Tarixçi alimdən partiya sədrinin sözlərinə DƏSTƏK
Dilavər Əzimli: "Qərb və Rusiya tarixən Turan dünyasının məhvində maraqlı olub”.
"Azərbaycan ərazilərinin bütövləşməsi Turanın yaranması deməkdir”.
Aztəhsil.com xəbər verir ki, Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev moderator.az saytına müsahibəsində uzun əsrlər boyu ruslar və anqlosaksların türk dünyasını parçalamağa cəhd etdiyini, Osmanlı imperiyasına gücləri çatmadıqları üçün ən çox Azərbaycana təzyiq göstərdiklərini vurğulayıb.
Partiya sədrinin sözlərinə görə, məhz bu səbəbdən də Azərbaycan türk dünyasının ən çox torpaq itkisinə məruz qalan dövlətidir.
Məsələ ilə bağlı açıqlama verən Bütöv Azərbaycan Ocaqlarının ideologiya üzrə başqan müavini, tanınmış pedaqoq, tarixçi alim Dilavər Əzimli türk dünyasına yönəlik hücumlarda Qərbin və Rusiyanın maraqlarının üst-üstə düşdüyünü, ərazimizin bir neçə yerə bölündüyünü təsdiqlədi:
"XVIII əsrdən başlayaraq Türk dünyasının faciəsi başladı. Buna qədər Avropa dövlətləri həyata keçirdikləri məkrli planlar əsasında Türk dünyasının iki imperiyası olan Azərbaycan Səfəvilər dövləti ilə Osmanlı imperiyasını toqquşdura bildilər. Bu zamana qədər isə o biri türk dövlətləri sıradan çıxmışdı. Azərbaycan Səfəvilər dövləti də süqut etdikdən sonra Türkün bir qalası-Osmanlı imperiyası qaldı. Bütün Avropa dövlətləri və Rusiya Osmanlı üzərinə yeridilər. Sonunu da bilirsiniz.
Təbii ki, bu proseslər nəticəsində Azərbaycan bir neçə yerə parçalandı. Tarixi Azərbaycan ərazilərində Ermənistan, Gürcüstan yaradıldı. Ərazimizin bir hissəsi Rusiyanın tərkibinə qatıldı. Ən böyük ərazimiz də İran Fars rejiminin hakimiyyəti altına düşdü. Bu məsələdə Avropa və Rusiya dövlətlərinin, o cümlədən ABŞ-ın maraqları üst-üstə düşürdü.
Əsas məsələ Turan dünyasını məhv etmək idi. Bunun yolu təbii ki, ilk növbədə Azərbaycan ərazilərinin parçalanmasından keçirdi. Çünki Azərbaycan türk dünyasını birləşdirən bir ürək idi. Yəni, bu ürəyi ələ keçirməklə türk dünyası parçalanırdı. Demək, baş verən proseslər nəticəsində bütün türk dünyası ziyan çəkdi.
Bu gün bu mənada Azərbaycanın birləşməsi məsələsində həmin dövlətlər eyni maraqdan çıxış edir və qarşısını almağa çalışırlar. Çünki Azərbaycan ərazilərinin bütövləşməsi Turanın yaranması deməkdir. Amma bu proses qarşısıalınmaz prosesdir və inanırıq ki, nə zamansa həyata keçəcəkdir".