Aztehsil.com xəbər verir ki, məsələ ilə bağlı təhsil üzrə ekspert Nadir İsrafilov "Cümhuriyət” qəzetinə bildirib ki, Dövlət İmtahan Mərkəzinin təşəbbüsü ilə imtahanların qiymətlərinin müəyyən edilməsi heç də birmənalı qarşılanmadı, bütün səslənən fikirlər mənfi olub: "Bu məsələ təhsildə gündəmə gətirdiyimiz problemlərlə heç cür uzlaşmır. Azərbaycanda ali təhsillinin sayının artırılması məqsədi daşıyırsa, buna adekvat addımlar atılmalıdır. Elə ölkələr var ki, onlarda adambaşına düşən təhsillinin sayı xeyli aşağıdır. Amma həmin ölkələrin iqtisadiyyatı, təhsil nailiyyətləri daha yüksəkdir. Bu məsələ bununla ölçülmür. Ali təhsillilərin sayının artırılması məqsədilə ilkin addımlar artıq atılıb. Məzunların ali məktəbələrə iki dəfə imtahan vermək şansı qərarlaşıb. Növbəti dəfə isə bunun 3-4 dəfəyə qaldırılması, eləcə də universitetlərin nəzdində hazırlıq kurslarının açılması nəzərdə tutulur. Müvafiq balı toplaya bilməyənlər həmin kurslar vasitəsilə ali məktəbə daxil ola biləcəklər. Bu cür addımlar müsbət qarşılana bilər. Bu təhsilin əlçatan hissəsinin bir tərəfidir. Narazılıq yaradan bunun maddi tərəfidir ki, bu da əlçatan olmalıdır. Məsələdə 40, 50, 100 manat olmaqla maddi tərəf gündəmə gəlib. Bu isə heç də ictimaiyyət tərəfindən məqbul qarşılanmır.
Azərbaycanda qəbula sənəd vermək rüsumu 2 manat idi. Məleykə Abbaszadə bir müddət əvvəl açıqlama vermişdi ki, hər tələbənin imtahanı 25 manata başa gəlir. Yaxşı, bunu da qəbul elədik. Ümumi qiymətlə götürsək, 2 manatı 5 və ya 7 manata qaldırmaq daha yaxşı olardı. 100 faizli artım haradan çıxdı? Əgər təhsilin bir hissəsini əlçatan ediriksə, bunun maddi tərəfi əhalinin sosial durumuna, yaşayış səviyyəsinə uyğun deyil axı... Tələbələrin onsuz da vəziyyəti ağırdır. Bir tərəfdən xaricdə təhsilə məhdudiyyətlər qoyulur ki, ölkə daxilində təhsilə maraq çoxalsın. Xaricdə ali məktəblərdə təhsil haqqı nisbətən aşağıdır, tələbə təqaüdləri yuxarıdır, işlə təminat var. Azərbaycanda isə təhsil haqqı həddən artıq yüksəkdir. Bundan əlavə ölkəmizin dövlət təhsil ocaqlarının 80 faizi ödənişli əsaslarladır. Tələbənin bu ödənişindən başqa kirayə, dolanışıq haqqı var. Əhalinin orta əmək haqqı 150-160 manat civarındadır. İmtahan pulunu gətirib 100 manata qaldırmaq nə dərəcədə düzdür? Bir deyim var "Damara baxıb qan almaq lazımdır”. Bu qiymətlər əhalinin sosial vəziyyətilə adyekvat deyil”.
Ekspert qeyd edib ki, Dövlət İmtahan Mərkəzi bu günə qədər dövlətdən maliyyələşirdi: "Qurum publik şəxs olandan sonra maliyyəsi məhdudlaşdırılıb. Belə çıxır ki, imtahanın bir və bir neçə mərhələli olmasında məqsəd təhsilin əlçatan olması deyil, sadəcə, qazanc əldə etməsidir. Hesab edirəm ki, məsələ bu şəkildə qala bilməz. Qiymətlər heç olmazsa, 50 faiz aşağı endirilməlidir. Dövlət İmtahan Mərkəzi özü etiraf edib ki, nə qədər ixtisaslar üzrə magistratura yerləri boş qalıb. Alimlər kütləvi şəkildə azalıb. 30 yaşda bizdə alim yoxdur. 100 manata müəyyənləşən hansı elmdən, təhsilin inkişafından söhbət gedə bilər. Məsələyə mütləq şəkildə ölkə başçısı müdaxilə etməlidir. Çünki ötən dəfə də prezidentin müdaxiləsi ilə hardasa 70 minə qədər tələbəyə güzəştlər edildi. Vəziyyət bu cür davam etsə, ali təhsilə gedən kontingentin sayında nəzərə çarpacaq səviyyədə azalmalara gətirib çıxaracaq”.
qaynar.az