ADPU-nun Şəki Filialında payız semestrinin imtahan sessiyası davam edir
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki Filialında 2016-2017-ci tədris ilinin payız semestrinin imtahan sessiyası davam edir.
İmtahan sessiyasının uğurla keçməsi üçün hazırlıq işlərinə vaxtında başlanmış, lazımi işlər həyata keçirilmiş, Elmi Şuranın 14 dekabr 2016-cı il tarixli iclasında hazırlığın vəziyyəti müzakirə edilmiş, müvafiq qərar qəbul olunmuş, məsələ filial direktorunun müvafiq əmri ilə rəsmiləşdirilmişdir.
Əmrə əsasən, İmtahan Komissiyası, imtahanda yarana biləcək şikayət və narazılıqların operativ həll edilməsini təmin etmək məqsədi ilə Münaqişə Komissiyası, İmtahan Qərargahı yaradılmış, müvafiq otaqlar ayrılmışdır.
Obyektivliyin və şəffaflığın təmin edilməsi məqsədi ilə valideynlərin və ictimaiyyətin, kütləvi informasiya vasitələri (KİV) nümayəndələrinin imtahanlarda iştirak etməsi rəhbərlik tərəfindən diqqət mərkəzində saxlanılır.
Əmrdə nəzərdə tutulan məsələlərdən biri də valideynlərin və KİV təmsilçilərinin imtahanların gedişini izləyə bilməsi üçün müvafiq şəraitin yaradılmasıdır. Filialın direktoru, dosent Rafiq Rasulov mütəmadi olaraq imtahanların gedişinı izləyir. Filialın tədrisi Zaqatala şəhərində təşkil olunan tələbələrinin də obyektiv imtahan vermələri üçün lazımi şərait yaradılmışdır. İndiyədək iki nəfər tələbə imtahan nəticəsi ilə bağlı Münaqişə Komissiyasına ərizə ilə müraciət etmiş və onların məsələsinə komissiyada baxılmışdır.