“Facebook” siyasi reklam qaydalarını dəyişəcək
"Facebook” şirkətinin rəhbərliyi 2018-ci ilin noyabrında ABŞ Konqresinə keçiriləcək ara seçkilərə qədər reklamlarla bağlı qaydalarına dəyişiklik etməyə hazırlaşır.
Aztəhsil.com xəbər verir ki, bu barədə sosial şəbəkənin proqramlar üzrə direktoru Mayk Şropfer bildirib.
"Biz hazırda bütün bu məsələlər üzərində çalışırıq və işləri yaxşılaşdırmağa böyük diqqət ayırırıq”, - deyə o, söyləyib.
M. Şropfer deyib ki, dəyişikliklər etmək asan deyil, çünki "Facebook” çox böyük şəbəkədir. Hazırda onun 2 milyard istifadəçisi və 5 milyon reklam verəni var. Bu səbəblə, şirkət leqal reklamdan imtina etmək fikrində deyil.
"Biz texniki qərarları aktiv test edirik, çünki bənzərsiz şəraitdə çalışırıq”, - deyə M. Şropfer əlavə edib.
Xatırladaq ki, "Facebook” Rusiya hökuməti ilə əlaqəli səhifələrin ABŞ-dakı prezident seçkilərindən əvvəl "Facebook”da siyasi reklamlar yaydıqlarını təsdiqləyib və bu barədə məlumatları Konqresə təqdim edib. Şirkət reklamları yoxlamaq üçün 1000-dən çox əlavə işçi götürüb.