Müəllimlərin işə qəbulu ilə bağlı yeni qaydalar hazırlanır... bu, hələ təsdiq edilməmiş bir layihədir və qəbul olunsa, ictimaiyyətə açıqlanacaq...
Bir neçə gün bundan qabaq ""attestasiyanın yekun nəticəsinə görə peşəkarlıq səviyyəsi yüksək olan müəllimlər işdə qalacaq, aşağı olanlar işdən azad olunacaqlar. Attestasiya konkret peşəkarlıq səviyyəsi aşağı olan müəllimin işdən azad edilməsi ilə nəticələnməlidir. Bu, qanunvericilik tələbidir” hökm xarakterli iddia ilə Lent az- müsahibə verən Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov bu dəfə də "müəllimlərin işə qəbul qaydaları ilə bağlı ediləcək dəyişikliklər təhsilə xidmət edir və müəllimlərin xeyrinə olacaq.
Bildiyiniz kimi, 2010-cu ildən etibarən müəllimlərin işə qəbulu müsabiqə yolu ilə mərkəzləşdirilmiş qaydada həyata keçirilir. 2013-cü ildə proqram təminatı dəyişdirilib və daha da təkmilləşdirilib. Bu il də müəllimlər müsabiqə yolu ilə işə qəbul olunacaq, amma bəzi dəyişikliklər nəzərdə tutulub. Yəni texniki baxımdan mərhələlərin azaldılması, daha asanlaşdırılması, onlara daha geniş imkanların yaradılması nəzərdə tutulub. Bir sözlə, müəllim olmaq istəyənlərin seçim imkanlarını genişləndirən bir dəyişikliklər olacaq” açıqlaması ilə gündəmə gəlib. E.Bağırov
onu da əlavə edib ki, imtahanın keçirilmə prosedurunda və məzmununda da bir neçə dəyişikliklər olacaq və bununla bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.
Sual olunur... təsdiq edilməmiş layihənin açıqlanmasına, qabaqcadan pedaqoji ictimaiyyət arasında əlavə ajiotaj , şaşqınlıq, müxtəlif yanaşmalar və yozumlar yaratmaqda məqsəd nədir, bəlkə qabaqcadan müəllimlərin ümumi əhval-ruhiyyəsini sınağa çəkirik? Olsun. Ancaq, birinci açıqlama ilə ikinci açıqlamanın "gizlinləri” necə başa düşülməlidir? Bir yandan "Köhnələri” attestasiyanın güdazına verib, işdən kənarlaşdırırıq, digər tərəfdən "yenilərə” qəbul qaydalarını asanlaşdırmaqla meydan açırıq. Bu o anlama gəlmirmi ki, "köhnələri” sıxışdırmaqla "yenilər” üçün yer böşaldırıq? Bəlkə səhvim var, düz başa düşməmişəm? Elə isə üzürlü hesab edin. Hər halda ricam odur ki, bu kimi açıqlamalar və bəyanatlar verərkən bir az necə deyərlər, "ölçü-biçiyə” diqqət yetirək, əlavə söz-söhbət yaratmayaq...