AzTehsil.com
RU


Xəbərlər / Ziyalılar
26 yanvar 2017
4 567


"Rəhbərlik etmək, yəni adamları öyrətmək və tərbiyələndirmək üçün gərək mənəvi haqqın olsun“



"Rəhbərlik etmək, yəni adamları öyrətmək və tərbiyələndirmək üçün gərək mənəvi haqqın olsun“

 

"Rəhbərlik etmək, yəni adamları öyrətmək və tərbiyələndirmək üçün gərək mənəvi haqqın olsun.”-Heydər Əliyev
 
Ümummilli liderimiz Heydər Əliyevin heyrətamiz olduğu qədər də nəsihətamiz bir kəlamı var: ”Hər bir insan həyatda öz yerini tapmalıdır. Amma öz yerini, özünə məxsus olan yerini tapmalıdır. Rəhbərlik etmək, yəni adamları öyrətmək və tərbiyələndirmək üçün gərək mənəvi haqqın olsun." Təhsil naziri Mikayıl Cabbarovun əmri ilə Azərbaycan Dillər Universitetinin (ADU) rektoru vəzifəsinin icrasının professor Əfqan Abdullayevə həvalə edilməsini məhz mənəvi haqqı olanların rəhbərliyə gətirilməsi yolunda atılan növbəti bir uğurlu addım kimi qiymətləndirsək, zənnimizcə yanılmarıq . Elə təyinatın obyektivliyinin təsdiqi üçün onun karyera yüksəlişindən heç də tam olmayan bəzi epizodlarla tanış olmaq kifayət edər.
 

"Rəhbərlik etmək, yəni adamları öyrətmək və tərbiyələndirmək üçün gərək mənəvi haqqın olsun“

 

Ə.Abdullayev ADU-da İngilis dili-Azərbaycan dili ixtisası üzrə təhsil alıb. O, universitet illərindən sonra Azərbaycan Dövlət Xarici Dillər Universitetinin aspiranturasında German dilləri ixtisası üzrə təhsilini davam etdirib. 1995-ci ildə Azərbaycan sərhədlərindən kənara çıxaraq magistratura təhsili üçün ABŞ-ın Şərqi Karolina ştatındakı Duke Universitetində 1995-1996-cı illərdə ali təhsilin idarə olunması ixtisası üzrə magistr dərəcəsi alıb. 1998-1999-cu illərdə ABŞ-ın Minnesota ştatındakı Minnesota Universitetində Ph.D. proqramında German dilçiliyi (Koqnitiv dilçilik) ixtisası üzrə təhsil alıb. 1999-cu ildən Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun doktoranturasına Dilçilik nəzəriyyəsi - İngilis dilçiliyi ixtisası üzrə qəbul olub. 2000-ci ildə ABŞ-ın Harvard Universitetində Con Kennedi adına Dövlət idarəçiliyi məktəbində təhsilini davam edib. 2005-ci ildə isə ABŞ-ın Florida Beynəlxalq Universitetində Koqnitiv dilçilik ixtisası üzrə təhsilini başa vurub. 
 
1995-ci ildə ABŞ-da təhsilin idarə olunması üzrə Elmlər Magistri dərəcəsi aldıqdan sonra, 1997-ci ildə Dilçilik nəzəriyyəsi (AMEA, Dilçilik İnstitutu) üzrə Filologiya elmləri namizədi adına, 2001-ci ildə Filologiya elmləri doktoru adına layiq görülüb. Həmçinin 2000-ci ildən Xəzər Universitetinin, 2001-ci ildən isə ADU-nun professorudur. Akademik həyatı ilə yanaşı, iş karyerasında da uğurlara imza atıb. Orta məktəbdə İngilis dili müəllimliyi ilə iş əmək fəaliyyətinə başlayan Ə.Abdullayev ADU-da əvvəlcə Tətbiqi Dilçilik laboratoriyasının laborantı, sonradan isə eyniadlı laboratoriyanın müdiri kimi fəaliyyət göstərib. Bir müddət sonra ADU-nun İngilis dili kafedrasında assistent, ADU-nun İngilis dilinin qrammatikası kafedrasında müəllim, Xəzər Universitetində ingilis dili kafedrasında müəllim, bir müddət sonra Xəzər Universiteti rektorunun köməkçisi, Xəzər Universitetində Humanitar elmlər fakültəsinin dekanı və İngilis dili kafedrasının müdiri olub. 
 

 

2001-ci ildə ADU-nun Tərcümə kafedrasının professoru vəzifəsinə təyin olunub. 2003-2014-cü illərdə isə ADU-da İngilis dili fakültəsinin dekanı vəzifəsini icra edib. 2014-cü il sentyabrın 1-dən Təhsil Nazirliyində Akkreditasiya və Nostrifikasiya sektorunda, sonra isə Elm, ali və orta ixtisas təhsili şöbəsində çalışıb. ABŞ-ın və Avropanın 22-dən çox nüfüzlu təqaüdlərinə layiq görülüb. "Senator William Fulbright” təqaüdünü isə 2 dəfə (1998, 2005) qazanıb. Bundan başqa, o, bir çox nüfüzlu elmi cəmiyyətlərin (ABŞ Tərcüməçilər Assosiasiyasının, ABŞ İngilis dili müəllimləri Cəmiyyətinin, Avropa Dilçilik Cəmiyyətinin, Avropa Koqnitiv Dilçilik Cəmiyyətinin, Avropa Yaddaş, Əqli İnkişaf Cəmiyyətinin) idarə heyətlərinin üzvüdür. 6 dərsliyin (2 dərslik xaricdə ingilis dilində nəşr olunub), 110-dən çox elmi məqalənin (37 məqalə xaricdə nüfuzlu elmi jurnallarda çıxıb) müəllifidir. 2016-cı ilin sentyabrından ADU-nun tədris işləri üzrə prorektorudur. Bu mənadə el məsəlində deyildiyi kimi çörəyi ver çörəkçiyə, birini də üstəlik.

 
Digər universitetlərdə olduğu kimi Azərbaycan Dillər Universitetində (ADU) də payız imtahan sessiyasına start verilib. 2016/2017-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının müvafiq təlimatlara və əsasnamələrə uyğun keçirilməsini təmin etmək məqsədi ilə müvafiq əmr imzalanıb. İmtahan sessiyası Pedaqoji (ingilis dili-alman dili), Pedaqoji (ingilis dili-fransız dili), Filologiya və jurnalistika, Tərcümə, Regionşünaslıq və beynəlxalq münasibətlər, Əlavə təhsil, Magistratura və doktorantura fakültələrində və SABAH qruplarında əyani şöbədə 30 dekabr 2016-cı il tarixindən 3 fevral 2017-ci ilədək, qiyabi şöbədə isə 5 yanvar 2017-ci ildən 9 fevral 2017-ci ilədək davam edəcək.
 
Əmrdə qeyd olunduğu kimi, imtahan sessiyasının mövcud normativ sənədlərə uyğun təşkil olunması, imtahanların keçirilməsi ilə əlaqədar beynəlxalq təcrcbəni nəzərə alaraq imtahan otaqlarının imtahan başlanana qədər imtahan materialları ilə təchiz edilməsi, biliyin qiymətləndirilməsində obyektivliyin və şəffaflığın təmin edilməsi, həmçinin imtahanlarda baş verə biləcək neqativ halların qarşısını almaq üçün ciddi tədbirlər görülməlidir. Əmrdə həmçinin imtahan sessiyası dövründə, bir qayda olaraq, fakültə dekanları və kafedra müdirlərinin hər bir imtahandan əvvəl imtahan nəzarətçiləri, fənn müəllimləri ilə görüşərək müvafiq izahat işləri aparması, həmçinin imtahanların təşkili və keçirilməsi ilə bağlı əsasnamə və təlimatları, habelə ADU üzrə əmrlərin tələblərini pozan şəxslər barədə ciddi tədbirlərin görülməsi xüsusi olaraq vurğulanıb.
 

 

Əmrə müvafiq olaraq tələbələrin müraciətləri əsasında imtahanların nəticələri üzrə apellyasiya ərizələrinə baxılması, imtahan sessiyasının obyektiv və qaydalara uyğun keçməsinə kömək məqsədi ilə tələbə təşkilatlarının imtahanların təşkilində və keçirilməsində iştirakı üçün lazımi şərait yaradılması belə nəzərdə tutulub. ADU-da 2016/2017-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının müvafiq təlimatlara və əsasnamələrə uyğun keçirilməsini təmin etmək məqsədi ilə imtahan sessiyası dövründə yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, habelə sessiyanın şəffaf, normativ sənədlərə uyğun keçirilməsinə kömək etmək məqsədi ilə Operativ Qərargah da fəaliyyət göstərir.Eyni zamanda, ADU-nun telefonları və [email protected] ünvanlı elektron poçtu "Qaynar xətt” elan edilib.

 
Onu da qeyd etmək yerinə düçər ki, bu təhsil ocağında 2016-2017-ci tədris ilinin payız semestrinin imtahan sessiyasında bəzi yeniliklər tətbiq edilib. Belə ki, universitetdə imtahan biletlərinə nömrə qoyulmur, həmçinin müvafiq otaqlar əvvəlcədən möhürlənir və tələbələr yalnız imtahana 10 dəqiqə qalmış auditoriyaya buraxılır. Mühüm yeniliklərdən biri də imtahanların Biliyin qiymətləndirilməsi və monitorinqi mərkəzi tərəfindən keçirilməsidir.
 
Ölkə başçısının 16 yanvar 2014-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş ”İctimai iştirakçılıq haqqında Azərbaycan Respublikasının Qanunu”na və bu Qanunla əlaqədar Təhsil Nazirinin müvafiq əmri əsas götürülərək ADU-da 13 nəfərdən ibarət "İctimai Nəzarət Şurası” yaradılıb. Ali təhsil müəssisəsində ictimai iştirakçılığın daha da gücləndirilməsi, şəffaflığın artırılması, universitetlə ictimaiyyət arasında qarşılıqlı əlaqələrin səmərəli təşkili məqsədilə yaradılan Şurada qeyri-hökumət təşkilatları və media nümayəndələri, eləcə də təhsil sahəsi üzrə ekspertləri təmsil olunur. İctimai Nəzarət Şurasına "Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev sədr seçilib ADU-da yaradılan İctimai Nəzarət Şurasının digər universitetlərdə yaradılan şuralardan əsas fərqi ondan ibarətdir ki, şura üzvləri yalnız imtahan sessiyası dövründə deyil, semestr ərzində də il boyu universitetdə gedən proseslərlə yaxından tanış olur və faəliyyət göstərir.
 
Hər bir maraqlanan şəxs universitetdə köklü islahatların aparıldığının və tədris prosesinin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində işlər göröldüyünün, o cümlədən bu istiqamətdə bir sıra vacib qərarların qəbul olunduğunun, mühüm yeniliklərin tətbiq edildiyinin şahidi ola bilər. Bilavasitə Şura üzvlərinin iştirakı ilə universitetdə təhsil alan tələbələrlə çoxsaylı görüşlər keçirilir. Bu görüşlər qarşılıqlı müzakirə şəraitində olur, bir sıra maraqlı təkliflər irəli sürülür.
 

"Rəhbərlik etmək, yəni adamları öyrətmək və tərbiyələndirmək üçün gərək mənəvi haqqın olsun“

 

İctimai Nəzarət Şurasının işinin səmərəli təşkil edilməsi üşün universitetin əsas binasında xüsusi otaq ayrılıb. Şura üzvlərinin imtahan sessiyasının gedişini izləməsi, tələbələr arasında sorğular keçirilməsi, imtahan sessiyası ilə bağlı tələbələrin fikirlərinin öyrənilməsi, rəy və təkliflərinin dinlənilməsi. üçün hər cür şərait yaradılıb. Şura üzvlərinin mobil telefon nömrələri belə tələbələr üçün əlçatandır.

 
ADU-nun İctimai Nəzarət Şurasının üzvləri tərəfindən izlənilən imtahanların nəticələri ilə bağlı apellyasiya şikayətlərinə kafedra müdirlərinin iştirakı ilə aidiyyatı üzrə fakültələrdə baxılır.
 
Tələbələrin imtahanla bağlı təklif və şikayətlərini bildirmələri üçün universitetin bütün korpuslarında möhürlənmiş şəffaf qutular yerləşdirilib. Onu da qeyd edək ki, ADU-nun rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev Şura üzvləri ilə müntəzəm görüşlər keçirmək üçün vaxt və imkanlarını belə əsirgəmir. Şura üzvlərinə Universitetin Elmi Şuralarında iştiraki belə nəzərdə tutulur. Artıq ənənəyə çevrilən mediaturlarda ıştirak etməklə hər kəs bir daha bunun canlı şahidi ola bilər.
 
Ümid edək və əmin olaq ki, İctimai Nəzarət Şurasının fəaliyyəti təhsilin demokratikləşməsi və humanisləşdirilməsi sahəsində atılan növbəti addım olmaqla yanaşı, ədalətlilik prinsipinin qorunması istiqamətindədə birgə əməkdaşlığın bəhrəsi kimi yüksək və səmərəli nəticələr əldə olunmasına, obyektivlik, qərəzsizlik, və şəffaflığın qorunaraq bərqərar olması yolunda universitet rəhbərliyinə bir dəstək olaraq öz əhəmiyyətli töhfəsini verəcəkdir.
 
Son olaraq fikrimizi başladığımız kimi, yenə də Heydər Əliyevin müdrik kəlamları ilə bitirərdik:

"Demokratiya insanların şüurunda dəyişiklik deməkdir. Bu dəyişiklik inqilabla olmur, təkamül yolu ilə,tədricən gedir. Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.”

Universitetlərimizin inkişaf və tərəqqi perspektivlərina ümid, inam və güvən hissi ilə...
 
istinad(Moderator.az)
Nadir İsrafilov təhsil üzrə ekspert

 



 





Загрузка...