“Hətta 30-40 il pedaqoji stajı olana da "təhsil eksperti" demək olmaz, çünki...” –Nadir İsrafilov
"Təhsil eksperti” deyilən vəzifə yoxdur. "Ekspert” latın sözü olub , mənası "təcrübə” deməkdir.
Təhsil eksperti uzunmüddətli təcrübəsinə, çıxışlarına mətbuatdakı məsələlərə münasibətinə görə seçilir. Ölkəmizdə Şahlar Əsgərov, Etibar Əliyev, Məlahət Mürşüdlü, Kamran Əsədov,Nabatəli Qulamoğlu kimi təhsil ekspertləri var”.
Bunu AzEdu.az-a açıqlamasında tanınmış təhsil eksperti Nadir İsrafilov deyib. O, təhsil ekspertinin cavab verməli olduğu kriteriyalar barəsində danışarkən, aşağıdakı arqumentləri əsas gətirib:
"Bəzi hallarda Təhsil Nazirliyinin, Dövlət İmtahan Mərkəzinin əməkdaşları mətbuatda ekspert kimi çıxış edirlər. Onlar hər hansısa bir məsələyə münasibətdə ekspert qismində çıxış edə bilməzlər. Ekspert müstəqil, kənar şəxs olmalıdır.
Hər hansısa bir şəxsin təhsildə uzunmüddətli çalışması, savadı olması onun ekspert qismində çıxış etməsinə imkan vermir. Ekspert müstəqil olmalı və kənardan baş verən məsələyə müdaxilə etməlidir.
Hazırda ayrı-ayrı universitetlərdə, təhsil müəssisələrində İctimai Nəzarət Şuraları mövcuddur. Burada ekspertlər, media nümayəndələri iştirak edir, universitetin fəaliyyəti ilə bağlı məlumatlar əldə edib, təhlillər aparırlar. Bu şuralar bir çox universitetlərdə fəaliyyət göstərir.
Mən 40 ildir, təhsil sahəsində çalışıram. Bəzən elə ekspertlərə rast gəlirəm ki, onların nə adını eşitmişəm, nə də mətbuatda açıqlamalarını oxumuşam.
Lakin bu gün orta məktəblərimizdə çoxlu müəllimlər var ki, onlar 30-40 ildən artıq iş təcrübəsinə malikdirlər. Lakin onları "ekspert” adlandırmaq olmaz. Ekspert mətbuatdakı çıxışı, münasibət bildirməyi ilə seçilməlidir. İctimaiyyət onu tanımalıdır ki, qiymət verə bilsin”.
Nadir İsrafilov açıqlamasında təhsil bilgisi olan pedaqoqlarla ekspertlərdən daha savadlı ola bilər, lakin onun mediada heç bir imzası olmayan şəxsi ekspert adlandıra bilmərik:
""Təhsil haqqında” qanunda bir çox dəyişikliklər öz əksini tapıb. 60-a qədər dəyişiklik olub. Bu qərarların qəbulunda təhsil ekspertlərinin də böyük rolu olub.
Magistraturaya daxil olanları hərbi xidmətə göndərirdilər. Bu məsələni təhsil ekspertləri gündəmə gətirdi. Sonra Prezident qərar verdi ki, magistrantlar hərbi xidmətdən azad olunsunlar.
Biz ekspertlər elmə maraq yaradıb, gənc nəsli bu sahədə yetişdirməliyik.
Dərsliklərlə bağlı bir çox səhvlər olub. Təhsil ekspertləri bu məsələnin üzərinə düşüb və həll ediblər. DİM tərəfindən məsələ müzakirə edilib və qərar qəbul olunub.
Ekspert institutu formalaşmalıdı. Hazırda bu proses kortəbii şəkildə həyata keçirilir. Amma dünya təcrübəsində bir çox ekspert institutları fəaliyyət göstərir.
Misir Mərdanovun zamanında biz öz təkliflərimizi verirdik, lakin onlar qəbul edilmirdi. Amma indiki rəhbərlik ekspertlərə fikir verir və onları tədbirlərinə dəvət edirlər.
Hazırda dərsliklərlə bağlı sayt yaradılıb və təhsil ekspertləri burada öz fikirlərini bildirirlər. Əgər 20-30 il əvvəl dediyimiz sözlər nəzərə alınsaydı, hazırda təhsilimiz daha yüksək səviyyədə olardı”.