AzTehsil.com


Xəbərlər
29 aprel 2017
4 383


Heydər Əliyev Mərkəzinin parkında “Oxu Günü” keçirilib



Heydər Əliyev Mərkəzinin parkında “Oxu Günü” keçirilib

 

Aprelin 29-da Heydər Əliyev Mərkəzinin parkında "Oxu Günü” keçirilib.
 
Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və "Hədəf Nəşrləri”nin təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi yeniyetmə və gənclər arasında mütaliəyə marağın artırılması, oxu vərdişlərinin inkişafına nail olmaqdır.
 
Tədbiri giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin Heydər Əliyev irsinin tədqiqi və elmi araşdırmalar departamentinin direktoru Məhəbbət Mehdiyeva bildirib ki, Heydər Əliyev Fondu  fəaliyyətə başladığı ilk günlərdən bir çox kitabları nəfis şəkildə nəşr etdirməyi öz prioritet istiqamətlərindən biri kimi seçib. Bu baxımdan Azərbaycan mədəniyyətini və milli dəyərlərini təbliğ edən nəşrlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xidmətləri danılmazdır. Fondun nəşr etdiyi kitablar arasında uşaq ədəbiyyatı kitabları da mühüm yer tutur. Bu gün Fondun bu istiqamətdə layihələrini Heydər Əliyev Mərkəzi də uğurla davam etdirir.
 
Təhsil nazirinin müavini Firudin Qurbanov ümumi təhsil müəssisələrində şagirdlərin mütaliəsi işinin təşkili, onların mütaliəyə həvəsinin daha da gücləndirilməsi yönündə görülən tədbirlərdən danışıb. "Oxu Günü”nün keçirilməsinin əhəmiyyətini vurğulayan nazir müavini bildirib ki, bu tədbirin şagirdlərdə mütaliə mədəniyyətinin formalaşmasında mühüm rolu vardır.
 
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibəyli, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, xalq yazıçısı Çingiz Abdullayev, "Hədəf” Şirkətlər qrupunun baş direktoru Şəmil Sadıqov çıxış edərək şagirdlərin mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində mütaliənin rolunu qeyd edib, "Oxu Günü” layihəsini yüksək qiymətləndiriblər.
 
Tədbir iştirakçıları "Oxu Günü”ndə iştirak edən tanınmış yazıçı və şairlərlə görüşüb,  kitablarını imzalatmaq imkanı əldə ediblər.
 
"Gəlin birgə oxuyaq!” şüarı altında təşkil olunan "Oxu Günü”ndə, paytaxtın müxtəlif ümumtəhsil məktəb və liseyinin şagirdləri təqdimatlarla çıxış ediblər. Məktəblilərin iştirakı ilə ayrı-ayrı əsərlərin müzakirələri aparılıb, pantomim tamaşa, kitabların fərdlər üzərində əhəmiyyətini vurğulayan səhnəciklər, "fləşmob” və digər təqdimatlar olub. Təqdimatlarda gənc nəslin dünyagörüşünün formalaşmasında, onların bədii təxəyyülünün inkişafında, mütaliə mədəniyyətinin, oxu vərdişlərinin artırılmasında və hərtərəfli inkişaf etmiş bir vətəndaş kimi yetişməsində müstəsna əhəmiyyəti olan kitabın rolu nümayiş olunub.
 
Tədbir çərçivəsində bədii-elmi kitabların sərgisi də keçirilib. Nəşrlər iştirakçılara həm ödənişsiz paylanılıb, həm də güzəştli şərtlərlə satılıb.



Загрузка...