AzTehsil.com


Xəbərlər
12 aprel 2017
3 069


"Müstəqllikdən sonra təəssüf ki, ölkədə məktəbəqədər təhsil müəssisələrinin sayı azalıb"



"Müstəqllikdən sonra təəssüf ki, ölkədə məktəbəqədər təhsil müəssisələrinin sayı azalıb"

 

Və ya dövlətin xalqın rahatlığını təmin etmək siyasətinin bir göstəricisi 
 
"Qarşıdakı 3-4  il ərzində uşaq bağçası problemini həll edəcəyik. Çünki indi buna daha böyük tələbat var, həm əhalinin, həm də uşaqların sayı artır". Fins.az xəbər verir ki, bunu dünən keçirilən Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyev bəyan edib.  Bildirib ki, proses 1-ci mikrorayon ərazisində yeni inşa ediləcək binalardan başlanacaq: "Artıq birinci mikrorayonla bağlı layihə hazırlanıb, əminəm ki, tezliklə icra ediləcək. Orada köhnəlmiş binaların yerində yeni, müasir, gözəl memarlıq üslubunda binalar tikiləcəkdir. Mən xüsusi tapşırıq vermişəm ki, yeni tikilən, xüsusilə sökülən o binaların yerində tikilən binaların birinci mərtəbəsində mütləq ictimai yerlər, uşaq bağçası nəzərdə tutulsun. Beləliklə, bu yolla tikilən 75 binanın hər birinin birinci mərtəbəsində uşaq bağçası olacaqdır. Bu da Bakının uşaq bağçası ilə bağlı mövcud olan probleminin həllinə müsbət təsir göstərəcək". 
 
Prezident vurğulayıb ki, bu yolla hökumət gələn 3-4 il ərzində uşaq bağçası problemini həll edəcək. "Çünki indi buna daha böyük tələbat var, həm əhalinin, həm də uşaqların sayı artır. Eyni zamanda, iş yerləri yaradılır. İndi bir çox hallarda ailədə hər iki valideyn işlə təmin edilir. Ona görə, bizdə uşaq bağçalarına çox böyük ehtiyac olacaqdır". 
 
İ.Əliyev vurğulayıb ki, yerli icra hakimiyyətləri bağça tikməklə bağlı sahibkarlara tövsiyə verməlidirlər: "Uşaq bağçasının tikintisi üçün xüsusi yer  ayrılmalıdır. Amma ən yaxşı variant odur ki, yeni tikilmiş binalarda mütləq uşaq bağçası olsun. Tikintiyə icazə verənlər də, yerli icra orqanları da sahibkarlara mütləq bax, bu tövsiyəni versinlər".
 
Bəs görəsən prezidentin bu tapşırığı bu sahədə olan problemləri aradan qaldıra biləcəkmi? Belə binların tikilməsi üçün imkan varmı?  Suallarımızı ekspertlərə ünvanladıq. 
 
Prezidentin bu məsələyə  xüsusi diqqət yetirməsi təqdirəlayiq haldır
 
Təhsil eksperti Nadir İsrafilov açıqlamasında bildirdi ki, məktəbəqədər təhsil müəssisələri  ilə bağlı  müəyyən problemlərin olduğu danılmaz faktdır: "Uşaqların məktəbəqədər təhsili ilə bağlı  təhsilə dair dövlət strategiyasında  qeyd olunur ki, bu proses 2020-ci ilə qədər 90 faiz şagirdi əhatə etməlidir. Burada bir illik icbari təhsil nəzərdə tutulur. Məktəbəqədər təhsil əsasən məktəbəqədər təhsil müəssisələrində həyata keçirilir. Lakin belə müəssisələrin sayı kifayət qədər olmadığından onların bir qismi məktəblərdə həyata keçirilir. Bu baxımdan, Azərbaycanda belə binalara böyük ehtiyac var. Xeyli sayda əlavə bina tikilməlidir ki, strategiyadan irəli gələn vəzifələr həyata keçirilsin. Bu məsələlər Milli Məclisdə də məktəbəqədər təhsil haqqında qanunun müzakirəsində gündəmə gətirildi. Bir sıra investorlar belə müəssisələrin tikilməsi ilə əlaqədar məsələ qaldırıldı. Lakin bəzi məsələlər yenə də öz həllinə qovuşmadı. İndi məsələyə prezident səviyyəsində toxunulması problemin ciddiliyindən xəbər verir”.
 

"Müstəqllikdən sonra təəssüf ki, ölkədə məktəbəqədər təhsil müəssisələrinin sayı azalıb"

 

Ekspertin fikrincə, ölkəmizdə məktəbəqədər təhsil müəssisələrinin sayı 90-cı illərlə müqayisədə xeyli aşağı düşüb: "Müstəqillik əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi təhsil sahəsində də müəyyən boşluqlar yarandı. Elə həmin ərəfədə belə müəssisələrin təxminən 300-ə qədəri özəlləşdirilməyə çıxarıldı. Müəssisələrin əksəriyyəti öz istiqaməti üzrə fəaliyyətini dayandırdı. Nəzarətin lazımi səviyyədə həyata keçirilməməyi ucbatından bu binaların müəyyən qismi sökülərək, yerində şadlıq sarayları və göydələnlər tikildi. Bu kimi səbəblər günümüzdə bu problemi aktual edib. Problemi aradan qaldırmaq üçün ilk növbədə belə binaların sayı artırılmalıdır. Hələ sovet dönəmində bağçalar üçün nəzərdə tutulan  ayrıca ərazilər var idi. Bu müəssisələrdə uşaqların istirahəti, əyləncəsi  üçün ərazi var idi. Lakin indi Bakıdakı  sıxlığı nəzərə almaq lazımdır. Əsas məsələ ondan ibarətdir ki, yeni tikilən müəssisələrdə uşaqların fiziki sağlamlığı, açıq havada olması üçün şərait yaradılsın”. 
 
N.İsrafilov bəzi vacib məqamları da  qeyd etdi: "Yaxşı olardı ki, bağçalar xüsusi hasarlanmış geniş ərazilərdə fəaliyyət göstərsinlər. Amma indiki vəziyyətdə bu, bir qədər çətindir.  Hesab edirəm ki, yeni tikilən əksər binaların birinci mərtəbəsində olan market və ofisləri yuxarı mərtəbələrə köçürməklə problemi aradan qaldırmaq olar. Bu binalarda məktəbəqədər təhsil müəssisələrinin yerləşdirilməsi daha məqbul sayılar. Yəni əslində bu da vəziyyətdən bir çıxış yolu kimi qəbul oluna bilər. Yəqin ki, bu kimi məsələlər layihə zamanı  nəzərdə tutulacaq. Bu gün strategiyadan irəli gələn məsələləri həll etmək üçün  mindən artıq belə müəssisə tikilməlidir ki, tam  təmin olunsun. Çünki bu, həm də sosial problem də yaradır. Məsələn, elə analar var ki, öz uşaqlarını uşaq bağçalarının azlığından bağçaya qoya bilmirlər. Bu zaman uşaqlara baxmaq problemi də yaranır. Məcbur qalan analar bəzən işdən çıxırlar. Bu kimi problemlər , bu istiqamətdə müəyyən addımlar atılmasını məcburi edir. Prezidentin bu məsələyə xüsusi diqqət yetirməsi təqdirəlayiq haldır”.  
 
Hər bir binada bağçanın olması valideynlərin bu kimi problemlərini aradan qaldırmış olacaq
 
 

 


Əməkdar müəllim Almaz Həsrət də hesab edir ki, bu addım təqdirəlayiq bir haldır və yalnız alqışlana bilər: "Hər binanın altında bağçanın tikilməsi o deməkdir ki, atılan bu addım  həmin bina sakinlərinin  rahatlığı naminədir. Bu həm də dövlətin xalqın rahatlığını təmin etmək siyasətinin bir göstəricisidir. Fikrimcə, bu tapşırığın icrasının tez bir zamanda həyata keçirilməsi daha məqsədəuyğun olardı. Çünki həmin binaların birinci mərtəbəsində bağçaların olması və binada yaşayan azyaşlı uşaqların öz binasında məkətəbəqədər təhsil alması həmin uşaqların valideynlərinin narahatlıqlarını və problemlərinin böyük bir hissəsini aradan qaldıracaq. Çünki elə ailələr var ki, valideyn öz övladını təkbaşına böyüdür. Yaxud da ana və ata hər ikisi işləyirlər. Belə ailələrdə evdən uzaqda olan bağçalara uşaqların aparıb-gətirilməsində xeyli problemlər olur. Bunun üçün müəyyən yol xərci çəkilir, vaxt gedir. Amma hər bir binada bağçanın olması həmin valideynlərin bu kimi problemlərini aradan qaldırmış olacaq. Məktəbəqədər təhsil müəssisələrinin problemlərinin çox qısa zaman ərzində və şəffaf şəkildə həllinə qovuşması üçün görülən tədbirlər sevindirici haldır”.
 
kaspi.az



Загрузка...