Belə "kadr”ları təhsil sahəsindən necə uzaqlaşdırmaq olar?
Bu gün Azərbaycanın təhsil sahəsində çoxşaxəli islahatların aparılmasına baxmayaraq, bəzi problemlər hələ də öz aktuallığını qoruyur. Məsələn, hazırda təhsil sektorunda saxta və ya ixtisasına uyğun olmayan sənədlə işləyən müəllimlərə rast gəlmək olar ki, bunu Təhsil Nazirliyində də etiraf edirlər. Amma nazirlikdə bildirirlər ki, sözügedən qurum tərəfindən saxta və yaxud ixtisasına uyğun olmayan sənədlə işləyən müəllimlərin aşkarlanması istiqamətində mütəmadi araşdırmalar aparır. Belə ki, nazirliyin aparat rəhbəri Fariz Rzayevin sözlərinə görə, təkcə 2015-ci ilin sentyabrında respublikanın müxtəlif şəhər və rayonlarında müəllim vəzifəsində çalışan, təhsil sənədi dövlət nümunəli olmayan 600-ə yaxın müəllim aşkarlanıb.
Aparat rəhbəri bildirib ki, onlarla bağlanmış əmək müqavilələrinə əmək qanunvericiliyinin tələbləri gözlənilməklə xitam verilməsi yerli təhsili idarəetmə orqanlarına tapşırılıb: "2016-cı ilin sonunda respublikanın 26 şəhər və rayonunda çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi aparılarkən müəllimlərin təhsil sənədləri yoxlanılıb və 500-ə yaxın müəllimin təhsil sənədinin dövlət nümunəli olmadığı aşkarlanıb. Müvafiq tədbirlərin həyata keçirilməsi istiqamətində hazırlıq işləri aparılır”.
Bəs, görəsən, belə "kadr”ları təhsil sahəsindən necə uzaqlaşdırmaq olar?
Mövzu ilə bağlı fikirlərini bildirən təhsil sahəsi üzrə ekspert Əjdər Ağayev deyib ki, tələbələrin saxta diplom alma prosesi müəyyən bir dövrə dayanır: "Belə ki, 1990-cı illərdən üzübəri olan qarışıqlıq dövründə, yəni Azərbaycanın yeni müstəqil olduğu dönəmlərdə bu poroses geniş vüsət almışdı. Dağıstandan, Rusiyadan və başqa yerlərdən gələnlər saxta diplomları bazara çıxarmışdılar. Həmin vaxt bu məsələləri araşdırmağa vaxt yox idi. Hakimiyyətin başı qarışıq idi. Amma bir məsələ var ki, bütün diplomların siyahısı var. Elə həmin siyahıya görə də kimin saxta, kimin həqiqi diplom almasını aydınlaşdırmaq o qədər də çətin deyil. Bunu hətta valideynlər də hiss edir ki, onun övladına dərs deyən müəllim əsl müəllim deyil. O elə-belə, saxta yollarla diplom əldə edib və rüşvət verərək, müəllim düzəlib. Göründüyü kimi də artıq bu proses gedir. Amma mən inanmıram ki, bundan sonra məktəblərdə saxta diplomlu müəllimlər aşkar edilsin. Çünki onların sayı o qədər də çox deyil. Demək olar ki, onların əksər hissəsi aşkar edilib. Qalsa da ucqar yerlərdə az sayda saxta diplomlu müəllim qalmış olar. Əminəm ki, tez bir zamanda onlar da ifşa ediləcək və bu proses də müvəffəqiyyətlə başa çatacaq”.
Məsələyə münasibət bildirən təhsil üzrə ekspert Nadir İsrafilov isə hesab edir ki, ilk olaraq problemin nədən qaynaqlandığını araşdırmaq lazımdır: "Bir vaxtlar TQDK tərəfindən rəsmi rəqəm səsləndirildi ki, 22 min saxta diplom var. Hətta məsələ o həddə gəlib çatdı ki, türkiyəli aktrisa çıxışında bildirdi ki, "mənə lazım olsa gedib Azərbaycandan saxta diplom alacam”. Təəssüf ki, aktrisanın adı yadımda deyil. Əlaqədar məsələdə diplomun saxtalığının nə olması hələ dəqiqləşdirilməyib. Bilinmir ki, diplomların möhürü, yoxsa imzası saxtadı. Kimsə gedib ali məktəbi Rusiyada və ya başqa ölkədə qurtarıb. Amma bu ölkənin diplomu bizdə tanınmayıbsa, diplom sahibinin günahı nədir? Bu məsələ sabiq təhsil naziri Misir Mərdanovun da dövründə qaldırıldı və xeyli vaxt gündəmi zəbt elədi. Hətta M.Mərdanov bir neçə müəllimi işdən azad elədi. Lakin həmin müəllimlər məhkəməyə müraciət elədilər və yenidən iş yerlərinə bərpa olundular”.
Mütəxəssis həmçinin bildirib ki, statistikanı gündəmə gətirmək problemin həlli demək deyil. Onun sözlərinə görə, müstəqillik əldə ediləndən sonra 70-dən çox ali və orta ixtisas təhsil müəssisələri yaradıldı. Həmin müəssisələr də problemlərin artması üçün əsas zəmin rolunu oynayıb: "Biz özümüz buna zəmin yaratmışıq. 70-dən çox təhsil müəssisəsinin 30-a qədəri bilavasitə müəllim "istehsal eləmək”lə məşğul oldular. Bu səhvlər rəsmi qurumlar tərəfindən buraxılıb. Axı sovet dönəmində cəmi 4 ali məktəb müəllim hazırlığı ilə məşğul olurdu. Lenin adına Pedaqoji İnstitut, Axundov adına Rus Dili İnstitutu, SSRİ-nin 50 illiyi adına Xarici Dillər İnstitutu. Bir də Şamaxıda Pedaqoji Texnikum var idi. Yalnız bu 4 təhsil müəssisəsi müəllim yetişdirirdi və müəllimlər də tam dövlət standartlarına müvafiq olaraq işlə təmin olunurdu.
Statistikadakı 600 müəllimin içində eləsi var ki, 10 ildi işləyir. İndi onları işdən azad etmək necə olacaq? Nə qədər insanlar gedib saxta diplom aldılar. Düzdü, bu məsələlər müəyyən qədər yoluna qoyulub. Bilirsiz ki, universitetlərin əksəriyyəti müəllim hazırlığı ilə əlaqədar olaraq bağlandı, bəziləri birləşdirildi. Bu istiqamətdə əvvəlki söz-söhbətlər nisbətən azalıb. Əvvəllər mətbuatda hər yerdə saxta diplomlarla bağlı məlumatlar var idi, amma indi bu məsələlər bir az azalıb. Digər tərəfdən sovet dönəmində tələb və təklif prosesi var idi.Yəni, nə qədər tələb var idisə, o qədər də müəllim hazırlanırdı. Onlar birbaşa təyinatla yerlərə göndərilirdi. İndi tələb və təklif yoxdu. Bu saat müəllimlərin sayı durmadan artır. Amma bununla da yenə məktəblərdə kadrlar çatışmır. Çünki müəllimlərin hazırlıq səviyyəsi həddindən artıq aşağıdır və imtahan qaydaları çox sərtdir. Buraxdığımız səhvləri kiminsə üstünə yıxmağa haqqımız yoxdur. İndi yüzlərlə elanlar var ki, xaricə tələbə göndərirlər. Bu tələbə də pul ödəyir və gedir xaricə oxumağa. İndi onun günahı nədir ki, diplomu təsdiqlənmir? Xaricə göndərişlərə ciddi nəzarət eləməlidirlər. Bu məsələlər yuxarı idarəetmə qurumları tərəfindən tənzimlənməlidir ki, belə hadisələr baş verməsin. Hər dəfə saxta diplomlarla bağlı müxtəlif rəqəmlər səsləndirilir. Saxta diplomla bağlı kimlərsə ictimailəşdirilmiş formada cəzalandırılmalı və elan edilməlidir ki, filan universitet və ya orta məktəbdə saxtakarlığa yol verilib. Belə tədbir görülsə, kimsə nəticə çıxarar”.
Məsələyə münasibət bildirən təhsil üzrə ekspert Etibar Əliyev isə deyib ki, 1999-cu ildən Azərbaycanda uşaq bağçasından tutmuş ali məktəb müəllimlərinədək diplomlarda yoxlama işləri aparılır. Onun sözlərinə görə, Təhsil Nazirliyi çox hallarda saxta diplomluların adlarını açıqlamır: "Amma onların sayı həddən artıq çoxdur. Saxta diplomlara malik şəxslər məktəb direktoru da, bağça müdiri və digər vəzifəlilər də ola bilir. Əsas məqam ondan ibarətdir ki, kimsə iş tapanda, ondan diplom tələb olunarkən, o da həmin işbazlarla əlaqəyə girir. Yüksək vəzifə tutanların diplomları isə araşdırılmır».
Təhsil eksperti həmçinin vurğulayıb ki, saxta diplom anlayışına bir neçə münasibət mövcuddur: «Birinci yanaşmaya görə 1992-ci ildən tətbiq olunmuş test üsulu ilə imtahan verməyərək, ali məktəblərə qəbul olunanların diplomuları saxta sayılmalıdır. Eyni zamanda saxta diplomlu tələbələr bir tədris ilini Rusiyanın ali məktəblərinin filiallarında və ya Azərbaycanda qanunsuz fəaliyyət göstərən ali məktəblərdə təhsil alan, daha sonra isə ölkənin digər ali məktəblərin ikinci kursuna keçirilənlər sayılır. Ali məktəblərə bir gün belə getməyən, adları jurnalda, dekanlıqda olmayan şəxslərin aldıqları diplomlar da etibarsız sayılır. Bu zaman ali məktəblərin diplomları oxşadılaraq, ali məktəb və kollejlərin rəhbərlərinin imzaları oxşadılaraq diplom verilir. Bu da saxta diplomlar sırasına aid edilməlidir. Bu ali məktəblərin rəhbərləri zaman-zaman onlara verilən ali məktəblərin diplomlarının seriyalarını, onların üz vərəqələrini skayn edərək diplom nümunələri çap edirlər. Daha sonra bunlar xeyli sayda vətəndaşalara paylanılır. Ümumiyyətlə, hesab edirəm ki, kimliyindən asılı olmayaraq saxta diplomlu kadrlar işdən kənarlaşdırılmalıdır. Belə olan təqdirdə, saxta müəllimlərin təhsil sektorundan tamamilə uzaqlaşdırılması mümkün olacaq».
hafta.az