AzTehsil.com


Xəbərlər
04 noyabr 2017
3 535


Dahi şəxsiyyətin təkrarsız portret cizgiləri



Dahi şəxsiyyətin təkrarsız portret cizgiləri

Klassik alman fəlsəfəsinin yaradıcılarından olan Hegel tarixi şəxsiyyətlərin xarizması haqqında belə yazırdı: "Tarixi simalara fərdlərin maraqlarını, beləliklə, həm də ehtiraslarını təşkil edən ümumi cəhətlər baxımından yanaşmaq lazımdır. Onlar məhz ona görə böyük simalar sayılırlar ki, böyük, özü də təxəyyüldə canlandırılan və saxta işlər deyil, ədalətli və zəruri işlər görmək istəmiş və görmüşlər”.

 

Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin mövcudluğunu, tərəqqisini, güclü olmasını şərtləndirən bütün zəruri addımları atmışdır. Onun bütün fəaliyyətinin ana prinsipini isə həmişə ədalət təşkil etmişdir. Heydər Əliyev nadir bacarığa, müdrikliyə malik olmaqla, xalqı, cəmiyyəti nəinki ən mürəkkəb vəziyyətlərdən uğurla çıxarmağı, həm də yeni inkişaf mərhələsinə qaldırmağı bacarmışdır. Sözsüz ki, belə bacarıq sahiblərinə bəşər tarixində olduqca nadir hallarda rast gəlinir.


Ulu Öndərin zamanın fövqündə duran müdrikliyi ilə böyük həyat təcrübəsinin vəhdəti onu iki əsrin dahisinə çevirmişdir. Ümummilli Liderin şəxsiyyətinin ən səciyyəvi cəhətlərindən biri məhz təkrarsız, zəngin həyat təcrübəsinə söykənən dərin ağıl və böyük müdriklikdir. Bu, əqli və mənəvi mükəmməlliyin ən ali səviyyəsidir. Ətrafda cərəyan edən prosesləri, baş verən hadisələri hamı müşahidə edir. Amma onların əsl mahiyyətini çox nadir insanlar dərk edə bilirlər. Belə insanlar kamilliyi, müdrikliyi və dərin zəkası ilə cəmiyyətin digər üzvlərindən aydın seçilirlər. Bu qəbildən olan insanların ən parlaq nümayəndəsi kimi Heydər Əliyev ali həyat məqsədlərinə müvafiq olaraq düşünməyi və fəaliyyət göstərməyi bacarırdı. Bu keyfiyyəti sayəsində o, hadisələrin mümkün inkişaf istiqamətlərini dəqiqliklə müəyyənləşdirirdi və xalqı, cəmiyyəti istənilən reallıqlar fonunda irəli apara bilirdi. Əbədi həyat dəyərlərini dərk edərək qiymətləndirmək, onları keçici və şəxsi maraqlardan üstün tutmağı bacarmaq Heydər Əliyev şəxsiyyətinin İlahidən gələn təkrarsız cizgisi olmuşdur.


Heydər Əliyev öz fəaliyyətində zəngin həyat təcrübəsi, bilik və bacarığı ilə yanaşı, həm də özünün qeyri-adi intuisiyasına istinad edirdi. Bu səbəbdən onun seçdiyi, müəyyənləşdirdiyi hər bir yol həmişə qələbəyə, uğura, hədəfə doğru aparmışdır.


Ulu Öndəri insanlara sevdirən başlıca cəhətlərindən biri də ondan ibarət idi ki, o, özünün bacarığını, biliyini, parlaq zəkasını və zəngin həyat təcrübəsini doğma Azərbaycanımızın rifahına yönəldərək, bütün həyatını xalqına həsr etmişdir. 1993-cü ildə xalqın israrlı istəyi ilə ali siyasi hakimiyyətə qayıtdıqdan sonra demişdir:

 

"Mən ömrümün qalan hissəsini də Azərbaycan xalqına bəxş edirəm!” Heydər Əliyev bütün bilik və bacarığını, zəkasının tükənməz imkanlarını Azərbaycanın, Azərbaycan xalqının tərəqqisi yolunda səfərbər etmişdir. Bunun məntiqi nəticəsi bugünkü qüdrətli dövlətimizdir, müstəqilliyimizin möhkəmliyi, daimi inkişaf yolumuz, sarsılmaz həmrəyliyimizdir.


Ümummilli lider Heydər Əliyev olduqca güclü şəxsiyyət idi. Ulu Öndərin gücü təkcə iradəsində, müdrikliyində, zəkasında deyildi, həm də sadəliyində idi. Sadəlik Heydər Əliyev şəxsiyyətinin başlıca elementlərindən biri idi. O, ən ciddi məqamlarla bağlı fikirlərini də olduqca sadə tərzdə ifadə edirdi. Sadəlik Heydər Əliyevin xarakterində, üslubunda, davranış manerasında idi. Onu böyük kütləyə sevdirən əsas keyfiyyətlərindən biri məhz sadəliyi idi. Bununla Ulu Öndər həm də əsl liderin yeni meyarını müəyyənləşdirmişdir. Yəni, əsl lider digər məlum keyfiyyətləri ilə yanaşı, sadəliyi ilə də seçilməlidir. İstənilən insan liderliyə can ata bilər. Lakin təcrübə göstərir ki, liderliyə can atanlar çox nadir hallarda öz istəklərinə çata bilirlər.


Ümumiyyətlə, liderliyin universal formulu mövcud deyildir. Cəmiyyətdə nüfuz sahibi olmaq üçün zaman, səbir, öz işinə bağlılıq, ən əsası isə, hərtərəfli bilik tələb olunur. Heydər Əliyev məqsədli şəkildə liderliyə can atmamışdır. Xalqı, Vətəni qarşısında yorulmaz xidmətlərinə, uzaqgörənliyinə, istənilən çətin vəziyyətdən asanlıqla çıxış yolu tapmaq bacarığına və s. keyfiyyətlərinə görə ətrafdakılar onu lider kimi qəbul etmişlər. Çünki güclünün, ağıllının, iradəlinin yanında, ətrafında olmaq istəyi insanın təbiətindən irəli gəlir. Heydər Əliyevin yanında güvənc, əminlik, rifah və tərəqqi var idi. Bu səbəbdən bütün cəmiyyət üzvləri onun ətrafında sıx birləşmişdi. Ulu Öndər hamı üçün nümunə idi, öz davranışı ilə insanlara inamlı və qətiyyətli olmağı öyrədirdi.


Heydər Əliyev nadir liderlik keyfiyyətlərinə malik olmaqla, cəmiyyətə müsbət enerji ötürürdü, insanlarda optimist əhval-ruhiyyə formalaşdırırdı. Çünki hər bir cəmiyyət üzvü əmin idi ki, lideri onun rifahı üçün düşünür, çalışır, fədakarlıq edir. Həqiqətən, Heydər Əliyev çox qayğıkeş və fədakar insan idi. O, doğma Azərbaycanı naminə həyatından belə keçməyə hazır idi. O, sözün əsl mənasında, Vətəni üçün yaşayırdı. Bu səbəbdən də Heydər Əliyev son dərəcə mürəkkəb zamanda və məkanda dövləti irəli apara bildi. Sarsılmaz inamı bu müqəddəs işdə onun ən böyük dayağı oldu. Heydər Əliyev həmişə müsbət düşünürdü və zəhmətinin mütləq nəticə verəcəyinə əmin idi. O, problemlər haqqında deyil, imkanlar haqqında düşünürdü. Çünki Heydər Əliyev üçün həlli mövcud olmayan problem yox idi.


Liderlik nəzəriyyəsinə görə, əksər hallarda mövcud vəziyyət insanı liderə çevirir. Təbii ki, burada digərlərindən fərqli üstün keyfiyyətlərə malik olanlar nəzərdə tutulur. Heydər Əliyevin liderliyi isə vəziyyətin xarakterindən asılı olmamışdır. Malik olduğu nadir təbii və sonradan qazanmış olduğu keyfiyyətlər istənilən vəziyyətdə onun liderliyini təmin edərdi. Heydər Əliyev sadəcə lider deyil, dahi lider idi. Heydər Əliyevin dahiliyini Azərbaycanın müstəqilliyini, gücünü, inkişafını həzm edə bilməyən düşmənlərimiz də etiraf edirlər. Məhəmməd Peyğəmbərin (s.ə.s.) hədislərinin birində deyilir:

 

"Həqiqət təkcə sənin dediklərin deyil, həqiqət sənin düşmənlərinin də etiraf etdiyidir”.

 

Heydər Əliyev şəxsiyyəti bütün dünya tərəfindən əsl vətənpərvərin, liderin meyarı kimi qəbul olunur.


Heydər Əliyev bəşər tarixinin yetişdirdiyi ən nadir simalardan biri, türk dünyasının qüdrətli şəxsiyyətidir. Tarixə Azərbaycan xalqının Ümummilli Lideri kimi daxil olmuş bu əvəzsiz insan liderlərə məxsus ən ali keyfiyyətlərə malik idi. Heydər Əliyevin şəxsiyyəti, siyasi portreti, liderliyi o qədər zəngin elementlərlə səciyyələnir ki, onu tam öyrənib başa çıxmaq çox çətindir. Bunun üçün nəhəng bir elmi-tədqiqat institutuna ehtiyac vardır. Ulu Öndər hətta ən çıxılmaz hesab olunan vəziyyətlərdən belə ən düzgün və etibarlı çıxış yolunu tapmaq kimi əlahiddə bacarığı ilə hamını heyran qoyurdu.


1993-cü ildə Heydər Əliyevin siyasi hakimiyyətə möhtəşəm qayıdışı ilə həyatının ən böyük missiyasını yerinə yetirmiş oldu. Bu qayıdış Azərbaycan tarixində həlledici rol oynadı. Heydər Əliyev öz qayıdışı ilə dövlətimizi və xalqımızı xilas etdi. Bu tarixi dönüş olmasaydı, bugünkü Azərbaycan da olmazdı. Qısa bir zamanda ölkədə vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı. Daxili və xarici bədxahların Azərbaycanı parçalamaq, dövlətçiliyimizi məhv etmək istiqamətindəki bütün cəhdlərin qarşısı etibarlı şəkildə alındı. Heydər Əliyev öz qayıdışı ilə Azərbaycana sülh, sabitlik, dirçəliş və fasiləsiz inkişaf gətirdi. Artıq cəmiyyətin hər bir üzvündə dövlətimizin yenilməzliyi ilə bağlı böyük əminlik yarandı. Çünki dövlətimizin idarəçilik sükanının arxasında dahi Heydər Əliyev dayanırdı.


Azərbaycan Respublikasında çevik, mütərəqqi və demokratik elementlərlə zəngin idarəetmənin əsasını qoymaqla, ümummilli lider Heydər Əliyev həm də hərtərəfli inkişafa, möhkəm dövlətçiliyə sarsılmaz zəmin hazırlamış oldu. Məhz Ulu Öndərin hazırladığı bu zəmin əsasında Azərbaycan öz inkişafının ən uca məqamlarını davamlı olaraq fəth edir, regional güc və təhlükəsizlik mərkəzinə çevrilməkdədir.


Heydər Əliyevin siyasi, iqtisadi və mədəni irsinin qorunub saxlanması, ona istinad edilməsi qlobal müstəvidə Azərbaycan Respublikasının nüfuzunun, şöhrətinin və etibarının durmadan artmasını şərtləndirmişdir. Müasir dünyanın ən demokratik, ən mükəmməl konstitusiyalarından biri olan Əsas Qanunumuz dahi Heydər Əliyev zəkasının məhsuludur. Azərbaycan Respublikasının Konstitusiyasında istisnasız olaraq bütün müddəaların demokratik prinsiplərə söykənməsi beynəlxalq ictimaiyyətin diqqətindən kənar qalmamış, beynəlxalq müstəvidə ölkəmizə böyük rəğbət gətirmişdir. Belə ki, bu gün bütün dünyada Azərbaycan Respublikasının demokratik, hüquqi, dünyəvi dövlət imici kifayət qədər möhkəmlənmişdir.


Azərbaycan dövləti beynəlxalq arenada postsovet respublikaları içərisində ən etibarlı tərəfdaş kimi qəbul olunur. Böyük əzm və iradə sayəsində yaradılmış tam sabitlik, ölkə həyatının bütün sferalarında hərtərəfli islahatların reallaşdırılmasının bir tendensiya halını alması Azərbaycana dünya dövlətləri arasında özünəməxsus yer qazanmasını təmin etmişdir, beynəlxalq aləmlə qarşılıqlı faydalı əlaqələrimizin genişlənməsini şərtləndirmişdir. Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi illər milli oyanış, tərəqqi və müstəqil dövlət quruculuğu dövrü kimi səciyyələndirilir. Ümummilli Liderin həyatının ən böyük uğuru və fəaliyyətinin ən böyük nəticəsi odur ki, o, xalqımıza mükəmməl milli dövlət, müstəqil Azərbaycan Respublikasını bəxş etdi.


Heydər Əliyev bütün daxili, regional və beynəlxalq amilləri nəzərə alaraq, Azərbaycanın təkrarsız milli inkişaf modelini yaratmışdır. Daha doğrusu, milli inkişaf modeli əsasında ölkəmiz dönməz inkişaf yoluna qədəm qoymuşdur. Azərbaycanın milli inkişaf modelinə diqqət yetirəndə heyrətlənməmək, Ulu Öndərin zəkasının sərhədlərinin genişliyinə qibtə etməmək qeyri-mümkündür. Çünki Azərbaycanın milli inkişaf modeli müəyyənləşdirilərkən regionda və beynəlxalq aləmdə cərəyan edən və edəcək proseslərin xarakteri dəqiqliklə nəzərə alınmışdır. Hər bir vəziyyətə uyğun çoxtərəfli fəaliyyət proqramı hazırlanmışdır.

 

Bu baxımdan, Azərbaycanın milli inkişaf modeli Heydər Əliyev irsinin ən qiymətli elementlərindəndir. Bu modelin nadirliyi ondan ibarətdir ki, mövcud problemlərin dinamik aradan qaldırılması, davamlı tərəqqinin təmin olunması ilə bərabər, Azərbaycanın gələcəyi, yetişməkdə olan nəsillərə böyük qayğı məsələsi də diqqət mərkəzindədir. Bu, ondan xəbər verir ki, Heydər Əliyev mükəmməlliyin əlçatmaz zirvəsini fəth edə bilmişdir.


Heydər Əliyev iradəsi qalib gəldi. Belə ki, Heydər Əliyevin milli inkişaf strategiyasının prioritet hədəfləri cəmiyyətdə sabitlik və sistemyaradıcı siyasi, iqtisadi parametrlər diapazonunun müəyyən edilməsi, onların mümkün və düzgün inkişaf trayektoriyalarının izlənilməsi, sabitliyi poza biləcək amillərin təsirinin zərərsizləşdirilməsi, həm siyasi, həm də iqtisadi baxımdan hər cür təzyiqlərə davamlı müstəqil dövlətin qurulması olmuşdur. Bu, Heydər Əliyev iradəsinin, əzminin təntənəsi, qələbəsi idi. Bu qələbənin daha miqyaslı və təsirli olması isə Heydər Əliyevin yuxarıda qeyd etdiyimiz bütün keyfiyyətlərini özündə təcəssüm etdirən, Ulu Öndərin idarəçilik irsinin kamil bilicisi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adı ilə bağlıdır.


Prezident İlham Əliyevin innovativ-islahatçı lider kimi tanınması, müstəsna təşkilatçılığı sayəsində son illərdə qazanılmış miqyaslı nailiyyətlər bariz şəkildə ümummilli lider Heydər Əliyevin irsinə, dövlətçilik ideallarına sadiqliyinin parlaq təcəssümü olmaqla, hər bir azərbaycanlının qəlbində milli iftixar və ölkəmizin işıqlı gələcəyinə dərin inam hissini daha da möhkəmləndirmişdir. İlham Əliyevin ictimai şüurdakı yüksək intellektli, qurucu, ədalətli, çevik idarəçilik bacarığına və böyük iradəyə malik lider obrazı hər ötən gün daha da möhkəmlənməkdədir. Onun atdığı hər addım, verdiyi hər bir qərar cəmiyyət üzvlərinin maraq və istəklərinin təmin olunmasına, dövlətçiliyimizin möhkəmlənməsinə, ərazi bütövlüyümüzün təmin olunmasına və iqtisadi tərəqqinin davamlılığına hesablanmışdır. Belə ki, İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycanda demokratik dövlət quruculuğu prosesi uğurla davam etdirilmiş, iqtisadi, siyasi və sosial sahələrdə islahatlar paralel şəkildə aparılmışdır. Bunun nəticəsidir ki, Azərbaycan inkişaf etmiş vətəndaş cəmiyyətinin və möhkəm demokratiyanın olduğu dövlət qurmaq istiqamətində durmadan irəliləyir.


Prezident İlham Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və inkişafı istiqamətindəki misilsiz fəaliyyətində varislik, novatorluq və dinamizm prinsiplərinə sadiqliyini müşahidə edirik. Bütün bunlar inamla deməyə əsas verir ki, İlham Əliyev Azərbaycan tarixinə yeni, mühüm missiya ilə qədəm qoymuş bir liderdir. Bütün siyasi fəaliyyəti boyunca xalqa sədaqətli xidmət prinsipinin Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin ana xəttini təşkil etdiyini böyük əminliklə söyləmək olar. Dövlətimizin başçısı ölkədə sürətli sosial-iqtisadi inkişaf və tərəqqiyə, siyasi sabitliyə, vətəndaş sülhünə ciddi təminat yaratmış strateji siyasi kursu uğurla davam etdirərək hər bir azərbaycanlının Prezidenti olduğunu sübuta yetirmiş, verdiyi bütün vədləri əsl lider, dövlət başçısı və şəxsiyyət kimi həyata keçirmişdir. Bu gün Azərbaycan Respublikası güclü iqtisadiyyata, möhkəm dövlətçiliyə və qüdrətli orduya malikdir. Bu il aprelin əvvəlində düşmən təxribatlarının qarşısını alan zaman ona sarsıdıcı zərbə vurmaqla, ölkəmiz və Ordumuz gücünü, qüdrətini əyani nümayiş etdirdi. Cəbhədə baş verənlər həm də Azərbaycan xalqının Prezidentinin, Ali Baş Komandanının ətrafında sıx birləşdiyini, ona tam dəstək verdiyini bir daha nümayiş etdirdi.


Beləliklə, bu gün Azərbaycan dövləti Ulu Öndərin məğlubiyyətsiz siyasətini Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirməkdədir. Heydər Əliyev irsinə, onun müəyyənləşdirdiyi kursa böyük sadiqlik nümayiş etdirməklə, Prezident İlham Əliyev dünya dövlətləri sırasında Azərbaycanın layiqli yerini müəyyən etməyə nail olmuşdur. Bununla o, sübut etdi ki, böyük iradəsi, əzmi və müdrikliyi sayəsində lokal və qlobal səviyyədə cərəyan edən proseslərə təsir göstərərək dövlətçiliyimizi, millətin təhlükəsizliyini və dəyərlərini, hər bir azərbaycanlının maraqlarını qorumaq iqtidarındadır. Ulu Öndər vaxtilə deyirdi: "Azərbaycan dünyaya Günəş kimi doğacaq”. Həqiqətən də Prezident İlham Əliyevin sayəsində ölkəmiz dünyaya bir Günəş kimi doğdu.


Heydər Əliyev irsinin, ideyalarının yaşamasında, Azərbaycanın inkişaf yolunu işıqlandırmasında Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın misilsiz xidmətlərini də xüsusi qeyd etmək lazımdır. Azərbaycanın mədəni dəyərlərinin qorunub saxlanılması, dünyaya tanıdılması istiqamətində Mehriban xanım Əliyevanın şəxsi təşəbbüslərinin və fəaliyyətinin hüdudları o qədər genişdir ki, onu sərhədləndirmək qeyri-mümkündür. Mehriban xanım Əliyevanın Azərbaycan mədəni irsinin dünyada böyük fədakarlıqla təbliği sayəsində ölkəmiz zəngin mədəni, mənəvi dəyərlərə malik bir məkan kimi məşhurlaşmışdır. Heydər Əliyev Fondu ölkədəki quruculuq işlərinə də ciddi töhfələrini verməkdədir. Bütün bunlar sübut edir ki, ölkəmizdə tərəqqini, rifahı şərtləndirən hər bir addımın fundamental əsasını Heydər Əliyevin ideyaları, onun formalaşdırdığı nadir inkişaf strategiyasının elementləri təşkil edir.




Загрузка...
Həmçinin oxuyun:
ADPU-nun Şamaxı Filialında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirildi

ADPU-nun Şamaxı Filialında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirildi

BDU-da Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

BDU-da Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

AzMİU-da Milli Qurtuluş Günü qeyd olunub

AzMİU-da Milli Qurtuluş Günü qeyd olunub

“Ulu öndər Heydər Əliyevin milli ordu quruculuğu siyasəti” mövzusunda dərsin təqdimatı olub

“Ulu öndər Heydər Əliyevin milli ordu quruculuğu siyasəti” mövzusunda dərsin təqdimatı olub

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV- İDARƏÇİLİYİN BARİZ NÜMUNƏSİ.

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV- İDARƏÇİLİYİN BARİZ NÜMUNƏSİ.

ADPU-nun Heydər Əliyev Mərkəzində Ümummilli Liderin anadan olmasının 94 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi

ADPU-nun Heydər Əliyev Mərkəzində Ümummilli Liderin anadan olmasının 94 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi

181 saylı məktəbdə Ümummilli Lider Heydər Əliyevin 93-cu ildönümü qeyd edilib...

181 saylı məktəbdə Ümummilli Lider Heydər Əliyevin 93-cu ildönümü qeyd edilib...

Həştərxandakı Heydər Əliyev adına məktəbdə Bilik günü qeyd olunub

Həştərxandakı Heydər Əliyev adına məktəbdə Bilik günü qeyd olunub

29 nömrəli Uşaq Yaradıcılıq Mərkəzində  “Yaşasın Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan Respublikası” adlı dəyirmi masa keçirilib

29 nömrəli Uşaq Yaradıcılıq Mərkəzində “Yaşasın Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan Respublikası” adlı dəyirmi masa keçirilib

Şabranda Ümummilli lider Heydər Əliyevin 94 illiyi münasibətilə müsabiqə keçirilib

Şabranda Ümummilli lider Heydər Əliyevin 94 illiyi münasibətilə müsabiqə keçirilib

ADU-da Azərbaycan-Çin münasibətləri haqqında kitabın təqdimat mərasimi keçirilib

ADU-da Azərbaycan-Çin münasibətləri haqqında kitabın təqdimat mərasimi keçirilib

Ümummilli lider Heydər Əliyevin 93 yaşı tamam olur

Ümummilli lider Heydər Əliyevin 93 yaşı tamam olur

ADU-da Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş müsabiqə keçirildi

ADU-da Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş müsabiqə keçirildi

Heydər Əliyev Mərkəzinin parkında “Oxu Günü” keçirilib

Heydər Əliyev Mərkəzinin parkında “Oxu Günü” keçirilib

Binəqədidə “Elm və təhsil İlham Əliyev siyasətinin prioritet istiqamətlərindən biri kimi” adlı məlumat saatı keçirilib

Binəqədidə “Elm və təhsil İlham Əliyev siyasətinin prioritet istiqamətlərindən biri kimi” adlı məlumat saatı keçirilib

ADPU-da hesabat-seçki iclası keçirilib

ADPU-da hesabat-seçki iclası keçirilib

Bu gün Mehriban Əliyevanın ad günüdür - Tarix yazan xanım

Bu gün Mehriban Əliyevanın ad günüdür - Tarix yazan xanım

Ağstafa məktəbliləri üçün ekskursiyalar təşkil edilib

Ağstafa məktəbliləri üçün ekskursiyalar təşkil edilib

ADPU-də Heydər Əliyevin 94 illiyinə həsr olunan tədbir keçirilib

ADPU-də Heydər Əliyevin 94 illiyinə həsr olunan tədbir keçirilib

ADU-da görkəmli bəstəkar Tofiq Quliyev anıldı

ADU-da görkəmli bəstəkar Tofiq Quliyev anıldı

ADNSU-da yığıncaq keçirilib -Birinci vitse-prezidentlə bağlı

ADNSU-da yığıncaq keçirilib -Birinci vitse-prezidentlə bağlı

Prezident 20 nömrəli məktəbin açılışında iştirak edib

Prezident 20 nömrəli məktəbin açılışında iştirak edib

Odlar Yurdu Universitetində Hüseyn Cavidin 135 illik yubileyi keçirildi

Odlar Yurdu Universitetində Hüseyn Cavidin 135 illik yubileyi keçirildi

ADU-da Azərbaycan-Çin diplomatik münasibətlərinin 25-ci ildönümü qeyd olundu

ADU-da Azərbaycan-Çin diplomatik münasibətlərinin 25-ci ildönümü qeyd olundu