Məktəblərdə formativ qiymətləndirmə ilə bağlı tədqiqat aparılıb
Təhsil İnstitutu məktəblərdə formativ qiymətləndirmə zamanı rəqəmsallaşdırmadan istifadə ilə bağlı tədqiqat aparıb.
İnstitutdan bildirilib ki, tədqiqat metodu kimi sorğudan, tədqiqat aləti kimi isə onlayn sorğu anketindən istifadə olunub. Sorğuda ölkə üzrə ümumi təhsil məktəblərində fəaliyyət göstərən və müxtəlif təhsil səviyyələrində tədris aparan 598 müəllim iştirak edib. Tədqiqatın nəticələrinə görə müəyyən edilib ki, təhsil müəssisələrində qiymətləndirmə ilə bağlı fəaliyyətlərin ləngidiyi iddiası öz təsdiqini tapır. Müəllimlərin müasir qiymətləndirmə nəzəriyyələrində, xüsusən əks əlaqə və qiymətləndirmənin məqsədlərinin praktikaya inteqrasiyasında boşluqları mövcuddur.
Tədqiqatda iştirak edən 590 (98.7 faiz) müəllim tədris prosesində formativ qiymətləndirmə apardığını təsdiq etdiyi halda, “Formativ qiymətləndirməni necə aparırsınız?” sualına cavabları ümumi olub. Belə ki, öyrənmə prosesində şagirdin davamlı irəliləyişini izləməyə, onun öyrənməsini dəstəkləməyə yönəlmiş qiymətləndirmə prosesi sorğuda iştirak edən müəllimlərin fikirləri ilə daha dar çərçivədə şərh edilib. Sorğu iştirakçılarının formativ qiymətləndirmənin effektivliyi ilə bağlı fikirləri öyrənilib. Onların böyük hissəsi formativ qiymətləndirmənin effektivliyini 4 (yaxşı) (59 faiz) və 5 (əla) (27 faiz) balla qiymətləndirib. “Şagirdlərə müntəzəm olaraq konstruktiv rəylər verirsiniz?” sualını sorğuda iştirak edən 90,1 faiz (539) müəllim müsbət cavablandırıb. Lakin konstruktiv rəyə dair yazılan nümunələr bunun əksini göstərib.
Sorğu iştirakçılarının formativ qiymətləndirmənin rəqəmsallaşdırılmasına dair fikirləri də öyrənilib. Respondentlərin 67 faizinin (400) formativ qiymətləndirmənin rəqəmsal formada keçirilməsinə münasibətləri müsbət olub.