Tanınmış təhsil eksperti Etibar Əliyev professor Telman Cəfərova cavab verib.
Etibar Əliyevin Moderator.az -a göndərdiyi yazını təqdim edirik:
"Filologiya üzrə elmlər doktoru, Bakı Slavyan Universitetinin tədris işləri üzrə prorektoru professor Telman Cəfərov "525-ci” qəzetdə "Professional təhsil ekspertləri institutunun formalaşdırılmasına ciddi ehtiyac var” başlıqlı məqalə yazıb. Bu yazıda müəllif təhsil ekspertlərini tənbeh edib və onların hansı məsələlərlə məşğul olması barədə 18 bənddən ibarət tövsiyə irəli sürüb. Professorun yazısında təhsil sahəsində aparılan islahatlardan və özünün dediyi kimi, ekspertlər institutunun mahiyyətindən xəbərsiz olması dərhal üzə çıxır.
Yalnız yazının adı göstərir ki, filologiya professoru bilmədiyi bir məsələdən yazıb. Yazının adı səhvdir. Axı professional təhsil eksperti nə deməkdir? Əvvəla, təhsil eksperti deyilən bir peşə və ya ixtisas yoxdur. Ekspertlər bu sahə ilə daim maraqlanan, problemləri və trendləri bilib izləyən, uğurlu xarici təcrübədən xəbərdar olan, qanun və təşəbbüsləri qiymətləndirən, etiraz və təqdir edən bilgi və təcrübə sahibləridir. Onların ekspert olması isə hazırladığı sənəd və rəylərlə, məqalələrlə, mətbuatın suallarına verdiyi cavablarla müəyyən edilir. Kimsə özünə ekspert adı vermir, onu uzun çalışmalardan sonra ictimaiyyətin səni bu adla çağırması ilə qazanırsan. Səndən diplom-zad soruşan da olmur. Hətta Telman Cəfərovun təriflədiyi ekspertlərin özləri müxtəlif ixtisasların sahibidir, heç biri təhsil eksperti ixtisasına yiyələnməyib.
"Professional ekspert” demək "professional professor” deməyə bənzəyir və məhz o qədər yanlış və gülməlidir.
Telman Cəfərov bu əcaib başlıqdan sonra yazır: "Özünü təhsil eksperti adlandıran bir neçə adam var ki, onların da adda-budda, epizodik rəyləri ilə tanış olanda adamı vahimə bürüyür. Mən kiminsə adını çəkmək istəmirəm. Bununla belə, müstəqillik dövründə səbatlı və obyektiv rəyləri ilə gündəmə gəlmiş bir-iki nəfərin adını söyləməyə bilmirəm: Asif Cahangirov, Arif Muradov, Şahlar Əsgərov... Xaricdə təhsil alıb ölkəyə qayıtmış məzunlarımız arasında da özlərini təhsil ekspertləri kimi təqdim etmək istəyənlər var”.
Məqalə boyu özünü dolaşdıran Telman Cəfərovun "özünü təhsil ekspert adlandıran” ifadəsi isə plagiatdır. Bu ifadənin müəllifi Misir Mərdanovdur. Biz onun yarıtmaz fəaliyyətini tənqid edəndə, o, bu ifadəni icad etmişdi.
Təhsil ekspertlərinin fəaliyyətinin məhdudlaşdırılması, onlara edilən təhdidlər Mərdanovun nazir olduğu dövrdə pik nöqtəsinə çatmışdı. Yeri gəlmişkən, biz Mərdanovun antimilli təhsil siyasətini tənqid edəndə Telman Cəfərov kimilər onu görəndə yalnız tərif söyləyirdilər. Onların səsi çıxmır, özlərini təhsil ekspertlərinə dərs verəcək dərəcədə təhsil bilicisi kimi göstərmirdilər.
Məsələn, onun məqaləsində adını bir neçə dəfə çəkdiyi "kurikulum” sənədinin hazırlanması üçün Hollandiyanın CİTO qrupu dəvət olunmuşdu. Nə əcəb bu addımı tənqid etmirdiniz? Bunu sizin əvəzinizdən "özünü təhsil eksperti adlandıran”lar etməli idi?
Professor Telman Cəfərovun təhsil anlayışı deyəsən kökündən səhv düşüb. Orta məktəb şagirdi də bilir ki, Azərbaycanın təhsil problemlərində ekspertlərin heç bir günahı ola bilməz. Hətta onların qərəzli və yanlış şərhləri də təhsilə ziyan vura bilməz. Xoş olmaz, amma ziyan vura bilməz. Onlar yalnız doğru yanaşmaları ilə fayda verə bilərlər. Çünki onlar ictimai sektordur. Bəlkə təhsildəki rüşvət, özbaşınalıq, qüsurlar da bizə aiddir? Bəlkə biz mane olmuşuq işləməyə? İllərdir sessiyalarda pulları yığıb oliqarx olanlar da bizik bəlkə?
Yoxsa özünün 180 tövsiyəyə ehtiyacı olan biri niyə biz təhsil ekspertlərinə 18 absurd tövsiyə yazsın? Olmaya bizim borcumuz var onun vacib bildiyi işləri görməyə, bəlkə təhsil büdcəsindən maaş alan o deyil, bizik?
Müəllif o qədər çaş-baş düşüb ki, Arif Muradovu təhsil eksperti adlandırıb. Arif Muradov heç vaxt təhsil eksperti olmayıb. Ağ yalandır. O Təhsil Nazirliyində təqaüdə çıxana qədər məmur işləyib.
Təhsil eksperti isə müstəqil adamlara deyilir, hətta təhsili elmi şəkildə araşdıran elm adamları da təhsil eksperti sayılmaya bilər, onlar təhsil tədqiqatçısı və mütəxəssisidir. Təhsil ekspertinin fəaliyyəti isə müstəqildir, o, ictimaiyyəti, vətəndaş cəmiyyətini təmsil edir.
Məsələn, Azərbaycanda təhsil ekspertləri kimlərdir? Görkəmli pedaqoq professor Əjdər Ağayev, fizik professor Şahlar Əsgərov, məktəb tədrisini gözəl bilən Nadir İsrafilov və orta məktəb müəllimi Nabətəli Qulamoğlu, təhsil sahəsində xeyli uğurlu layihələrin müəllifləri Məlahət Mürşüdlü, Elmina Kazımzadə və s.
Fərqli ixtisaslar, fərqli elmi dərəcələr olsa da, hamısı eyni adla çağırıla bilir, heç kimdən professionallıq sənədi tələb edilmir, sadəcə, onlar özlərinin ardıcıl və seçilən fəaliyyəti ilə bu adı qazanıblar.
Deyirsiniz ki, özlərini təhsil eksperti adlandıran həmən o tək-tük adamlar ayda-ildə bir dəfə sensasiyalı fikirləri və rəyləri ilə gündəmə gəlirlər. Mən də daxil olmaqla digər təhsil ekspertləri özlərini heç vaxt gündəmə gətirməyiblər, yoldaş Cəfərov! Biz jurnalistlərin suallarına cavablar verir, sənədlərin müzakirəsində iştiraka dəvət olunur və analitik yazılarla çıxış edirik. Bəzən nazirliklə, hökumətlə üzə-üzə gəlirik, bəzən də nazirliyi və hökuməti təqdir edib başqalarının etirazına tuş gəlirik – marağımız isə yalnız təhsilin düzgün inkişafıdır.
"Elm haqqında” qanun hazırlananda magistr və doktorantlara əsgəri xidmətdən möhlət hüququ verilməsi layihədə əksini tapmamışdı. Biz təhsil ekspertləri bu istiqamətdə var gücümüzlə çalışdıq. Təkcə mənim onlara möhlət hüququnun verilməsi üçün 4 yazım və 3 müsahibəm dərc olundu. O zaman harada idiniz siz? Amma bizim sözümüz yüksək səviyyədə eşidildi və qalib gəldik. Möhlət hüququ sizin tələbələrə də aiddir indi. Hətta Mən Milli Elmlər Akademiyasında işlədiyim halda bu məsələdə Akademiyanın vitse-prezidenti İsa Həbibbəylini kəskin tənqid etdim. Amma sizin kimi professional professorlar İsa Həbibbəylini görəndə təbəssüm nümayişindən o yana getmirsiniz.
Dünya Bankının vəsaitlərinin dağıdılması haqqında tutarlı faktlarla mən çıxış etmişəm. Düz etməmişəm? Dərsliklərin qüsurları barədə illərdir yazırıq. Onların yaxşılaşması üçün əlimizdən gələni edirik. Boloniya razılaşmasının sənədlərinin təhlilinə dair təhsil ekspertlərinin yüzlərlə məqaləsi dərc olunub. Şəxsən mən "Boloniya bələdçisi” kitabının müəllifiyəm. "Orta təhsildə ictimai ekspertiza mexanizmlərinin yaradılmasi”, "Müəllimlərin peşəkar kompetensiyalarının artırılmasına dəstək”, İnnovvativ təlim metodlarının tezaurusu” kitablarının müəllifiyəm. O cümlədən, "Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası" sənədində nəzərdə tutulan "Səriştəli valideyn” Proqramının yeganə layihəsi mənim tərəfimdən hazırlanıb.
Şahlar Əsgərov "Biliklərin qiymətləndirilməsinə dair” dair fundamental kitabın müəllifidir. Əjdər Ağayev çoxcildli "Pedaqogika” dərsliyinin müəllifidir.
Təhsil ekspertlərinin "Təhsil haqqında” qanunun, "Elm haqqında” qanunun yazılmasında müstəsna rolu var. Əgər təhsil ekspertlərinin "Məktəbəqədər təhsil haqqında” qanun layihəsinə rəyləri nəzərə alınmasa, uşaqların bağçalara cəlbolunma göstəricisi 20 faizdən 5 faizə düşə bilər.
Amma bizi qərəz və aqressiyada ganahlandırırsınız. Bizə böhtan atmayın!
Bizə verdiyiniz cəfəngiyat tövsiyələrdə yazırsınız ki, orta təhsildə son üç ildə həyata keçirilmiş tədbirlərin təhlili və qiymətləndirilməsi, növbəti addımların atılması üçün konkret tövsiyələr işləyək.
Yoldaş Telman Cəfərov, BSU-nun nəzdindəki rəhbəri olduğunuz liseyin nəticələrini sizdən soruşan olubmu? Məndə olan məlumata görə bu liseyin məzunlarından ildə cəmi 2-3 nəfər Slavyan Universitetinə daxil olur. Ancaq analoji lisey Bakı Dövlət Universitetində də fəaliyyət göstərir ki, liseyin məzunlarının azı 70 faizi bu ali məktəbin müxtəlif ixtisaslarına qəbul olunur.
Necə deyərlər, özünə umac ova bilməyən, başqasına əriştə kəsir. Günah akademik Kamal Abdulladadır ki, sizin kimi birisini o liseyin direktoru qoyub. Bu azmış kimi hökümətdən bir məktəb binasını alaraq sözün hər mənasında sizə bağışlamışdı.
Təhsil ekspertlərini sıradan çıxarmağa qalxmaq əvəzinə düzgün və qədərincə çalışsanız, bizlərin də işi azalardı, bəlkə bizə ehtiyac da qalmazdı. Sizlər bizə yol göstərənə kimi xalqa cavab verin – niyə bu qədər problem var təhsil sahəsində. Əlbəttə, siz təhsil ekspertinin qəbul etmədiyiniz konkret bir fikrini tənqid edə bilərsiniz, onu yanlış saya bilərsiniz. Amma bunun əvəzinə özünüzə sərf edən təhsil ekspertləri institutu formalaşdırmaq niyyətinə düşübsünüz. İndi bunu necə edək, bəlkə müsabiqə elan edək və Təhsil Nazirliyi təhsil eksperti olmaq üçün müdavimlər yığsın və onları yetişdirib, təhsil barədə necə danışmağı öyrədəsiniz?!
Əgər təhsil eksperti sizin arzuladığınız kimi olmalıdırsa, sizin tövsiyənizlə yolunu bəlli edəcəksə, onlara nə ehtiyac var, siz hər şeyi bilirsiniz və buyurun, vəzifənizdən istefa verib "Professional təhsil ekpertləri” İctimai Birliyi yaradın. Onda çox səmimi olarsınız, həm də 18 tövsiyənizdə qoyulan vəzifələri gerçəkləşdirə bilərsiniz. Biz sizi alqışlayarıq.
Deyirsiniz: "...sovetlər dövründə pedaqogika və psixologiya sahəsində milli ruhlu, mentalitetimizə uyğun yazılmış ali məktəb dərsliklərinin həsrətində olmuşuq”.
Siz bununla akademik Mehdi Mehdizadə, Mərdan Muradxanlı, Əbdül Əlizadə kimi mütəfəkkirləri təhqir edərək onların pedaqoji irsinin üstündən xətt çəkirsiniz. Mehdi Mehdizadə bütün Azərbaycan orta məktəblərinin inkişafında öz sözünü deyən adam olub. Bir liseydə tədrisi qura bilməyən adam onun fəaliyyətini tanıya bilərmi? Yaxşı olar ki, siz kollecdən universitetə gələnlərin fəaliyyətindən danışın...
Yoldaş Telman müəllim, bizə verdiyiniz 18 tövsiyəyə gəldikdə, bunlar artıq təhsil ekspertləri üçün ötmüş mərhələdir. Yeri gəlmişkən, hörmətli Mikayıl Cabbarov təhsil naziri təyin olunduqdan sonra təhsil ekspertlərinin nazirliklə birgə çalışmaları üçün çox yaxşı imkanlar yaradılıb. Məqsəd odur ki, təhsil işçiləri öz vəzifələrini düzgün yerinə yetirsin və ictimaiyyətin iştirakı ilə problemlər aradan qalxsın. Onların əvəzinə təhsil ekspertləri işləməyəcək ki?
Slavyan Universitetinin başqa ali məktəbə birləşməsi haqqında səslənən fikirlərdən də narahat olmayın. Sadəcə, sizin və rektorunuzun indiki fəaliyyəti bu fikirlərin səslənməsini aktual edir.
Sonda bir daha yuxarıdakı təklifimi səsləndirirəm. Buyurun, tutduğunuz vəzifələrdən istefa verib, təhsil eksperti olun...Sizi gözləyirik."
Etibar Əliyev, tanınmış təhsil eksperti