Füzulinin qəbri dağıdılıb, Nəsiminin məzarından xəbər yoxdu - RƏSMİ
Şərq ədəbiyyatının nəhənglərindən olan Azərbaycan şairləri – İmadəddin Nəsimi və Məhəmməd Füzulinin münaqişəli bölgədə yerləşən məzarları hər zaman müzakirə mövzusu olub.
Zaman-zaman həm Füzulinin İraqın Kərbəla, həm də Nəsiminin Suriyanın Hələb şəhərində olan məzarının aqibəti, onların nəşinin vətənə gətirilməsi mövzuları gündəmə gətirilib və tezliklə də unudulub.
Həmin coğrafiya bu gün də qan çanağı olmaqda davam edir. Məzarların hazırki durumu necədir və onların Vətənə gətirilməsi nə dərəcədə mümkündür?
Aztəhsil.com xəbər verir ki, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmlər doktoru Paşa Kərimov modern.az-a açıqlamasında bu barədə ilginc məlumat verib. Onun sözlərinə görə, bu gün biz Füzulinin məzarı haqqında danışırıq, amma o məzar çoxdan yoxdur. Yol çəkilişi zamanı yerin altında qalıb:
"Bəzi adamlar istəyir ki, Nəsimi və Füzulinin məzarları Azərbaycana gətirilsin, bəziləri isə əksinə… Məzarların gətirilməsini istəyənlərin məramı məlumdur – istəyirlər ki, böyük mütəfəkkirlərin məzarları Vətəndə olsun.
Əksinə söyləyənlərin də məqsədi məlumdur – onlar istəyirlər ki, həmin şairlərin məzarları dəfn olunduğu torpaqlarda da bir türk nişanəsi olaraq qalsın. Füzulinin qəbri hələ Səddam Hüseynin vaxtında yolun altında qaldı.
Təkcə məzar daşını gətirib məlum yerə - İmam Hüseyn məqbərəsinin yaxınlığında qoydular. Məlum siyasi hadisələrdən sonra o daşın üzərində xoşagəlməyən qeydlər edilib. Üzərində yazılıb ki, ərəb, fars, türk və kürd dillərində yazan bir sənətkardır.
Bunu da başa düşmək olmur; yəqin, siyasi hadisələrlə bağlıdır. Təəssüf ki, qəbir daşının üstündə belə bir yazı var. Amma bu dövrandır, biri gələr, biri gedər və o yazılar da dəyişilə bilər.
Əsas məsələ budur ki, onun qəbiri çoxdan yerin altında qalıb. Salınan yol üzərindən keçirdi deyə, o da yer altında qalası oldu. Bu faktı bilmirəm niyə demirlər. Yalnız daşı saxlayıblar. Onu da özlərinə uyğun şəkildə redaktə ediblər.
Açığını deyirəm, İraqda Füzulinin qəbri normal şəraitdə olsaydı, mən məzarın orada qalmasının tərəfdarı olardım. Çünki orada da bir türk varlığını təsdiqi kimi nişanə olmalıdır”.
Füzulinin məzarının aqibəti və nə zamansa Vətənə gətirilmə ehtimalının olub-olmamasından danışan Paşa Kərimov Nəsimi ilə bağlı da eyni fikirdə olduğunu bildirib.
Qeyd edək ki, Nəsiminin məzarı bu gün gərgin münaqişələrin, qanlı çəkişmələrin məskəni olan Hələb şəhərindədir. Lakin alim Nəsiminin məzarının aqibətini Füzulinin məzarı kimi olmayacağını deyir:
"Nəsiminin qəbri Türkiyəyə yaxın olan ərazidədir. Bu, onun təhlükəsizliyinə yardımçı ola bilər. Çünki indiki dünyada hər şey siyasi güclə ölçülür.
Əfqanıstanda olarkən orada Nəvainin qəbrini ziyarət etdim. Həmçinin, Babur şahın da Kabildəki məzarına baş çəkdim. Bu iki böyük şəxsiyyətin məzarının Əfqanıstanda olmasının oradakı yerli türk əhalisi üçün böyük əhəmiyyəti var.
Çünki türkləri orada sıxışdıran siyasi qüvvələr çoxdur. Amma onlar bu məzarları özlərinin ziyarət yerlərinə çeviriblər. Bir xalq üçün yad ərazidə belə şeylər də lazımdır. Çünki nə zamansa sıxışdırılanda onlara istinad edərək desinlər ki, biz buraların sahibi olanda siz harada idiniz? Mən bunun tərəfdarıyam.
İndi o torpaqlar uğrunda elə qızğın münaqişələr gedir ki, Azərbaycan tərəfini də başa düşmək olar. Bax, bizim siyasətçilərimiz bunun üçün nə etsinlər?!Azərbaycan siyasətçisi bu məsələyə heç bir müdaxilə edə bilmir.
O ərazilər hazırda böyük şahmat taxtasıdır. Bu saat oralarda qızğın münqişə, böyük oyunlar gedir. Məzarların orada qalması təhlükəli olsa da, mən bunun tərəfdarıyam”.
Nəsiminin Hələbdəki məzarı...
Füzulninin Kərbəlada qəbir daşı...