ADU-nun Konfutsi İnstitutu Kulinariya günündə iştirak edib
Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun əməkdaşları Azərbaycan Milli Kulinariya Mərkəzinin təşkil etdiyi Kulinariya Gününə həsr olunan bayram şənliyində iştirak ediblər.
Konfutsi İnstitutu Günü çərçivəsində təşkil olunan tədbirdə "Çin mətbəxinin səkkiz ən populyar yeməyi” adlı kulinar şou- proqramı da təqdim olunub.
Aztəhsil.com modern.az-a istinadən xəbər verir ki, Pekindən dəvət olunan tanınmış baş aşpaz Li Canjuy Azərbaycandan olan həmkarları ilə Çin mətbəxində ət, tərəvəz, balıq və dəniz məhsullarının hazırlanması sirlərini iştirakçılarla bölüşüb. Yeməklərin təqdim olunması qədim Çin melodiyalarının ənənəvi bambuk fleytada səsləndirilməsi ilə müşayiət olunub və tai ci chuan gimnastika sağlamlaşdırıcı hərəkətlərdən ibarət rəqs nümayiş etdirilib. Eyni zamanda qonaqlar məşhur yaşıl Çin çayının ətrini hiss edib və Çin çay dəmləmə mərasimində iştirak ediblər.
Daha sonra Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov Çin və Azərbaycan mətbəx ənənələrinin milli mədəniyyətin mühüm tərkib hissəsi olduğunu qeyd edib. O,Azərbaycanın rəngarəng və özünəməxsus mətbəxini Çin ictimaiyyətinə təqdim etməyin Konfutsi İnstitutunun fəaliyyətinin prioritet istiqamətlərindən biri olduğunu deyib.
Tədbirdə Konfutsi İnstitutunun əməkdaşları Çin mətbəxini təqdim edib və kulinariya tədbirlərində yaxından iştirak ediblər. Qeyd edək ki, Konfutsi İnstitutunun əməkdaşları Azərbaycanda keçirilən Beynəlxalq Qəbələ mürəbbə festivalı və Xaçmaz dolma festivalının mükafatçıları
olublar.