Gəncədə “Türk dünyası ənənəvi uşaq oyunları festivalı” keçirilib
Gəncə şəhərində Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin, Bakı Yunus Əmrə İnstitutunun, Türkiyənin Gəncədəki Baş konsulluğunun və regional mədəniyyət və turizm idarəsinin təşkilatçılığı ilə IV "Türk dünyası ənənəvi uşaq oyunları festivalı” keçirilib.
Aztəhsil.com xəbər verir ki, mərkəzdən azərtac-a bildirilib ki, festival Bakı Yunus Əmrə İnstitutu ilə Əməkdaşlıq Memorandumu çərçivəsində təşkil edilib. Layihənin məqsədi türk dünyasının qeyri-maddi mədəni irs nümunələrinin ayrılmaz tərkib hissəsi olan ənənəvi uşaq oyunlarının həm əyləncə, həm də yarış formatında keçirilməsi, onların gələcək nəsillərə çatdırılması, müxtəlif coğrafiyada yaşayan uşaqlar arasında dostluq əlaqələrinin genişləndirilməsi, məktəblilərin yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi və milli adətlərin dəstəklənməsidir.
İndiyədək Türkiyənin Eskişəhir, Qazaxıstanın Almatı, Astana şəhərlərində təşkil olunmuş festivalda Qazaxıstan, Qırğızıstan və Azərbaycandan 100-dək 12 yaşlı uşaq, o cümlədən Gəncə, Şəmkir, Ağstafa regional mədəniyyət və turizm idarələrinin nəzdində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri iştirak ediblər.
Tədbirdə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev, Yunus Əmrə Bakı İnstitutun direktoru İbrahim Yıldırım, Azərbaycan Yazıçılar Birliyinin Gəncə şəhər bölməsinin sədri Xəzəngül Hüseynova, xarici qonaqları Amangeldı Mirzabayev, Venera Jamanova, Türkiyənin Gəncə şəhərindəki baş konsulu Orxan İşık, Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Sənan Hacıyev və başqaları festivalın türk dünyası üçün əhəmiyyətini vurğulayıb, onu dostluq və qardaşlığı tərənnüm edən hadisə adlandırıblar.
Sonda uşaqlar milli rəqslər, mahnılar və ənənəvi oyunlar təqdim ediblər.