Bu gün bütün dünyada koronovirus tüğyan edir. İlk baxışda adi qripin bir az güclü forması kimi təsir bağışlasa da, əslində daha ciddi səbəblərlə bağlı bir reallıqdır.
Dünyanın hər yerindən alınan həyəcanlı xəbərlər problemin nə qədər ciddi olduğunu günbəgün təsdiq edir. İllər boyu başı çoxsaylı məsələlərə qarışmış dövlətlər indi eyni bəlanın həlli üçün qüvvələri birləşdirməyə məcbur olur, həmrəylik nümayiş etdirməyə çalışırlar. Dovlətlər, beynəlxalq təşkilatlar, ayrı-ayrı ölkələrin mütəxəssisləri bəlanın səbəblərini araşdırır, ondan çıxış yolu axtarırlar.
Yer üzündə mövcud problemlərin, o cümlədən ekoloji problemlərin əksəriyyətinin səbəbkarı insandır. Təbiətdə onun fəaliyyətinin əsasında şəxsi, dar, eqoist maraqlar dayandığından, onun fəsadları arxa plana keçirilir. Onlar üst-üstə yığıldıqda isə son nəticə olaraq qlobal partlayışlara gətirib çıxarır. Təbiət insanların şüursuz dağıdıcılıq fəaliyyətinə müəyyən həddə qədər dözür, "səbir kasası” dolandan sonra isə öz tarazlığını özü bərpa etməyin qayğısına qalır. Hamı ümid edir ki, bu sonuncu virus bəlası nəhayət ki başa çatacaq, həyat əvvəlki məcrasına qayıdacaq. Ola bilər ki, belə də olsun. Lakin bu sabitlik müvəqqəti ola bilər. Təbiət böhranını törədən səbəblər aradan qalxmadan, onların öhdəsindən tam gəlmək mümkün deyildir.
Qeyd olunduğu kimi, səbəb təbiətin və onun tərkib hissəsi olan cəmiyyətin tarazlığının pozulmasıdır. Təbiət təlatümləri, çalxalanmaları sevmir. Təbiətin mövcudluğunun vacib şərti sabitlikdir, tarazlıqdır. Buna görə də səbəblər aradan qalxmadan bugünkü virus böhranının özbaşına tamamilə aradan çıxmasına, onun bir də olmamasına ümid etmək olmaz. Təbiətə və cəmiyyətə münasibət dəyişməlidir, insan təbiətin tarazlığında öz yerini tapmalı və bütün canlı və cansız təbiətdə, eləcə də insan cəmiyyəti içərisində hormoniyaya can atmalı, ona dəstək olmalıdır.
Bu gün təbiətin insanlara göndərdiyi qisasın davamı labüddür. Ola bilməs ki, az müddətdən sonra hər şey əvvəlki vəziyyətə qayıtsın, təhlükə birdəfəlik aradan qalxsın. Nə qədər ki, bugünkü böhranı törədən səbəblər aradan qalxmayıb, böhranların bir birini əvəz edərək dərinləşməsi labüddür.
Koronovirus bəlası insanlığın sınaq məqamıdır. Belə sınaqlar həmişə vaxtaşırı baş verərək həyatı düzgün məcraya qaytarır. Onun bəlalı, faciəli, qorxulu, arzuolunmaz nəticələri ilə yanaşı müsbət, ibrətamiz, saflaşdırıcı təsiri də olur.
Bizim ölkəmizdə dövlətin vaxtında qəbul etdiyi qərarlar və atdığı addımlar sayəsində hələ ki, cəmiyyətimiz onun təhlükəsini öz üzərində dərindən hiss etmir. Bu, əhalinin dövlətdən gələn çağırışları layiqincə yerinə yetirməməsində, qoyulan qaydalara tam əməl edilməməsində müşahidə edilir. Lakin unutmaq lazım deyil ki, bu, təhlükəli fəsadların yalnız başlanğıcıdır. Cəmiyyəti bu bəladan qurtarmaq, onun həyatın bütün sahələrində törətməyə başladığı fəsadların qarşısını almaq, bəladan minimal itkilərlə çıxmaq üçün hər bir vətəndaş dövlətin yanında olmalı, ona dəstək verməli, məhdudiyyətlərə və qadağalara anlaşıqla yanaşmalı, ən azı görülən tədbirlərə mane olmamalıdır.
Pandemiya başa çatdıqdan sonra əvvəlki vəziyyətə dönüş mümkün deyildir. Bir tərəfdən təbiət öz tələbləri ilə hesablaşmağa məcbur edir, digər tərəfdən təhlükəni öz üzərində hiss etmiş insanların özünün düşüncəsində və davranışında dəyişikliklər baş verir. Buna görə də ən azı sıravi insanlar səviyyəsində dəyərlərə baxışın dəyişməsi qaçılmazdır.
Koronavirus böhranı ayrı-ayrı şəxsiyyətlərdən tutmuş dövlətlər və beynəlxaalq qurumlara qədər dövrün problemlərinə başqa rakursdan yanaşmağa məcbur edir. Bir-biri ilə rəqabət aparan dünya gücləri, müharibə ocaqları yaradan, terroru təşkil edən və dəstəkləyən dövlətlər özləri bu bəlanın obyektinə çevrilirlər.
Koronavirusun insan əməlinin yetirməsi olması haqqında da fikirlər dolaşmaqdadır. Lakin onun hansı mənbədən təkan almasından asılı olmayaraq bir həqiqət göz qabağındadır. Bu təhlükə bütün dünyanı bürüyərək insanlığı təhlükə altına alır. Onun bu gün bioloği fəsadları görünəndir. Lakin sabah onun iqtisadi, siyasi, mədəni, humanitar sahələrdə törədəcəyi böhranlar real perspektivlərdir. Buna görə də həm hər bir ölkənin daxilində, həm də ümumdünya səviyyəsində dəyərlərin dəyişməsi, münasibətlərin dəyişməsi, həyat fəlsəfəsinin dəyişməsi labüddür. Lakin bu dəyişikliyin hamısının pozitiv olmasına da ümid etmək olmaz.
Yeni – postpandemiya dünyasında hər bir dövlətin yeri, fəlakətdən güclü və ya zəif çıxması onun düzgün siyasətindən, əhalisinin mütəşəkkilliyindən asılıdır. Bunun üçün güc və səylər birləşdirilməlidir.
İbrahim ƏLİYEV
Tarix üzrə fəlsəfə doktoru