AzTehsil.com


Xəbərlər
12 aprel 2017
3 450


“Qələbəyə doğru” intellektual yarış keçirilib



“Qələbəyə doğru” intellektual yarış keçirilib

 

Aprelin 11-də IV Uşaq Forumunun regional seçim turu və "Qələbəyə doğru” intellektual yarışı keçirilib. Zaqatala Rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə region üzrə 6 rayon – Zaqatala, Balakən, Qax, Şəki, Oğuz və Qəbələdən olan şagirdlər iştirak ediblər.
 
Ənənəvi olaraq hər il keçirilən "Qələbəyə doğru” intellektual yarışının qalibi Zaqatala məktəblilərinin komandası olub.
 
Forumda iştirak   edəcək uşaqların seçilməsi məqsədilə keçirilən regional  görüşdə hər  bir rayon üzrə öz  fəallığı və  intellektual səviyyəsi ilə seçilən, fikirlərini sərbəst şəkildə ifadə edə bilən uşaqlar seçiləcək.
 
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu, UNICEF və Təhsil Nazirliyi ilə birgə həyata keçirilən Forumun əsas məqsədi uşaqların öz hüquqları ilə bağlı qərarların qəbul edilməsində iştirakını təmin etmək, uşaqlara öz problemləri ilə bağlı təşəbbüslərlə çıxış etmək və təkliflər vermə imkanı yaratmaq, həmçinin ictimaiyyətin diqqətini uşaq hüquqlarının qorunmasına yönəltməkdir.
 

“Qələbəyə doğru” intellektual yarış keçirilib

 

Qeyd edək ki, Forumlar ölkə üzrə bütün şəhər və rayonları təmsil edən uşaqların iştirakı ilə keçirilir. Ötən müddət ərzində Forumlarda iştirak edən uşaqlar tərəfindən səsləndirilən bütün təkliflər hökumət tərəfindən hazırlanan müxtəlif  proqramlarda öz əksini tapıb. Forum həm də əsas verir ki, hər bir uşaq onu düşündürən, narahat edən məsələləri dilə gətirsin, problemlərin birgə həlli yollarını araşdırsın. Məhz bu Forumlar uşaqların öz bacarıqlarını nümayiş etdirmək üçün bir vasitəyə çevrilib. Həmçinin, Forum uşaqların ictimai fəallığının artırılmasında, iştirak hüququnun təmin edilməsində və liderlik keyfiyyətlərinin  formalaşmasında mühüm əhəmiyyətə malikdir.
 

“Qələbəyə doğru” intellektual yarış keçirilib

 

Seçim turlarında fərqlənən komandalar final yarışında iştirak hüququ qazanacaq. Yekun olaraq isə seçim turlarında qalib olmuş komandaların Bakı şəhərində final yarışı təşkil ediləcəkdir. Hər bir şəhər və rayonu təmsil edən komandada dünyagörüşü və intellektual səviyyəsi yüksək olan 5 nəfər məktəbli iştirak edəcək. Final yarışında I, II, III yerin qalibləri olan komandalar müxtəlif hədiyyələrlə  mükafatlandırılacaqlar.
 

“Qələbəyə doğru” intellektual yarış keçirilib

 

Vüsalə Bədəlova(Zaqatala-Balakən təhsil şöbəsi, ictimaiyyətlə əlaqələr üzrə məsul şəxs)



Загрузка...