İrəli sürülən təklif müsbətdir -EKSPERT
"İntellektual yarışların ictimaiyyətə daha çox çatdırılması, şagirdlərin elmə, biliyə marağını artıracaq”.
Son illərdə Azərbaycan məktəblərində məktəbdən kənar fəaliyyət olduqca aşağı səviyyədədir.
Hər kəs məktəblilərin nitq qabiliyyətindən, onların özlərini ifadə etmək bacarıqlarının aşağı olmasından şikayətlənir. Bunun ilkin səbəbi şagirdlərin mütaliə etməməsidirsə, digər səbəbi isə onlara özünü ifadə etmək imkanlarının verilməməsidir:
"Bu kimi məsələlərin həlli istiqamətində kütləvi informasiya vasitələrinin üzərinə böyük yük düşür. Lakin ölkədə fəaliyyət göstərən televiziya və radio orqanlarına baxdıqda görürük ki, intellektual proqramların sayı yox dərəcəsindədir. Yalnız AzTV-də və İTV-də məktəb şagirdləri üçün intelektual verilişlər yayımlanır. Halbuki, əvvəllər digər kanallarda da bu kimi verilişlərin sayı kifayət qədər çox idi. Bu səbəbdən də bu gün kütləvi tədbirlərdə şagirdlər çıxış etmək istəmirlər, utanırlar. Amma onlara oxuduqları məktəbdə bu şərait yaradılsa, mütəmadi olaraq intellektual oyunlar məktəb rəhbərliyi tərəfindən həyata keçirilsə, şagirdlər özlərinə qarşı olan inamsızlığı dəf edərlər. Hətta bunu hər həftə etmək lazımdır”.
Təkliflə bağlı münasibət bildirən təhsil eksperti Nabatəli Qulamoğlu istənilən yarışın təhsil üçün dividend gətirdiyini deyib.
Onun fikrincə, yarışlar nə qədər çox olarsa, nəticəsi də o qədər yüksək olar:
"Məsələ ondadır ki, bizdə yarışlar əsasən olimpiadalar şəklində keçirilir. Tam məsuliyyətlə deyirəm ki, indiki olimpiadaların təşkili əvvəlkindən xeyli fərqlənir. Həm obyektivlik, həm də əhatə dairəsi baxımından olimpiadalarda xeyli irəliləyiş var. İrəli sürülən təklif müsbətdir. İntellektual yarışların ictimaiyyətə daha çox çatdırılması, şagirdlərin elmə, biliyə marağını artıracaq.
Birinci növbədə, yeniyetmələr özlərini göstərməyə həvəsli olacaqlar və yarışlarda daha yaxşı nəticə əldə etmək üçün dərsləri dərindən mənimsəməyə, əlavə bilik əldə etməyə çalışacaqlar. Düzdür, bütün intellektual yarışları normal hesab etmək olmaz. Yarışların tam obyektiv olması əsas şərtlərdəndir. Hətta ayrıca təhsil televiziyası yaradılsa və həmin telekanalda bilik yarışları təşkil edilsə, daha məqsədəuyğun olardı”.