Diaqnostik Qiymətləndirmədən keçməyən 50 min müəllimlə bağlı xəbər
Aztehsil.Com xəbər verir ki, Azərbaycanda müəllimlərin qiymətləndirilməsi prosesi davam edir. Hazırda 100 min müəllim diaqnostik qiymətləndirilmədən keçib və 50 min müəllim qalıb.
Azərbaycan müstəqillik əldə edəndən bəri müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi ilə bağlı müxtəlif metodları sınayıb. Təhsil sahəsində müəllimlə bağlı verilən qərarların tez-tez dəyişdirilməsi cəmiyyətin bu peşəyə olan inamsızlığını daha da alovlandırır.
Təhsil sahəsi üzrə ekspert Nadir İsrafilov A24.Az-a açıqlama verərək müəllimlərin qiymətləndirilməsi məsələsinə aydınlıq gətirib. "Müəllimlərin qiymətləndirilməsi prosesi belə olmur. Bu uzun müddət davam edən prosesdir və birmənalı şəkildə qarşılanmır. 1999-cu ildə Azərbaycan Respublikasının islahat proqramı qəbul olunub. Burada əsas məqsəd kadr infrastrukturunda dəyişikliklər edilməsi ilə bağlı idi. Müəllimlərin əməyinin stimullaşdırılması, əmək haqlarının diferensial ödənilməsi məsələsi də vacib şərt kimi irəli sürülüb. 2004-cü ilə qədər bütün bu problemlər həll olunmalı idi”.
2001-ci ildə Nazirlər Kabineti işçilərin attestasiyasının keçirilməsi haqında qərar qəbul edib. Keçmiş təhsil naziri Misir Mərdanov tərəfindən müəllimlərin attestasiyadan keçməsi ilə bağlı qərar qəbul edildi. Qərara görə attestasiya 2003-cü ildə başlamalı, 2004-cü ildə başa çatmalı idi. Attestasiya dayandırıldı. Təhsil eksperti qeyd etdi ki, problem hələ də həll edilmədi.
Attestasiya, sınaq imtahanı, sertifikasiyanın keçirilməsi, lisenziya verilməsi məsələləri bir-bir sınandı və uğursuz alındı.
Hazırda isə təhsil naziri Mikayıl Cabbarovun göstərişi ilə müəəlimlərin diaqnostik qiymətləndirilməsi prosesi keçirilir. Bu proses bitdikdən sonra müəllimlər sertifikasiyadan keçiriləcək.
Təhsil üzrə ekspert N. İsrafilov qeyd etdi k, təhsil sistemində tətbiq edilən üsullarda vahid fikir yoxdur. "İndi də deyirlər ki, attestasiyadan keçməyənlər hazırlıq kurslarına göndəriləcək. Sertifikasiyadan keçməyənlər işlərindən məhrum olacaq. Bütün bu dəyişikliklər müəllimlərin arasında çaqınlıq yaradır. Sovet dövründə hər 5 ildən bir müəllimlər ixtisasartırma kurslarına gedirdilər. Bizdə bunlar ləğv edildi. Müəllim var ki, 20 ildir müddətsiz müqavilə ilə işləyir. Müəllimin yenidən imtahan edilməsi, kəsilməsi işdən azad edilməsi pedaqoji etik qaydalara ziddir. Nəyə görə cəmiyyətdə məhz müəllimin saxta diplomu şişirdilir? Axı digər peşələrdə də saxta diplomla işləyənlər çoxdur. Müəllimlərin qiymətləndirilməsi, saxta diplomlarla bağlı məsələlər çox qabardıldıqca müəllimlərin nüfuzu aşağı düşür. Bu cür məsələlər birmənalı şəkildə həllini tapmalıdır”.
Ekspert ümid edir ki, diaqnostik qiymətləndirmə başa çatdıqdan sonra attestasiya, sertifikasiya məsələlərinə də aydınlıq gətiriləcək.