ADPU-nun rektoru, professor Cəfər Cəfərov imtahanların çevik, şəffaf və obyektiv keçirilməsinə ciddi nəzarət edir.
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 2016-2017-ci tədris ilinin payız semestrinin imtahan sessiyası davam edir. Təhsil naziri cənab Mikayıl Cabbarovun "İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” imzaladığı müvafiq əmrə uyğun olaraq ADPU-da imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması, daxil olan hər bir şikayətin qısa müddətdə araşdırılıb müvafiq qərarların qəbul edilməsi üçün lazımi tədbirlər həyata keçirilir. Qeyd edək ki, imtahanlar qrafikə uyğun olaraq hər gün vaxtında başlayır, imtahan prosesi mütəşəkkil təşkil edilib. İmtahan prosesində nizam-imtizam, səliqə-sahman təmin edilib. İmtahan prosesinə heç bir kənar müdaxilə yoxdur, tələbələrə biliklərini nümayiş etdirmək üçün lazımi şərait yaradılıb.
İmtahan Qərargahının rəhbəri, dosent Nailə Hüseynovanın verdiyi məlumata görə, yanvar ayının 16-dan bugünədək 38 nəfər tələbə qərargaha müraciət edib. Bu müraciətlərin 33-ü yazılı qaydada verilən imtahanlardan, 5-i isə test üsulu ilə verilən imtahanlardan olub. Müraciətlər çevik şəkildə və diqqətlə araşdırılıb. Yazılı qaydada verilən imtahanlarla bağlı edilən 33 müraciətin 16-sı tələbələrin xeyrinə həll edilib, müraciət edən digər tələbələr isə imtahan zamanı davranış qaydalarına əməl etmədiklərinə, üzərlərində mobil telefon və ya digər köməkçi vasitələr aşkar olunduğuna görə imtahandan kənarlaşdırılaraq protokollaşdırılıb və onların imtahan cavabları ləğv edilib. Test üsulu ilə verilən imtahanlarla bağlı edilən 5 müraciət tələbələrin xeyrinə həll edilib.
Apelyasiya Komissiyasının sədri, dosent İradə Qasımovanın və sədr müavini, tarix üzrə fəlsəfə doktoru Vurğun Məmmədovun verdikləri məlumata görə, yanvar ayının 16-dan bugünədək komissiyaya yazılı qaydada verilən imtahanlarla bağlı 267 müraciət daxil olub. Daxil olan müraciətlərdən 32-si araşdırılıb, onlardan 3-ü tələbələrin xeyrinə həll edilib. Digər müraciətlər isə araşdırılır. Test üsulu ilə verilən imtahanlarla bağlı komissiyaya 19 müraciət daxil olub. Onlardan 6-sı araşdırılıb, 1-i müsbət həll edilib, digər müraciətlər isə təmin edilməyib. Onu da qeyd edək ki, tələbələrin biliyinin qiymətləndirilməsi zamanı da şəffaflıq və obyektivlik təmin edilir. Qeyd etdiklərimizlə yanaşı, imtahan prosesini tələbələrin valideyinlərinin, ictimaiyyət nümayəndələrinin, qeyri-hökumət təşkilatlarının təmsilçilərinin, kütləvi informasiya vasitələri nümayəndələrinin izləmələri üçün lazımi şərait yaradılıb. ADPU-da fəaliyyət göstərən İctimai Şura da imtahan prosesinə nəzarət edir. ADPU-nun rektoru, professor Cəfər Cəfərov imtahanların çevik, şəffaf və obyektiv keçirilməsinə ciddi nəzarət edir.
aztehsil.com