Xəbərlər
22 fevral 2017
3 858
ADNSU-da yığıncaq keçirilib -Birinci vitse-prezidentlə bağlı
Fevralın 22-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın Azərbaycan Respublikasının birinci vitse-prezidenti təyin olunması münasibətilə yığıncaq keçirilib. ADNSU-nun rektoru, professor Mustafa Babanlı tədbirdə çıxış edərək prezident İlham Əliyevin imzaladığı sərəncamı yüksək rəğbətlə qarşıladığını bildirib. Azərbaycan tarixində ilk dəfə olaraq birinci vitse-prezident postunun yaradılmasının və məhz xanım Mehriban Əliyevanın bu vəzifəyə təyin olunmasının böyük tarixi əhəmiyyəti olduğunu diqqətə çatdıran rektor, professor M.Babanlı bunun Azərbaycanın sosial və mədəni həyatında yeni inkişafa və tərəqqiyə yol açacağını vurğulayıb.
Azərbaycanda və xaricdə bir sıra uğurlu layihələr gerçəkləşdirən H.Əliyev Fondunun yaranma tarixindən danışan rektor M.Babanlı xanım M.Əliyevanın Azərbaycanın beynəlxlaq arenada tandılması sahəsində və ölkənin inkişafı yönündə gördüyü müstəsna xidmətlərindən danışıb. Rektor xanım Mehriban Əliyevanın xüsusən də təhsilə ayırdığı yüksək diqqət və qayğını tələbələr üçün əvəzsiz şans kimi dəyərləndirib.
İctimai Fənlər kafedrasının müdiri, professor Camal Mustafayev, ADNSU-nun YAP ilk təşkilatının sədri, dosent Tamilla Naibova xanım Mehriban Əliyevanın təşəbbüskarlığı, yüksək intellekti və idarəetmə bacarığı nəticəsində əldə olunan uğurlardan danışıb, onun Azərbaycan Respublikasının birinci vitse-prezidenti seçilməsini əlamətdar hadisə adlandırıblar.
Sonda toplantı iştirakçıları Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin professor-müəllim və tələbə heyəti adından xanım Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti təyin olunması ilə bağlı Sərəncam imzalaması münasibətilə dövlət başçısı İlham Əliyevə Müraciət qəbul ediblər. Müraciətdə ADNSU kollektivinin Prezident İlham Əliyevin xanım Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti təyin olunması haqda Sərəncamının böyük sevinc və ruh yüksəkliyi ilə qarşılandığı qeyd olunub. "Azərbaycan Dövlət Neft və Sənaye Universiteti bu təyinatı 2016-cı il sentyabrın 26-da Ümumxalq Səsverməsi yolu ilə gerçəkləşdirilmiş Konstitusiya islahatının məntiqi yekunu və ölkədə idarəetmə mexanizminin təkmilləşməsinə və çevik idarəetmənin bərqərar olmasına xidmət edən mühüm addım kimi dəyərləndirir”, - deyə Müraciətdə vurğulanıb. Muraciətdə xanım Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti postunda da uğurlu olacağına, Azərbaycan iqtisadiyyatının, Azərbaycan xalqının rifah halının daha da yüksəlməsinə, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun daha da artmasına xidmət edəcəyinə əminlik qeyd olunub.
moderator.az