çox əhəmiyyətli bir bağ yaradır. Xüsusilə qarşılıqlı dialoq qurmaqda təsir gücünü artırır, səhifələri çevirmək uşağın kiçik əzələ hərəkətlərinin inkişaf etdirilməsinə kömək edir. Burada əhəmiyyətli olan uşağa kitab oxumaq deyil, qarşılıqlı təsir və paylaşmaqdır. Körpə 2 yaşdan sonra dil inkişafı ilə bərabər ünsiyyətə keçir.
2-3 yaş arasında isə yuxu öncəsi mütaliə etmək və bunu bir vərdiş halına gətirmək lazımdır.
Uşaqların oxumağı bacarmadığı dövrlərdə onlara kitab oxumaq, kitab haqqında müzakirə apararaq düşüncə tərzini formalaşdırmaq vacib bir yanaşmadır. Uşaqlıq və məktəbəqədər dövrdə kitabla tanış olan uşaqların bu xüsusiyyətləri öyrəndikləri müşahidə edilmişdir: Uşaq kitabın necə istifadə olunacağını, yazılı olanın anlamlı olmasını, yazı və danışığın əlaqəli olduğunu, kitab dilinin danışıq dilindən fərqli olduğunu, kitabların əyləncəli olduqlarını öyrənir. Ona təsir edən rənglər, rəsmlər və rəsmlərin yanında olan yazılar, ondakı maraq hissini oyadaraq onu bilməyə, öyrənməyə və oxumağa yönləndirir.
Uşağın mütaliə mədəniyyətini öyrənmə prosesi ardıcıl bir prosesdir. Mərhələli bir sıra ilə davam edən bu prosesin ilk mərhələsi, "dinləmə alışqanlığı” yaratmaqdır. Bu alışqanlığın ardından "oxuyub-yazma bacarığı” yaranır. Bu bacarığı da "mütaliə alışqanlığı bacarığı”, "düşüncəli mütaliə bacarığı” və "universal savadlılıq” izləyir. Ona nə oxunduğunu anlamasa da valideynin ağız hərəkətlərinə baxaraq onun hüzür dolu səsini dinləyən uşaqlar erkən yaşda dinləmə bacarığı qazanırlar.
Necə kitablar seçməliyik?
Uşağınızın vücudunu bəsləyəcək qidalar seçdiyiniz kimi, ağlını, ruhunu, qəlbini, qabiliyyətlərini bəsləyəcək, qidalandıracaq kitablarda da seçici olmalısınız.
Məsələn, ancaq "oxumaqla” bitməyən, insani, duyğuları bəsləyən, özünə və insanlığa faydalı, təfəkkür və düşüncəni zənginləşdirən, estetik zövqü, hissləri formalaşdıran, səviyyə qazandıran mütaliə hər yaşda mütləqdir.
İstər məktəbdə, istər ailədə mütaliəni təbliğ edərkən uşaqlara deyək: "Kitablar sizi heç vaxt olmadığınız yerlərə apara bilər. Orada yaxşılar və pislər, zalımlar və mərhəmətlilər var. Qəhrəmanların yanında güclü olacaq, haqq və ədalət uğrunda döyüşəcəksiniz. Xəyallarınıza qovuşacaq, dünyanı addım-addım gəzəcək, sevinəcək, kədərlənəcək, sevəcək, nifrət edəcəksiniz. Bəzən həyatınız kitabdakından solğun görünəcək, bəzən isə yaşıdlarınızın necə faciələrdən keçdiklərini görüb yaşadığınız həyata daha artıq dəyər verəcəksiniz. Burada ən mühüm olan odur ki, yaşamağı öyrənəcəksiniz”.
Müəllif: Səyyarə Məmmədova