Təhsil Tələbə Krediti Fondunun nümayəndələri Azərbaycan Memarlıq və İnşaat Universitetində
Bu gün Təhsil Tələbə Krediti Fondunun nümayəndələri Azərbaycan Memarlıq və İnşaat Universitetinin (Azərbaycan Memarlıq və İnşaat Universiteti - AzMİU) tələbələri ilə görüşüb.
TTKF-in İdarə Heyətinin sədr müavini Bəhruz Əzimov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən Təhsil Nazirliyinin tabeliyində yaradılmış Təhsil Tələbə Krediti Fondunun fəaliyyətinin əsas məqsədi təhsil tələbə krediti sistemi vasitəsilə təhsilin əlçatanlığını təmin etməkdir. B.Əzimov Fondun iş prinsiplərini təbliğ etmək məqsədilə ali məktəblər və tələblərlə silsilə görüşlər keçirildiyini də bildirib. Fond rəsmisi vurğulayıb ki, artıq 2021-2022 tədris ilinin payız semestrində fondun yaratdığı portal üzərindən kreditlə bağlı müraciətlər olunub və tələbələr kredit əldə edib. Hazırda yaz semestri üçün 5mindən artıq müraciətin olunduğunu, 3 minə yaxın müraciətin rəsmiləşdiyini diqqətə çatdırıb.
Fondun əməkdaşı Günay Baxışova Fonda slaydlar vasitəsi ilə müraciət qaydaları,təhsil tələbə kreditlərinin verilməsi meyarları barədə geniş məlumat verib. Məlum olub ki, təhsil tələbə kreditlərinin alınması üçün tələbə tədrisə tam cəlb olunaraq təhsil müəssisəsində əyani təhsil almalıdır. Kredit hər semestr üzrə verilir. Azərbaycan vətəndaşlarına verilən tələbə kreditləri sığortalanır, banklar vasitəsilə manatla verilir.
AzMİU-nun Tədris şöbəsinin müdiri Səlmi Əliyeva çıxış edərək tələbələrin təhsil haqqının ödənilməsi üçün kredit fondunun yaradılmasının çox əhəmiyyətli olduğunu bildirib. O, bu semestrdə 120 tələbədən hələlik 70-ə yaxın tələbənin müraciətinin rəsmiləşdiyini diqqətə çatdırıb.
Geniş təqdimatdan sonra tələbələrin sualları cavablandırılıb, təklifləri qeydə alınıb.