- Bu elə bir mövzudur ki, yalnız təhsil işçiləri üçün deyil, valideynlər, tələbələr və digər şəxslər üçün də əhəmiyyətlidir
Şərq İnkişaf İnistutunun təşkilatçılığı ilə təhsil işçiləri üçün Gəncə şəhərində təşkil olunacaq təlimi təhsil üzrə ekspert ,psixologiya üzrə fəlsəfə doktoru Limunət xanım Əmrahlı tərəfindən aparılacağını eşitdik və həmin tədbirlə bağlı Limunət xanımın fikirlərini öyrənmək məqsədi ilə suallarımızı ona ünvaladıq.Geniş oxucu kütləsinin marağını nəzərə alaraq həmin müsahibəni sizə təqdim edirik.
- Limunət xanım, salam! Hər vaxtınız xeyir!
- Salam, vaxtınız xeyir!
- Limunət xanım söhbətimizə özünüz, pedaqoji və elmi fəaliyyətiniz, həyat yolunuz haqqında bir necə cümlə ilə başlayaq ...
- 1981 -ci ildə ADPU-nun pedaqogika-psixologiya fakültəsini fərqlənmə diplomu ilə bitimişəm. 18 il Qax rayonunda tərbiyəçi, müəllim, müəssisə rəhbəri, eləcə də TŞ-də inspektor vəzifələrində işləmişəm. 1999-cu ildən Hazırkı Təhsil İnstitutunda elmi fəaliyyətə başlamışam. Bu fəaliyyətim 2016-cı ilə qədər elmlər doktoru proqramı üzrə təhsilimi başa vurana qədər davam edib. 2005-ci ildən fəlsəfə doktoru, 2008-ci ildə psixologiya dosentiyəm. Ümumilikdə həm praktik, həm də elmi fəaliyyətim təhsilin psixologiyası ilə bağlı olub. Tale belə gətirib ki, təhsilin bütün pilllərində işləmişəm və bu faliyyətimdə dinamika olub: uşaq bağçası, məktəb, kollec, ali məktəb, elmi dərəcələr. Bir yerdə durmağı sevmirəm. Ona görə də təhsilin qəlbinin döyüntülərini duyuram. Harad necə vurur, hansı templə vurur və s. Şəxsi həyatıma gəldikdə, ailəliyəm, 2 övladım, 2 nəvəm var.
- Şərq İnkişaf İnistutunun ilk dəfə yerli təhsil ekspertlərinin iştirakı ilə bu tip təlimlər təşkil etməsinə münasi-bətiniz necədir? Adətən təhsil ekspertləri xaricdən dəvət olunur.
- Sualınıza bir qədər əhatəli cavab vermək istərdim. Hələ 2006-2008-ci illərdə İntitutda apardığım tədqiqat işinin mövzusu belə idi: "Təhsilin modernləşdirilməsinin psixoloji əsasları”. Nəticələr göstərdi ki, istər cəmiyyətdə, istərsə də təhsildə kurikulum tipli nəhəng islahatların aparılması geniş tədqiqatlar tələb edir. Bu zaman Beynəlxalq ekspertlərlə yanaşı milli mütəxəssislərin rəyləri nəzərə alınmalı, etnopsixoloji və etnopedaqoji amillərə diqqət yetirilməli idi. Milli ekspetlərin rəyləri ciddi eksperimental tədqiqatlara əsaslanmalıydı. Təəssüf ki, belə olmadı. Dünya təcrübəsi göstərir ki, cəmiyyətdə yeni təfəkkür tərzi formalaşmadan belə nəhəng islahatların aparılması özünü doğrultmur. Bunun üçün 20-30 il tələb olunur. Yerli ekspertlərdən məsləhətçi kimi istifadə etmək, onları yalnız dinləmək deyil, ideyalarına əsaslanmaq deməkdir. Ancaq bu baş vermədi, ya da yanlış kadrlar seçildi. Əgər söhbət psixologiyadan gedirsə, daha diqqətli olmaq gərəkdir. Məsələn, sadə testlər belə başqa mühitə uyğunlaşdırılaraq tətbiq edilir. Biz buna modifikasiya və adaptasiya deyirik. Deməli, böyük planda aparılan işlərdə bundan on dəfələrlə artıq diqqətli olmalıydıq. Nəticələr göz qabağındadır. İndi az qalır "kurikulum” anlayışını pıçıltı ilə desinlər ki, kimlərinsə xoşuna gəlmir. Səbəb birdir. Hər şeydə olduğu kimi, öz biliyimizə, təcrübəmizə, kadrlarımıza güvənməmək. Etdiklərimiz gücümüzü nəzərə almadan iri addımlarla irəli qaçmaq istərkən büdəryib yıxılmaqğa bənzəyir.
- Bu təlimin adət etdiyimiz kimi Bakı şəhərində deyil , Gəncə şəhərində və digər regionlarda keçirilməsi ilə bağlı fikirlərinizi bilmək istərdik...
- Bu çox mühüm məsələdir. Regionlarda yaşayan təhsil işçilərinin çətinlikləri hər kəsə bəllidir. Elmi mətbuatın, gərəkli informasiyaların məhdudluğu ilə yanaşı, daha çox qadınların təmsil olunduğu təhsil sistemində gender problemləri də mövcuddur. Ona görə də, əlbəttə ki, regionlarda olmaq lazımdır. Hətta, daimi fəaliyyət göstərən mərkəzlərin yaradılmasına da böyük ehtiyac var. Mən hər dəfə regionlarda (onların sayı çoxdur) təlimlərdə olarkən bunun nə qədər əhəmiyyət kəsb etməsinin şahidi oluram. Onlarla amillər var ki, burada sadalamağa vaxtımız yoxdur. Mənim qənaətimə görə, regionlarda olan təlimlərdə ən böyük dəyişmə iştirakçıların təfəkküründə baş verir. Bunun böyük effekti var. Real ünsiyyət insanlara enerji verir, onlar özlərini dəyərli hiss edirlər, özlərinə gevənirlər, yeni ünsiyyət, əlaqələr yaranır. Kimdən nəyi öyrənə biləcəklərinə görə, işə maraq artıq.
- Təlim " Məktəbdə psixoloji biliklərin tətbiqi, psixoloji problemləri olan şagirdlərin diaqnostikası” adlanır. Təlimdə kimlər iştirak edə bilərlər ? Təlimdə iştirak edəcək təhsil işçiləri nələri öyrənə biləcəklər ?
- Bu elə bir mövzudur ki, yalnız təhsil işçiləri üçün deyil, valideynlər, tələbələr və digər şəxslər üçün də əhəmiyyətlidir. Əlbəttə, bilavasitə onların məktəbdəki peşə fəaliyyəti ilə bağlı olduğundan məktəb psixoloqları üçün daha əhəmiyyətlidir. Vaxt azlığına baxmayaraq hazırda məktəbdə işləyən psixoloqların fəaliyyətinin təşkilindəki çətinliklər və onların həlli istiqamətində səmərəli, praktik məlumatlar veriləcək. Onların sualları cavablandırılacaq. Yollar öyrədiləcək, nümunələr göstəriləcək, məbələr (ədəbiyyat, sayt, facebook səhifələri və d.) haqqında məlumatlar veriləcək. Bütün bunlar İKT -nin köməyi ilə həyata keçiriləcək. Bu sahədə regionlarda çoxsaylı problemlər var. Təlimdə məktəb direktorlarınnı iştirakı də yaxşı olardı. Çünki onlar özləri də psixoloqların funsiyalarına yaxşı bələd deyillər. Belə bir təcrübə İmişli rayonunda oldu. Ötən tədris ilində 32 nəfər məktəb psixoloqu ilə təlimə başlamazdan əvvəl məktəb direktorları ilə görüş keçirildi. Olduqca nümunəvi bir təlim keçirdik. İmkandan istifadə edərək İmişli RTŞ-nin rəhbərliyinə bir daha təşəkkürümü bildirirəm.
- Bu təlimin digər təlimlərdən fərqli cəhətləri nədir ? Bildiyimiz qədər, sizin təlimdə hətta valideyinlər də iştirak edə bilərlər?
- Məktəb təcrübəsində elə bir sahə yoxdur ki, psixoloqun iştirakı tələb edilməsin. Bununla bağlı onlar hər bir suala lazımi cavab ala, o cümlədən praktik həlli yollarını öyrənə bilərlər. Yalnız əmək haqqı məsələsi istisna olmaqla, çünki bu yalnız müvafiq dövlət qurumlarının səlahiyyətlərinə daxildir.
Müasir təhsil hər bir valideyndən övladının psixoloji xüsusiyyətlərinə bələd olmağı, əgər varsa onun problemlərinin aradan qaldırılması üçün səy göstərməyi tələb edir. Həmçinin, hansısa valideynin övladı ilə bağlı sualları ola bilər. Çalışacağam ki, operativ diaqnostikaya vaxt ayırım, bəzi məsləhətlər verim. Bir neçə problemli uşağın, məktəblinin iştirakı da praktik baxımdan əhəmiyyətlidir.
- Br neçə gündür elan olunmasına baxmayaraq sizin təliminizə Gəncə və ətraf rayonlarda işləyən müəllim və təhsil idarəedicilərinin böyük marağının olduğunu öyrəndik. Sizcə bunun səbəbi nədir ?
- Mənim adım təhsil işçilərinə az-çox tanışdır. İllərdir ki, təhsil tədqiqatları aparmaqla yanaşı, kurikulum təlimlərində iştirak edirəm. Telefiziya və radio proqramlarında, sosial şəbəkələrdə gərəkli bildiyim məsələlərlə bağlı psixoloji maarifləndirmə aparmağa çalışıram. Təhsil işçiləri məni, eləcə də bir çox elmi-praktik əsərlərin müəllifi kimi tanıyırlar.
2001-ci ildən məktəbdə psixoloji xidmətin təşkilinin yaxşılaşdırılması sahəsində fəaliyyət göstərirəm. Azərbaycanın müstəqillik qazanmasından sonra yaranmış boşluğu nəzərə alaraq 2003-cü ildə rəhmətlik prof. Ə.Ə.Əlizadə, prof. R.İ.Əliyevlə birgə "Təhsil sistemində psixoloji xidmət haqqında Əsasnamə” hazırladıq. 2006-cı Respublikada ilk dəfə olaraq məktəbdə bu işin təşkilinin istiqamətlərini, psixoloqun peşə fəaliyyətinin xüsusiyyətlərini izah edən "Psixoloji xidmət. I kitab. Psixoloji xidmətin əsasları” adlı dərs vəsaitim nəşr olundu. 2008-ci ildə II hissə -Psixoprofilaktika, 2012-ci ildə III hissə - Psixodiaqnostika adlı geniş həcmli əsərlərim nəşr olunub. 2015- ci ildə "Məktəb psixoloqu” adında metodik vəsait 1000 nüsxə ilə çap olunub. Bunlarla yanaşı, "Məktəbəhazırlığın psixoloji əsasları”, "Beşyaşlı uşaqların məktəbə hazırlığının psixodiaqnostikası, "Yeniləşən təhislin psixoloji problemləri”, "Uşaq psixologiyası”, "Şəxsiyyət və cəmiyyət”, "Eksperimental psixologiya” və d. əsərlərim nəşr olunub. Təhsil İnstitutundakı sonuncu elmi tədqiqat işimin mövzusu belə idi: "Psixologiya ixtisası üzrə təhsil alan tələbələrdə peşə səriştələrinin formalaşdırılmasının elmi-praktik əsasları”. Göründüyü kimi, adını çəkdiyim, eləcə də çəkə bilmədiyim əsərlərin hər biri təhsildə psixoloji xidmətin təşkilinin yaxşılaşdırılmasına xidmət edir. İctimai rəylər də göstərir ki, necə il əvvəl nəşr edilməsinə baxmayaraq tələbat daha da artıq. Hazırda IV kirtab – "Vizualizasiya: NLP və terapiya”, "V kitab -Psixokorreksiya” adlı əsərlərim də nəşrə hazırdır. Respublikanın 30-a yaxın rayonunda kürikulum təlimlərində, monitorinqlərdə, bölmə iclaslarında iştirak etmişəm. Harada oluramsa olum, məktəb psixoloqları ilə tanış olmağa, ünsiyyət qurmağa, heç olmazsa, qısa da olsa məsləhət verməyə, yardım göstərməyə çalışıram. Bildiklərimi, öyrəndiklərimi paylaşmaq mənim təbiətimdədir. Görünür, bunun üçün yaranmışam.
- Müəllimlərə, məktəb psixoloqlarına və təhsil işçilərinə sözünüz .....
- Nə qədər ki, təhsildə psixoloji biliklər geniş şəkildə tətbiq edilmir, məktəbdə psixoloqun rolu lazımi səviyyədə dəyərləndirilmir, psixoloq məktəbin rəhbərlərindən biri kimi qəbul olunmur, problemlərimizin həlli də çətin olacaq. Psixoloji bilik bizə, lik növbədə özümüzü və başqalarını dərk etməyə, qarşılıqlı münasibətərimizi tənzimləməyə, bir sözlə, həyatımızı mənalandırmağa xidmət edir. Mən bu elmi sevirəm. Həyatda nail olduqlarımın hər birinə görə psixologiya elminə borcluyam. Ona görə də gücüm catan, ünüm yetən qədər Respublikamızda onun təbliğinə çalışacağam. İnsanlar onun nəyə qadir olduğuna, insanda nə qədər dəyişmələr yarada bildiyinə əmin olmalıdırlar.
İndiyəcən harada oluramsa olum, hansı auditoriyada çıxış edirəmsə, edim, insanlardan ayrılmaq mənim üçün çətin olub, çünki o qısa görüşlərdə belə, onlarla bütövləşə bilmişik. Əminəm ki, Gəncədə də belə olacaq. Bütövləşməyə hər bir vətəndaşımızın tələbatı var. Bütövləşək ki, dünyaya bütöv görünək, güclü görünək, məzmunlu görünək. Görüşənədək.
Mənə vaxt ayırdığınıza görə saytınızın əməkdaşlarına təşəkkürümü bildirirəm. İşinizdə uğuralr diləyirəm!
-Biz də sizə Aztehsil.com saytı adından uğurlar arzulayırıq.
Aysel. http://mail.aztehsil.com/
P.S.Təlimdə müəllimlər, məktəb direktorları, direktor müavinləri ,məktəb psixoluqları, gələcəkdə bu işdə işləmək istəyənlər, bir sözlə təhsil işçiləri iştirak edə bilərlər. İştirak edən hər bir təhsil işçisinə SERTİFİKAT təqdim olunacaq.
Təlimdə iştirak etmək istəyənlər aşağıda göstərilən əlaqə nömrələrinə və E-mail ünvanına müraciət etməklə qeydiyyata düşə bilərlər.
Mobil: 050-208-99-17 E-mail: [email protected]