AzTehsil.com


Qabaqcıl təcrübə
31 may 2016
4 732


Bizim almanlardan fərqimiz nədir? Alman xalqını formalaşdıran təhsil sistemi



Alman xalqını formalaşdıran təhsil sistemiBizim almanlardan fərqimiz nədir? Alman xalqını formalaşdıran təhsil sistemi
Bizim almanlardan fərqimiz nədir? Bu sual məni uşaqlıqda dava-dava oynayanda "öldürdüyüm nemesləri” daha yaxından tanıdığım gündən düşündürməyə başlamışdır. Axı onlar da bizim kimi məktəbə gedirlər, peşəyə yiyələnirlər, çalışırlar, ailə qururlar, övlad sahibi olurlar, baba nənə olurlar və sonda dünyalarını dəyişirlər. 
Sadaladığım ömür mərhələləri eyni ardıcıllıqda baş versə də hər bir mərhələdə bizmlə almanlar arasında böyük bir fərq vardır. Hələ uşaq cağından fərqli tərbiyə olunan bu balaca almanlara həyatın bütün sonrakı mərhələlərində də başqa mühitlə şərtlənən, keyfiyyətcə daha yüksək dəyərlər aşılanır. Bütün bunların kökündə illər boyu təkmilləşmiş alman təhsil sisteminin durduğunu desəm yanılmaram. Ona görə də, bu yazıda alman orta təhsil sistemi haqqında qısa məlumat verməklə ayrı-ayrı indivudumların formalaşmasında böyük rol oynayan tədris metodikasındakı fərqli cəhətləri üzə çıxarmağa çalışacağam.
Alman dilində təhsil sözü "Bildung” yəni "Formalaşma” mənasını verir.
Sözün kökü qədimdə teoloji mənada işlənsə də, XVIII əsrin sonundan başlayaraq Wilhelm von Humboldtun təkan verdiyi sekulyar mənaya keçməyə başlayır. Humboldt təhsilə belə tərif vermişdir: "Təhsil insanın bütün daxili güclərini həyacanlandıraraq, onun dünyaya uyğunlaşması üçün inkişafına və özü təyinolunan fərdliliyə və şəxsiyyətə aparır.”
Onun təhsil konsepti biliklərin verilməsindən böyük məna daşıyır. Müxtəlif fənlər üzrə biliklər şəxsi qabiliyyətin və ictimai mühitin mədəniyyətləşmə ilə vəhdəti və həmçinin intelektuallıq ilə tamamlanır. Bu konsept hal-hazırda alman orta məktəblərində tədris metodikasının əsas sütununu təşkil edir.
Almaniyada orta təhsil 3 pillədə aparılır. İbtidai məktəb 4 ili əhatə edir. Buranı bitirən məktəblilər aldıqları qiymətlərdən asılı olaraq seleksiya olunurlar. Qiymətləri "4” –dən yuxarı (azərbaycan ball sistemi ilə) olan məktəblilər təhsillərini gimnaziyada davam etdirmək şansı qazanırlar. Bu ali məktəbə qəbul üçün vacib olan "Abitur” deyilən kamal attestatının alınmasına gedən birbaşa yoldur. Qiymətləri aşağı olanlar isə tədris planı asanlaşdırılmış şəkildə icra olunan orta məktəblərə gedirlər. Hər iki xətt üzrə 10 sinifə qədər oxuduqdan sonra buraxılış imtahanı sonuncu "Abituryent” pilləsinə qədəm qoymağı həll edir. Əlbəttə orta məktəbdən sonra "Abitur” etmək çox çətindir, bu təhsilin səviyyəsi ilə bağlıdır. 11-12-ci siniflərdə "Abituryentlər” seçdikləri profilə uyğun iki gücləndirilmiş fənn də daxil olmaqla həm humanitar, həm təbiət elmləri, həm də incəsənət sahələrini əhatə edən bir çox fənlərdən (təxminən 12 fənn) kurs şəklində dərslər keçirlər. Yəni 10-cu sinifdən sonra sinif məfhumu artıq dağılır və şagirdlər seçdikləri fənn kursları üzrə birgə dərsə gedirlər. 12-ci sinifin sonunda 5 buraxılış imtahanı və son iki ildə yığılan balların sayı əsasında "Abitur” vəsiqəsinin orta qiyməti hesablanır. Bundan sonra abituryentlər istənilən ali məktəbə daxil ola bilirlər. Qəbul kvotası mövcud olan ali məktəblərə daxilolma şansı attestatın qiytmətindən asılıdır.
İndi isə bir az tədris metodikası haqqında. Almanların fərd kimi formalaşmasında ana dili fənni əsas rol oynadığından bu sahəyə ciddi fikir verilir. Ana dili fənninin qarşısında duran əsas vəzifələr uşaqların koqnitiv, emosional və sosial inkişafından ibarətdir. Tədrisin əsasında ictimai həyatda iştirak etmək və dünyaya çıxmaq üçün vacib olan oxumaq və yazmaq mədəniyəti durur. Onu da qeyd etmək yerinə düşər ki, tədris kitablarının hazırlanmasına nazirlik nəzarət etsə də, bu iş nəşriyyatlara həvalə edilir. 2012/2013-cü illər üçün Saksoniyada təkcə ana dili fənni üzrə 40-dan çox kitab ibtidai məktəblərdə dərslik kimi istifadə olunmağa buraxılıb. Kitabların tədris planına uyğunluğu Saksoniyada təhsil nazirliyinin nəzdində fəaliyyət göstərən təhsil inkişafı institutu və orta məktəb müəllimləri tərəfindən yoxlanılır. Məktəblər dərsliyin seçilməsində sərbəstdirlər. Öz şəxsi təcrübəmizdən deyə bilərəm ki, bizim uşaqlarımız müxtəlif ibtidai məktəblərdə oxuyublar və onların ikisinin də dərsliyi fərqli olub.
Ibtidai məktəblərdə ana dilinin tədrisi iki istiqamətdə aparılır. Uşaqların yazmaq və oxumaq qabiliyyətlərini inkişaf etdirmək üçün onların sərbəst məşğuliyyətlərinə böyük diqqət yetirilir. Belə ki, uşaqlar tez-tez müəyyən mövzular ətrafında özləri mətnlər fikirləşib yazır və başqa uşaqların qarşında oxuyurlar.
Əzbərçilik qabiliyyətinin inkişafına nəzər yetirilmir (!). 4 il ibtidai məktəbdə oxuyan bizim uşaq cəmi dörd şeir əzbərləyib.
Şeirlərin seçimi çox vaxt uşaqların ixtiyarına buraxılır. Yəni onlara mövzu verilir (məsələn: payızın gəlişi), uşaqlar isə internet və ya digər mediadan öz xoşlarına gələn şeiri seçib əzbərləyirlər. Tapşırıq şeiri deməklə bitmir. İlk öncə şagird niyə məhz bu şeiri seçdiyini əsaslandırmalı, müəllif haqqında məlumat verməli və şeir demək texnikasını nümayiş etdirməlidir. Yəni şeiri deyən zaman verilən ümumi qiymət bir neçə qiymətlərin cəmindən ibarətdir. Onlardan biri də, şeiri deyən zaman özünə inamlı olmaqdır. Bu keyfiyyət olmadan əla qiymət almaq müşkül məsələdir. O həm də müxtəlif mövzular ətrafında çıxışlar zamanı əsas götürülür.
İkinci sinifdən başlayaraq şagirdlər ildə bir kitab prezentasiya edirlər. Kitabların seçimində onlar sərbəstdirlər. Yəni şagird oxuduğu istənilən kitabı götürüb 15 dəqiqəlik çıxış hazırlayır. Kitab təqdim olunduqdan sonra o kitabdan sevimli parçasını uşaqlara oxuyur. Çox vaxt çıxışın qiymətləndirilməsi sinifdəki uşaqlar tərəfindən yerinə yetirilir. Onlar çıxışdan narazı qaldıqları halda yaxşı qiymət almaq olmur. Ona görə də, uşaqlar bu işə çox məsuliyyətlə yanaşırlar, yəni kiçik yaşlarından artıq onlarda başqalarını dinləmək və dəyərləndimə keyfiyyətlərinin formalşaması baş verir. Uşaqların sərbəst yazmaq qabiliyyətini inkişaf etdirmək üçün onlar tez–tez verilmiş 2,3 söz ətrafında hekayə uydurmaq və ya başlanmış hekayəni bitirmək tapşırıqları alırlar. Sərbəst danışmaq, özünü ifadə etmək kimi keyfiyyətlərin inkişafı üçün şagirdlər 3-cü sinifdən başlayaraq müəllim tərəfindən verilmiş mövzularda plakatlar hazırlayır və onu sinifin qarşısında prezentasiya edirlər. Qrup şəklində həll edilən tapşırıqlar sinifdə uşaqların digərləri ilə birgə işləmə qabiliyyətlərini inkişaf etdirir. 
Ibtidai məktəbdə uşaqların inkişafı ümumi şəkildə aşağıdakı mərhələlərdən keçir:
- tanışlıq,
- əldə olunmuş biliklərin başqa kontekslərə keçirmək qabiliyyəti,
- biliyə yiyələnməyin rutin üsullarına malik olmaq,
- biliyi və təcrübəni praktiki tətbiq etmək,
- cism və dəyər haqqında fikir yürüdülməsi,
- situaisuyaların/tapşırıqların həlli yollarının sərbəst planlanması, icrası, nəzarəti və həmçinin bunun nəticəsində yeni interpreatisyaların inkişaf etdirilməsi.
İbtidai məktəbi bitirdikdə, son nəticədə uşaqlar ümumi biliklərlə bərabər sosial birgəyaşamın qaydaları və normalarını mənimsəmiş olurlar. Onlar təhlükəsiz hərəkət etmək, məsuliyyətə sahib olmaq, tənqidlə yola getmək və onu güc işlətmədən həll etməyə çalışmağı öyrənirlər. Bu şagirdlərdə məktəb həyatında yaşadıqları situasiyalar sayəsində öz dəyər təsəvvürü formalaşır. Əsas amillərdən biri də məktəbdə qəbul edilmək və başqalarını qəbul etməyə yiyələnməkdir. Qeyd olunanlarla bərabər uşaqlar öz sağlamlığı və təhlükəsizliyi üçün məsuliyyəti tanıyır və onu həm məktəb daxilində, həm də kənarda dərk edirlər. 3-cü sinifdə şagirdlər velosipedlə yol qaydalarına riayət etməyi yiyələnir və onlar polis idarəsinin əməkdaşları tərəfindən imtahan edilərək "sürücülük” vəsiqələri alırlar. Bu imtahana uşaqlar çox ciddi yanaşırlar. 3-cü sinifdə şagirdlərə həmçinin bir il müddətində üzmə texnikası öyrədilir. Sonda bu fənndən də imtahan verib vəsiqə almaq lazımdır. Velospied sürmək, üzmək almanların mədəni istirahətlərinin tərkib hissəsi olduğundan bu vərdişlərə yiyələnmək uşaqlar arasında vacib sayılır. İbtidai məktəbdə din fənni də tədris olunur. Əsasən xristian dini haqqında məlumat verilir. Bu dərsə getmək istəməyənlər Etika fənnini seçirlər.
Burada ibtidai məktəb təhsili haqqında qeyd etdiklərim yalnız kağız üzərində deyil, məktəblərdə dəqiq həyata keçirildiyindən ibtidai məktəbi bitirmiş alman şagirdlərinin yetkinlik dərəcəsini təsəvvür etmək çətin deyil.
Əsasını ibtidai məktəbdən götürən, ayrı-ayrı fərdlərin qabiliyyətlərini nəzərə almaq və onlara özlərini realizə etmək imkanları yaradan təhsil üsulu yuxarı siniflərdə də davam etdirilir.
Bütün təhsil sistemi haqqında yazmaq yəqin ki, bir az çox olardı, amma mən yenə də qısa da olsa dəqiq fənlər haqqında bir neçə kəlmə demək istərdim. Mənim orta məktəbdə oxuduğum dövrdə riyazi düsturları, fiziki asılılıqları, kimyəvi birləşmələri və digər uzun-uzun düsturları əzbər bilmədən hər hansı bir məsələnin həllinə əncam çəkmək imkanımız yox idi. Almaniyada isə 5-12 siniflərdə dəqiq fənlərdə keçilən formulaların hamısı bir kitabçada verilir. Şagird bu kitabçanı həm ev tapşırıqlarının, həm də sinifdə yoxlama işlərinin yerinə yetirilməsində, hətta imtahanda da istifadə edə bilir. Yəni əsas, şagirdlərin riyazi düsturları əzbər bilmələri yox, nəyi harada istifadə etmək qabiliyyətləri üstün götürülür.
Orta məktəblərdə və gimnaziyalarda bizə tanış olmayan "Sosial biliklər" adlanan fənn tədris olunur. Bu fənn ölkənin ictimai, siyasi, iqtisadi və hüquq sistemlərini müxtəlif perspektivlərdən izah edərək şagirdlərin siyasi savadının artırılmasına xidmət edir. Dərs boyu onlar individum-dövlət, dövlət idarə üsulu, diktaturanın formaları, demokratik sistemlərin xüsusiyyətləri, seçki sistemləri, dövlətin sosial strukturu və sosial dəyişikliklər, xarici və daxili siyasət və s. maraqlı mövzular ətrafında diskusiyalar aparır, müxtəlif siyasi situasiyalarda problem həlləri üzərində öz konsepsiyalarını işləyib prezentasiya edirlər. Bu yolla siyasi hazırlığı artırılmış şagirdlər yetkinlik yaşına çatdıqdan sonra seçkilərdə öz siyasi baxışlarından çıxış edərək hansı partiyaya səs vermələrinə tam hazırlanmış olurlar.
Gördüyümüz kimi Almaniya təhsil sisteminin kütlə yox, öz maraqlarını ifadə və müdafiə edə biləcək fərdlər hazırlaması aydın görünür. Orta təhsilli gənclərin nə ağsaqqal, nə də böyük məsləhətinə ehtiyacları qalmır. Məktəbi bitirdikdən sonra onlar sərbəst yaşamaları üçün lazım olan əsas biliklərə və təcrübələrə yiyələnmiş olurlar.
P.S. Yazının hazırlanmasında əsasən Almaniyada orta təhsilinin səviyyəsinə görə birinci yeri tutan Saksoniya əyalətinin təhsil sistemi əsas götürülmüşdür. Buna baxmayaraq verilən məlumatlar bütün Almaniya təsil sistemi üçün reprezentativdir.
Dr. Rezo Əliyev (Almaniya)



Загрузка...
Həmçinin oxuyun:
Təhsilvermə (təhsilləndirmə) modelləri. - Beynəlxalq təcrübə

Təhsilvermə (təhsilləndirmə) modelləri. - Beynəlxalq təcrübə

Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri

Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri

Bir daha ümumtəhsil məktəbinin strukturu haqqında

Bir daha ümumtəhsil məktəbinin strukturu haqqında

Müəllim və psixoloqların  şagirdlərin həyata baxışlarının formalaşmasında rolu

Müəllim və psixoloqların şagirdlərin həyata baxışlarının formalaşmasında rolu

Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid qaydaları

Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid qaydaları

Uşaq huquqları və vəzifələri

Uşaq huquqları və vəzifələri

Azərbaycanda təhsil sistemi və təhsil sahəsində dövlət siyasətinin prinsipləri

Azərbaycanda təhsil sistemi və təhsil sahəsində dövlət siyasətinin prinsipləri

Şagirdlərimiz nə fikirləşir?! - Pedaqoji təcrübə

Şagirdlərimiz nə fikirləşir?! - Pedaqoji təcrübə

Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları

Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları

Oyun xarakterli dərslərin şagirdlərin təfəkküründəki rolu

Oyun xarakterli dərslərin şagirdlərin təfəkküründəki rolu

Fiziki tərbiyənin mahiyyəti və məqsədi,  Fiziki tərbiyənin vəzifələri, Fiziki tərbiyənin vasitələri

Fiziki tərbiyənin mahiyyəti və məqsədi, Fiziki tərbiyənin vəzifələri, Fiziki tərbiyənin vasitələri

Sinif rəhbərləri üçün anket sorğusu - “Sən və sənin sinifin”

Sinif rəhbərləri üçün anket sorğusu - “Sən və sənin sinifin”

Sinif rəhbərləri üçün-Sinif kollektivi ilə işin təşkili

Sinif rəhbərləri üçün-Sinif kollektivi ilə işin təşkili

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Pedaqoji Sistem Və Idarəetmənin Obyekti

Pedaqoji Sistem Və Idarəetmənin Obyekti

Məktəb Psixoloqunun əmək funksiyası

Məktəb Psixoloqunun əmək funksiyası

SİNİF RƏHBƏRİ HAQQINDA ƏSASNAMƏ...........

SİNİF RƏHBƏRİ HAQQINDA ƏSASNAMƏ...........

4-cü sinif şagirdlərinə "Kalaşnikov dərsi": Bizdə də olsun

4-cü sinif şagirdlərinə "Kalaşnikov dərsi": Bizdə də olsun

Sinif rəhbəri və müəllim əməkdaşlığı

Sinif rəhbəri və müəllim əməkdaşlığı

"Təhsil Qanunu"na aid testlər və cavabları

"Təhsil Qanunu"na aid testlər və cavabları

Müasir müəllim necə olmalıdır ?

Müasir müəllim necə olmalıdır ?

Şəxsiyyətin formalaşmasında müəllim - şagird münasibətlərində 49 QAYDA

Şəxsiyyətin formalaşmasında müəllim - şagird münasibətlərində 49 QAYDA

Orta məktəblərimizin və məktəbşünaslığın aktual və təxirəsalınmaz məsələləri

Orta məktəblərimizin və məktəbşünaslığın aktual və təxirəsalınmaz məsələləri

Müəllim şagirdlərə düşündürücü, maraqlı, həyati əhəmiyyətli suallarla müraciət edərsə ....

Müəllim şagirdlərə düşündürücü, maraqlı, həyati əhəmiyyətli suallarla müraciət edərsə ....