- Məktəbdənkənar təhsil müəssisələri hansı istiqamətlər üzrə fəaliyyət göstərir ?
- Ölkəmizdə məktəbdənkənar təhsil müəssisələri müxtəlif əlavə təhsil sahələrini əks etdirən istiqamətlər üzrə fəaliyyət göstərir. Uşaq yaradıcılıq, texniki yaradıcılıq, ekoloji tərbiyə və təcrübəçilik, gənc turistlər və diyarşünaslıq, məktəbdənkənar tərbiyə işi mərkəzlərində, uşaq-gənclər şahmat və uşaq-gənclər idman məktəblərində əlavə təhsilə cəlb olunan minlərlə şagird meyl və maraqlarına uyğun olaraq yaradıcılıqlarını inkişaf etdirir, idman ustalıqlarını artırırlar.
- Məktəbdənkənar təhsil müəssisələri müasir standartlara cavab verirmi?
- Müasir dövrdə informasiya cəmiyyətində əlavə təhsilin rolu, uşaq və gənclərin vətənpərvərlik ruhunda, milli-mənəvi dəyərlər əsasında formalaşdırılması mühüm əhəmiyyət kəsb edir. Bunlar isə tərbiyə metodlarının, məktəbdənkənar müəssisələrdə metodiki işin yenilənməsini, strukturunun təkmilləşdirilməsini, müəssisələrin maddi-texniki bazalarının yaxşılaşdırılmasını və optimallaşdırılmasını tələb edir. Lakin qeyd edilməlidir ki, bu günə qədər Təhsil Nazirliyinin sistemində fəaliyyət göstərən bir sıra məktəbdənkənar müəssisələrin müstəqil binaları olmayıb. Onların fəaliyyəti ayrı-ayrı ümumtəhsil müəssisələrində təşkil olunurdu, bəzi yerlər icarəyə götürülürdü. Əsasən paytaxt Bakıda fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrinin təxminən 50%-nin müstəqil binası yoxdur. Həmin vəziyyət respublikanın digər şəhər və rayonlarında müşahidə olunurdu və məktəbdənkənar müəssisələrdə təlim-tərbiyə prosesinin müasir tələblər səviyyəsində aparılmasına mənfi təsir göstərirdi.
- Bununla bağlı aparılan monitorinqlərin nəticəsi necə oldu ?
- Məktəbdənkənar müəssisələrdə aparılan monitorinqlər göstərdi ki, bir çox müəssisələrdə dərnək məşğələləri, idman məşqləri aşağı səviyyədə təşkil olunur. Digər tərəfdən dərnəklərdə və idman qruplarında dərslər və məşqlər müxtəlif ərazilərdə icarəyə götürülmüş binalarda keçirildiyinə görə təlim-tərbiyə prosesinə lazımi səviyyədə nəzarət etməyə imkan vermirdi. Bir çox müəssisələrin hazırki növü onların çoxprofilli müəssisə kimi fəaliyyət göstərməsinə imkan vermədiyi üçün şagirdlərin dərnəklərə cəlb edilməsində və kütləviliyin təmin olunmasında müəyyən çətinliklər yaradırdı. İdman profilli məktəbdənkənar müəssisələrin müvafiq ixtisaslaşdırılmış idman bazalarının olmaması respublikada yüksək səviyyəli idmançıların hazırlanmasının başlanğıc və orta mərhələlərinin müasir tələblər səviyyəsində təşkilinə imkan vermirdi. Bunları nəzərə alaraq, eyni zamanda "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın hədəflərinə uyğun olaraq məktəbdənkənar təhsil müəssisələrində yeni səmərəli idarəetmə sisteminin formalaşdırılması, profillər üzrə təkmilləşdirilməsi, təlim-tərbiyə prosesinin təşkilində səmərəliliyin artırılması, maddi-texniki bazalarının yaxşılaşdırılması, bu sahəyə rəhbərlik və nəzarətin daha da gücləndirilməsi ilə bağlı mövcud şəbəkənin rasionallaşdırılması və idarəetmə sisteminin optimallaşdırılması, səmərəli maliyyələşmənin təmin olunması və son nəticədə keyfiyyətin yüksəldilməsi məqsədilə struktur dəyişikliklərinin aparılması məqsədəmüvafiq hesab edilib.
- Məktəbdənkənar təhsil müəssisələrinin şəbəkəsinin rasionallaşdırılması istiqamətində hansı işlər həyata keçirilib?
- Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrinin şəbəkəsinin rasionallaşdırılması ilə bağlı Təhsil Nazirliyinin əmri imzalanıb. Əmrə əsasən, respublikanın rayon və şəhərində idman və yaradıcılıq sahələri üzrə məktəbdənkənar müəssisələrin birləşdirilməsi, onların bazasında yeni müəssisələrin yaradılması və çoxprofilli fəaliyyəti təmin olunacaq, adlarında dəyişikliklər ediləcək.
Yaradıcılıq, ekologiya və turizm sahəsi üzrə yeni yaradılan müəssisələr uşaq-gənclər inkişaf mərkəzləri, idman sahəsi üzrə uşaq-gənclər idman və şahmat məktəbləri adlandırılacaq. Görülən tədbirlər uşaq və gənclərin asudə vaxtlarının səmərəli təşkil olunmasına, zərərli vərdişlərdən uzaqlaşdırılmasına imkan yaradacaq, onların mənəviyyatın, ləyaqətinin formalaşmasına, fiziki sağlamlıqlarına və estetik zövqlərinin artmasına müsbət təsir göstərəcək.
- Həmin müəllimlərin ixtisar olunması gözlənilirmi?
- Rasionallaşdırma prosesində məktəbəqədər təhsil müəssisələrində çalışan böyük sayda müəllim və mütəxəssisin ixtisar olunmaması məqsədilə dövlət büdcəsindən işçilərin əmək haqlarının tam şəkildə ödənilməsi üçün əlavə vəsait ayrılıb. Bu tədbirlər nəticəsində yeni tədris ilində məktəbdənkənar təhsil müəssisələrində çalışan müəllimlərin ixtisar olunması gözlənilmir.
- "Vətən” Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin yuxarı yaş qrupları komandaları bazasında futbol klubu yaradıldı. Klubun yaradılmasında məqsəd nədir ?
- Son illərdə istər paytaxt Bakıda, istərsə də respublikanın digər şəhər və rayonlarda Təhsil Nazirliyinin futbol bölməsi mövcud olan idman məktəblərində bir çox işlər görülüb, infrastruktur təkmilləşdirilib, kütləvilik daha da artıb, futbolun öyrədilməsi səviyyəsi yüksəlib. Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən idman məktəbləri futbol idman növü üzrə uşaq-gənclər kateqoriyasına aid yaş qruplarında Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) tərəfindən təşkil olunan Azərbaycan Çempionatında, həmçinin digər ölkədaxili və beynəlxalq yarış və turnirlərdə uğurlu çıxış etmələri, bununla yanaşı müxtəlif yaş kateqoriyaları üzrə Azərbaycan milli yığma komandalarına futbolçular yetişdirmələri ilə, respublikanın uşaq-gənclər futbolunun mühüm iştirakçısına çevrilib. Təhsil Nazirliyi sistemində futbol idman növündə müsbət nəticələri və nailiyyətləri nəzərə alaraq Nazirliyin "Vətən” Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin yuxarı yaş qrupları komandaları bazasında "Sabah” futbol klubunun yaradılması məqsədəmüvafiq hesab edilib və bu klubun AFFA Peşəkar Futbol Liqası I Divizionunda çıxış etməsi qərara alınıb. Klubun yaradılmasında əsas məqsəd Azərbaycanda futbolun inkişaf etdirilməsində yaxından iştirak etmək, ölkəmiz üçün perspektivli, yüksək səviyyəli və rəqabətə davamlı futbolçular yetişdirmək, paytaxt və bölgələrdə fəaliyyət göstərən idman məktəblərinin istedadlı futbolçularının peşəkar futbol mərhələsinə keçidlərini təmin etməkdir.
- Klub hansı formada fəaliyyət göstərəcək ?
- Klubun fəaliyyəti "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda "Strateji hədəflər və tədbirlər" bölməsində göstərilən dövlət-biznes partnyorluğuna əsaslanan idarəetmə sisteminə uyğun aparılacaq. Sponsorların cəlb edilməsi nəticəsində əlavə dövlət büdcəsinin vəsaitlərinə ehtiyac olmayacaq. Peşəkar Futbol Liqasının I Divizionunda çıxış etmək üçün futbol klubunun inkişaf konsepsiyası və fəaliyyət planı hazırlanıb. Futbol Klubunda baş məşqçi vəzifəsi respublikanın əməkdar məşqçisi, UEFA Pro kateqoriyalı mütəxəssis Əsədov Arif Gülağa oğluna həvalə edilib. Hazırda I Divizionda çıxış edəcək Klubun Müşahidə Şurası formalaşdırılır.