Ziyalı xalqın arxasınca yox, qabağında gedən şəxsdir. Bu baxımdan tanınmış iqtisadçı professor, hörmətli ziyalımız Saleh Məmmədovun qaldırdığı məsələ xalqın gələcəyi ilə bağlıdır. Professor təklif edir ki, "türk (azərbaycan ləhcəsi), ingilis və rus dillərinin rəsmi dövlət və ya ünsiyyət dili elan olunsun”. Bu təklifin əsası varmı? Məncə var. Belə ki, XX əsrin əvvəllərində xalqımız bir dildən, XX əsrin ortalarında iki dildən (azərbaycan və rus) istifadə etmişdir. XXI əsrdə vətəndaşların üç dil bilməsi dövrün tələbidır. Vətəndaşlarımız lokal milli dillə bərabər, qlobal olaraq ingilis dilinin öyrənməsi günün tələbidir. Çünki informasiya selinin 98 % bu dildə axır. Regional əməkdaşlıq üçün isə üçüncü dil olaraq ya rus, ya çin, ya ispan və ya ərəb dillərindən istifadə etmək daha məqsədəuyğundur.
Prof. S.Məmmədov haqlı olaraq qeyd edir ki, dünyanın inkişaf etmiş ölkələrinin əksəriyyəti çoxdillidi və çoxdillilik inkişafın əsas səbəblərindən biridir. Nəzərə almaq lazımdır ki, dil öyrənmək məqsəd deyil, vasitədir.
Üç dil öyrənmək, üç avtomobil almaq qədər sadə bir şey deyil. Bu prossesi həyata keçirmək mexanizmini tapmaq Təhsil Nazirliyinin intelektual mərkəzinin vacib məsələlərindəndir. Gəncləri gələcək həyata hazırlamaq dövlətin əsas vəzifələrindən biridir. Bəs bu dilləri zamana görə təhsil sistemində necə sıraya düzmək olar?
Düşüncəmə görə məktəbəqədər təhsil müəssisələrində tədris ancaq və ancaq ana dilində olmalıdır. Yəni uşaq bağçalarında, məktəbəqədər təhsil müəssisələrində tədris Azərbaycan dilində olmalıdır. Bu sahədə qonşu gürcülərin və ya uzaq finlərin təcrübəsindən bəhrələnmək olar. Çünki onlarda özünüqoruma instinkti güclüdür. Bu sahədə bizdə vəziyyət xoşa gələn deyil. Təhsil dili cəmiyyətimizi kifayət qədər parçalayıb. Rus dilli azərbaycanlılar öz həmvətənlərinin yazdığı əsərləri, azərbaycan dilli həmvətənlərimiz isə öz qardaşlarının rus dilində yazdığı əsərləri pis oxuyurlar. Sanki bu iki toplum arasında görünməz bir çəpər var. Deməli, cəmiyyətdə yeni ideya, yeni fikir tam yox, yarımçıq yayılır. Çap olunan əsərlərin tirajı 300-500 nüsxəni keçmir. Yüz illərlə tətbiq edilən "Parçala, hökm sür!” doktrinası artıq öz işini görmüşdü.
İbtidai məktəb adlandırdığımız məktəblərə baxış tam dəyişməlidir. Bu məktəbdə təhsil sisteminin bünövrəsi qoyulur. Bu ilk məktəbdir, əsas məktəbdir, təhsil sisteminin bünövrəsidir. Bu məktəbə diqqət çox artmalıdır. Bu məktəbin üstündən "ibtidai” libasını çıxarıb tullamaq lazımdır. Biz də bu məktəbə qardaş türklər kimi "ilk okul” desək daha yaxşıdır. Bu məktəblərdə ingilis dilini də tədrisi etmək olar. Bununla bərabər müasir yeniyetmə orta məktədə üçüncü dili də öyrənməlidir. Yuxarıda qeyd edildiyi kimi bu dil rus dili də ola bilər, çin dili də. Və ya başqa dillər də ola bilər. Gələcəyə baxıb bu dilləri vacibliyinə görə daha dəqiq sıra müəyyən etmək olar.
İbtidai məktəblərdə tədris xarici dildə olan məktəblərdə əsas şərt bu məktəblərdə azərbaycan dilinin tədrisinin səviyyəsidir. Bu məktəblərdə milli dil, mədəniyyət və tarix fənləri çox ciddi və keyfiyyətlə tədris olunmalıdır. Qüsursuz dərsliklər yazılmalıdır. Yeniyetmələr başqa dildə təhsil alsalar belə, azərbaycanlı olmaları ilə fəxr etməlidirlər.
Türk dünyasının inkişafı üçün ən vacib məsələlərdən biri də ortaq türk dili problemidir. Azərbaycandan kənarda yaşayan 40 milyonluq azərbaycanlılar, 200 milyonluq türk dilli xalqlar dil və əlifba çəpərləri vasitəsi ilə parçalanıblar. Ortada fərqli düşüncə mövcuddur. Bu çəpərləri götürmək üçün siyası iradəyə ehtiyac var. Əgər bu çəpərlər götürülərsə, onda çap olunan kitabların tirajları 50-100 minlərlə olar. Onda qarşımızda tamam başqa bir türk dünyası açılar.
Mən də prof. S. Məmmədova qoşularaq, istərdim ki, bu məsələnin müzakirəsinə dəyərli ziyalılarımız qoşulsunlar. Biz çox vaxt mühüm məsələləri müzakirəyə çıxarırıq, on illərlə müzakirə edirik. Amma son nöqtəni qoya bilmirik. Arzu edərdim ki, müzakirəyə çıxardığımız bu məsələlərə son nöqtəni qoya bilək.
Prof. Şahlar Əsgərov, əməkdar elm xadimi