Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsinin III kurs tələbələri-Azad Xanəlizadə, Emin Səmədli, Nigar Məmmədova və IV kurs tələbəsi Yusif Səmədov İspaniyanın Mursiya Universitetində təhsil almaq hüququ əldə ediblər. Həmin tələbələrdən Emin Səmədli və Azad Xanəlizadənin fikirlərini sizinlə bölüşürük.
Emin Səmədli: "Bu dili öyrənmək şəxsi keyfiyyətlərimizin də inkişafında mühüm rol oynayacaq”
Emin Səmədli 1996-cı ildə Sumqayıt şəhərində dünyaya gəlib. Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyində orta təhsilini başa vurduqdan sonra 596 balla ADU-ya qəbul olub. Universitetin Tərcümə fakültəsinin İspan dili ixtisası üzrə III kurs tələbəsi olan Emin Səmədli ikinci dil kimi italyan dili üzrə təhsil aldığını bildirib. Daima yeniliyi sevən, təhsilə və karyeraya yönəlmiş biri kimi hər zaman uğur qazanmağa, əldə etdiyi bilikləri daha da dərinləşdirməyə çalışan tələbəmiz, hazırda təhsilini İspaniyanın Mursiya Universitetində davam etdirir. Emin orada əlavə olaraq latın dilini öyrənir.
-İspaniyada təhsil həmişə maraq dairəmdə olduğu üçün müxtəlif təlimlərdə iştirak edirdim. Bu qəbildən olan Erasmus+ proqramı tərəfindən təşkil edilən təlimdə iştirakım və aldığım məlumatlar bu proqram barədə kifayət qədər bilgiyə malik olmağıma imkan yaratdı. Sonra müvafiq rəsmi saytda qeydiyyatdan keçdim. Tələblərə uyğun lazımi sənədləri topladım. Gərgin keçən seçim prosesinin sonunda nəticələr bəlli oldu və mən yüzlərlə tələbə arasından seçilənlərdən biri oldum. Bir müddət sonra İspaniyanın Mursiya Universitetinə qəbul olunmağımız barədə bizə məlumat verildi.
İlk hədəflərimdən biri tərcüməçi və diplomat kimi Azərbaycanı digər ölkələrdə təmsil etmək, həmçinin 25 yaşıma qədər 6 dildə tam sərbəst danışmaqdır. Bildiyiniz kimi, ispan dili dünyada 21 ölkənin rəsmi dili, 500 milyondan çox insanın ana dilidir. Bu dili öyrənmək bizə gələcək
karyeramızda yardımçı olmaqla yanaşı, şəxsi keyfiyyətlərimizin də inkişafında mühüm rol oynayacaq. Məsələn, Qabriel Qarsia Markes, Migel Servantes, Federiko Qarsia Lorka və s. kimi dünyaca məşhur ispandilli yazıçıların əsərlərini orijinaldan oxuya bilərik.
Azad Xanəlizadə: "İspan dili mənim həyatımda böyük amilə çevrilib”
1997-ci ildə Bakı şəhərində anadan olan Azad Xanəlizadə ilk təhsilini Nizami rayonunda yerləşən 229 saylı tam orta məktəbdə alıb. Uşaqlıq çağlarından dil öyrənməyə meyilli olan Azad Xanəlizadə məqsədinə çatmaq üçün ali təhsilini ADU-da davam etdirmək qərarına gəlib. ADU-nun Tərcümə fakültəsinin İspan dili ixtisası üzrə III kurs tələbəsi olan Azad Xanəlizadə ispan dilindən Azərbaycan dilinə (və ya əksinə) tərcümə nəzəriyyəsi, onun üsulları və normaları ilə bağlı biliklərini burada artırdığını söyləyib. O, ispan və ingilis dilləri ilə yanaşı, fransız dili üzrə də biliklərini zənginləşdirir. Tələbəmiz, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə keçirilmiş "İz” adlı layihənin rəhbəridir.
-Bu proqramdan xəbərdar idim. Lakin sırf ispan dilində təqaüdlü əsaslarla təhsil proqramı məni daha çox maraqlandırdığından, o cümlədən Erasmus+ proqramının bizə verdiyi fürsətlərdən kifayət qədər məlumatım olmadığından internet vasitəsi ilə İspaniya universitetləri, eyni zamanda adıçəkilən proqram ilə bağlı bütün rəsmi saytları gözdən keçirdim. Həmçinin, ADU-nun Beynəlxalq əlaqələr şöbəsinin xarici məsələlər üzrə koordinatoru Aysel Həmidzadədən belə bir proqramın mövcudluğu haqqında ətraflı məlumat aldıq. Seçim haqqında məlumat əldə etdikdən sonra gərəkli sənədləri toplamağa başladım.
Öncə rəsmi saytda qeydiyyatdan keçməli, özümüz haqqında məlumatları məhdud vaxt çərçivəsində daxil etməli idik. Qeydiyyat prosesindən bir neçə ay keçdikdən sonra nəticələr elan edildi. Seçilmiş tələbələrin siyahısı müvafiq rəsmi saytda dərc olundu.
Gələcək planlarımın böyük əksəriyyəti ispan dili ilə bağlıdır. Düşünürəm ki, tərcüməçilik sahəsinə qatılmaq üçün lazımi xüsusiyyətlərə malikəm. Məmnuniyyətlə bu sahəni davam etdirmək, tərcümə olunmamış bəzi kitabları tərcümə etmək, eyni zamanda müxtəlif mövzularda tərcüməçi kimi çıxış etmək istəyirəm. Bundan başqa, ölkəmizlə İspaniya, eləcə də digər ispandilli ölkələr arasında mövcud olan əlaqələrin möhkəmlənməsində rol oynamaq mənim üçün qürur mənbəyi olardı. Ümumiyyətlə, ispan dili mənim həyatımda böyük bir amilə çevrilib. İspan dilinin leksik tərkibinə aid yazdığım məqalə isə bu sahədə ilk uğurum idi. Növbəti iki məqaləmin nəticəsi gözlədiyimdən daha yaxşı oldu. Ümid edirəm ki, dördüncü məqaləm daha uğurlu olacaq və daha böyük kütləyə təqdim olunacaq.
Təhsil ispan dilində olduğundan vacib şərt bu dili bilməyimiz idi. Elektron şəkildə rəsmi sayta yüklənməli olan digər sənədlər sırasına isə bizim proqrama niyə seçilməli olduğumuza və bunun bizim üçün nə qədər önəm daşıdığına aydınlıq gətirən motivasiya məktubu, CV, ən azı B2 səviyyəli ispan dili sertifikatı, hər semestrdə toplanılan ballar və onlardan çıxan ortalama bal, universitetdən arayış və s. kimi sənədlər daxil idi. Həmçinin, ehtiyac duyulduğu halda "Skype” vasitəsi ilə müsahibə götürülməsi istisna olunmurdu.
Müsahiblərimiz tələbələrimizə xarici universitetlərin təqdim etdiyi təqaüd proqramları haqqında zamanında məlumat almaq üçün həmin universitetlərin beynəlxalq şöbələri ilə əlaqə saxlamağı, daim axtarışda olmağı və ADU-da yaradılan imkanlardan yararlanmağı, öz müəllimlərinin, eləcə də yoldaşlarının fikirlərini öyrənməyi, məqsədə doğru inamlı addımlar atmağı tövsiyə ediblər.
Qeyd edək ki, Erasmus + Avropa Birliyinin təhsil, təlim, gənclər və idman ilə bağlı bütün mövcud layihələrini özündə birləşdirən yeni proqramdır. Bu proqramın bir hissəsi olan Erasmus Mundus Avropa və digər bölgələrdən olan tələbələrin qarşılıqlı mübadiləsi üçün yaradılıb və Avropa Birliyi tərəfindən maliyyələşdirilir. Bu layihələrin hər birində müxtəlif Avropa universitetləri təmsil olunur. Proqramın əsas məqsədi Avropada ali təhsilin keyfiyyətinin artırılması və inkişaf etməkdə olan ölkələrlə əməkdaşlıq yolu ilə insanlar və mədəniyyətlər arasında dialoqun və qarşılıqlı anlaşmanın inkişafını təmin etməkdir.
istinad moderator.az