LDU-da “Rus dilində türkizmlər” mövzusunda elmi seminar keçirildi
2017- ci il noyabrın 28-də Lənkəran Dövlət Universitetində filologiya elmləri namizədi, dosent Əliyev Ayəddin Baldadaş oğlunun "Rus dilində türkizmlər” mövzusunda elmi seminarı keçirilmişdir.
Ayəddin müəllim qeyd etdi ki, Balkanlardan tutmuş Avropanın şimal hissəssinə, Rusiyanın ən ucqar nöqtəsi olan Yakutiyaya - Berinq boğazına, şərqdən isə Monqolustan və Çinə qədər böyük bir ərazidə məskunlaşan türk xalqları dünyanin mədəni, siyasi və iqtisadi həyatında mühüm və həlledici rol oynamışlar. Slavyan dilli xalqlarla uzun müddət qonşuluqda yaşayan ən qədim türklər rus xalqı ilə müxtəlif əlaqələrdə, xüsusilə ticarət səbəbindən tez-tez təmasda olmuşlar.
Bu münasibət və əlaqələr mədəni əlaqələrin ən bariz nümunəsi olan dillərdə öz izini daha çox saxlayır. Bəzən hər hansı bir dildə qorunub saxlanılan ən kiçik bir dil elementi çox vaxt arxeoloji materialdan daha qiymətli olur. Bu gün Rusiyanın ayrı-ayrı məmləkətlərində onlarla küçə və meydan adlarına rast gəlinir ki, onlar türk mənşəlidir. Zaman keçdikcə bu xalqların nümayəndələri qarşılıqlı şəkildə bir-birlərinin ərazilərində yaşamaqla tədricən dillərini yadırğasalar da, ad və soyadlarını qoruyub saxlamışlar. Hazırda rus dilli soyadların bir qismi türk əsillidir. (Türkizm təkcə türk mənşəli söz və ya ifadə deyil, eyni zamanda türk dilləri vasitəsilə rus dilinə keçmiş sözlər də türkizm adlanır.)
Ayəddin Əliyev Bulatnikov, Qoqol, Yermolov, Kantemirov, Kutuzov, Suvorov, Timiryazev, Turgenev, Tuxaçevski, Şeremetyev, Tarakanov, Kozlov, Boyarski, Aksakov, Baxmetov, Bulqakov, Kulakov, Miçurin, Çapaev, Şeremetyev, Şubinskiy, Koşevoy və s. kimi soyadları nümunə göstərərək, onların saylarının 300-dən artıq olduğunu söyləmişdir.
Məruzəçi -ov, -yev soyadına da münasibətini bildirərək qeyd etdi ki, rus dilçilik ədəbiyyatında -ov və -yev sonluqlarının mənşəyi ilə bağlı konkret bir məlumat tapmaq çətindir. Ancaq həmin soyadın Rysiyada məhz orta əsrlərdə meydana çıxması onun rus dilinə gəlmə olması ehtimalını artırır. Belə hesab edirik ki, Rusiyaya gəlmiş çox güman ki, imkanlı, varlı türklər sakin olduqları yerlərdə kompakt yaşamış, sonralar bəziləri ayrılaraq özlərinə yeni məhəllələr tapmışlar. Bu səbəbdən həmin məhəllə onların ağsaqqalının adı ilə adlandırılmışdır.
Rusiyada siyahıya alınma tətbiq olunanda bir nəsil və tayfaya məxsus insanlara onların başçılarının adına oba (-ov,-yev) sözü əlavə edilməklə soyad verilmiş, bu isə sonralar çoxsaylı rus soyadlarından biri kimi sabitləşmişdir. Bu gün də türk xalqları yaşayış yerlərini məhəllələrə bölərək Türkoba, Abbasoba, Kürdoba, Həsənoba, Tatoba, Ərəboba və s. adlandırırlar. Təbii ki, bu adlar türklərin yaşadığı məhəllə, Abbasın nəslinin və ya tayfasının yaşadığı yer, yurd, yuva, məhəllə və s. mənasında işlənmişdir. Əgər Aksakov deyimişsə, bu, Ağsaq kişinin nəsl və ya tayfasının yaşadığı oba, yuva, yurd, Boyarov deyilmişsə bu, varlı kişinin nəsl və ya tayfasının yaşadığı oba, yuva, yurd, İvanov deyilmişsə bu, İvan adlı kişinin nəsl və ya tayfasının yaşadığı oba, yuva, yurd deməkdir. Oba sözünün –ov və ya –yev şəklinə düşməsi isə türk dillərinin fonetik tərkibi ilə bağlıdır. B səsinin v səsinə keçməsi isə türk ləhcələrində adi haldır. Məsələn, Azərbaycan dilinin qərb şivələrində istər sözün ortasında, istərsə də sözün sonunda b-v əvəzlənməsi adi haldır.
Həmin bölgədə yaşayanlar çoban yox çovan, xəbər yox xavar, cib yox civ və s. deyirlər. Bu soyad rus dilində və onun təsirində olan keçmiş sovet respublikalarından başqa, bir də Bolqarıstanda geniş yayılmışdır. Fərqi budur ki, həm rus, həm də digər postsovet məkanlı xalqların dillərində, məsələn, Azərbaycan dilində -ov, -yev şəkilçisi vurğu qəbul etmir. Amma bolqar dilində isə həmin şəkilçi vurğu ilə tələffüz olunur. Bizə həmin soyad sonluğu rus dili vasitəsilə, rus dilinin tələffüzünə uyğun, başqa sözlə, türk dillərinnin fonetik sisteminə əks olaraq daxil olmuşdur. Çünki türk dillərində vurğu həmişə sözün sonuna düşür. -ov, -yev isə vurğu qəbul etmir. Bolqar dilində isə orijinal qalıb. Yəni Bolqarlar İva′nov yox, İvano′v və s. deyirlər.
Rus dilçiliyində ilk dəfə -ov soyadının tatar əsilli Maksudovda işlənməsi faktı da qeyd olunur. Tatarların isə rusların həyatında mühüm rol oynamaları şübhəsizdir. Azərbaycan xalqı da uzun müddət tarixdə tatar kimi tanınmışdır. Beləliklə, bu soyadın bolqarlarda vurğulu olması, rusların daha çox tatarlarla münasibətdə olması, ilk dəfə tatar əsilli şəxsdə işlənməsi, bolqarlarda geniş yayılan b-v əvəzlənməsi bizə imkan verir ki, bu soyadın türk əsilli olması fərziyyəsini irəli sürək. Məlum olduğu kimi, türk dillərində şəkilçilərin hamısı sözlərdən törəmişdir. Bunu əsas tutaraq qeyd etməliyik ki, -ov soyadı hazırda türk dillərində geniş işlənən və bir-birindən törənmə ehtimalı çox olan oba, ev, yuva sözlərinin şəkilçiləşmiş variantıdır.
Daha sonra A.Əliyev hazırda rus dilində ümumişlək söz kimi işlənən bir qrup sözün – kaban, kopeyka, tovar (tovarnost, tovarnoy, tovaroved, tovarovedenie, tovarooborot, tovaroobmen, tovaroproizvoditel), tovariş, boyar, kobur, ura, yoğurt, çexol, ştan, serqa, kofta, şkaf, tvaroq (tvorojistıy, tvorojit, tvorojitsya, tvorojnik, tvorojnitsa) utyuq, kolbasa, karandaş, kartof, arbuz, büro, kaftan, brak, denqi və s. sözlərin linqvistik təhlilini vermişdir.