“Yazıçılarımız nə vaxtsa, Yaradıcılıq Evinə gedəcəklər, hələlik isə gözləyirik”
ABŞ, Hollandiya, Türkiyə, Norveç, Finlandiya və s. ölkələrdə şair, yazar, rəssam, bəstəkar üçün nəzərdə tutulan Yaradıcılıq Evləri onların fəaliyyətinə, fiziki və mənəvi sağlamlığına həddindən artıq müsbət təsir göstərir. Bir neçə aylıq, hətta illik məzuniyyət götürə bilən yazıçılar bu evlərdə yaşayıb-yaradırlar.
Sovet dövründə də bütün dünyada məşhur olan Yaradıcılıq Evləri var idi. Azərbaycan yazıçıları Latviya, Rusiya, Ukrayna və s. kimi keçmiş ittifaq respublikalarındakı bu mərkəzlərə gedir və orada yaradıcılıqla məşğul olurdular.
Sonradan Azərbaycanda da bu cür Yaradıcılıq Evi tikildi. Lakin yazıçılar Şüvəlandakı Səməd Vurğun adına Yaradıcılıq Evindən bir o qədər də çox faydalana bilmədilər. Təəssüf ki, torpaqlarımız işğal olunandan sonra xeyli sayda soydaşımız məcburi şəkildə yurd-yuvalarını tərk edib paytaxta pəhan gətirdilər.
Onların yerləşdiyi binalar arasında adıçəkilən Yaradıcılıq Evi də oldu. Hazırda o binanın bir o qədər də yaxşı durumda olmadığı deyilir. Lakin yenə də yazıçılarımız üçün bu Yaradıcılıq Evindən faydalanmaq imkanı yaranacaqmı?
AYB-nin birinci katibi, xalq şairi Fikrət Qoca Moderator.az-a açıqlamasında gözləmə mövqeyində olduqlarını bildirib:
"Bizdə də Yaradıcılıq Evi var. Hazırda orada məcburi köçkünlər yerləşdirilib. Torpaqlar işğal olunanda Bakıya gələn məcburi köçkünlərə biz müvəqqəti sığınacaq kimi o yeri verdik. Hələ oranı boşaltmayıblar. Biz də gözləyirik.
Bir neçə ildir ki, qaçqınlar üçün yeni yaşayış yerləri tikilir və onlar oraya köçürülür. İndi görək, oradakı məcburi köçkünlər üçün də belə bir imkan yaradılsa, oradan yeni mənzillərə köçərlər. Güman edirik ki, nə vaxtsa ora da boşalacaq.
Çünki bizim yazıçılarımızn özü də bu saat pis vəziyyətdədir. İstirahət edəcək yerləri yoxdu. Amma orada məskunlaşan məcburi köçkünlər də bizim vətəndaşlarımızdı. Onlara heç nə deyə bilmərik! Sadəcə, gözləməliyik!”