Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım tədbiri keçirilib. Tədbir 1918-ci ilin martında erməni daşnakları tərəfindən qətlə yetirilmiş minlərlə soydaşımızın xatirəsinin bir dəqiqəlik sükutu ilə başlayıb.
Tədbiri giriş sözüylə AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova açıb. Rektor qeyd edib ki, tarix boyu təcavüzkar siyasət yeridən, qanlı əməllərindən, "böyük Ermənistan” yaratmaq xülyasından əl çəkməyən ermənilər XX əsrdə bir neçə dəfə xalqımızı soyqırımına məruz qoymuş, havadarlarının hərtərəfli köməyi ilə əzəli torpaqlarımızı almağı özlərinin məqsədlərinə çevirmişlər. "Azərbaycanlıların kütləvi surətdə qırğını, represiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir. Təkcə ötən əsrdə Azərbaycanın əhalisi dörd dəfə (1905-1907, 1918-1920, 1948-1953, 1988-1993-cü illərdə) erməni millətçiləri tərəfindən insan hüquqlarının pozulmasına, qeyri-insani rəftarla, insan ləyaqətini alçaldan hərəkətlərlə müşayiət olunan soyqırımına və deportasiyaya məruz qalmışdır. Azərbaycan xalqına qarşı soyqırımı və deportasiya siyasəti də planlaşdırılmış ssenari üzrə mərhələlərlə davam etmişdir”.
1918-ci ilin mart günlərində Bakıda, eləcə də Şamaxı, Quba, Qarabağ , Qərbi Azərbaycan və digər bölgələrdə törədilən qırğınları yada salan rektor bu qanlı hadisələr zamanı ermənilərin 3 gün ərzində minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirdiyini, qoca, qadın və uşaqlara aman verilmədiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Onun sözlərinə görə, minlərlə azərbaycanlını qəddarlıqla öldürən ermənilər bununla kifayətlənməmiş, yaşayış məntəqələrini, məscidlər, tarix və mədəniyyət abidələrini də yerlə-yeksan etmiş, xarabalığa çevirmişdilər.
Gülçöhrə Məmmədova çıxışında onu da vurğulayıb ki, ermənilərin tarix boyu xalqımıza qarşı törətdiyi bu cinayətlərə və həyata keçirdikləri işğalçılıq siyasətinə yalnız 26 mart 1998-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən imzalanmış fərmanla siyasi-hüquqi qiymət verilib. O, hazırda bu siyasətin Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin rəhbərliyi ilə davam etdirildiyini, ötən əsrin əvvəllərindən başlayaraq ermənilər tərəfindən Bakı, Şamaxı, Quba, Göyçə, Zəngəzur və Azərbaycanın digər bölgələrində azərbaycanlılara qarşı törədilmiş soyqırım hadisələrinin bütün dünyada tanıdılması istiqamətində işlər aparıldığını qeyd edib. Azərbaycanlıların məruz qaldıqları faciələrin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işləri yüksək qiymətləndirən rektor işğal altındakı torpaqlarımızın tezliklə düşmən tapdağından azad ediləcəyinə, bu problemin beynəlxalq hüquq normaları çərçivəsində həll olunacağına əminliyini bildirib.
Natiq soyqırımın dəhşətli miqyasının dünya ictimaiyyətinə çatdırılması istiqamətində Prezident İlham Əliyev tərəfindən məqsədyönlü iş aparıldığını diqqətə çatdıraraq vurğulayıb ki, dövlət başçısının 30 dekabr 2009-cu il tarixli "Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında” sərəncamı bu istiqamətdə mühüm addımlardan biridir. Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində göstərdiyi dəyərli fəaliyyət də xüsusi qeyd edilib.
AzMİU Ağsaqqallar Şurasının sədri, İctimai fənlər kafedrasının dosenti Bəhram Avılov vurğulayıb ki, ermənilər XX əsrdə xalqımıza qarşı 96 dəfə soyqırım aktı gerçəkləşdiriblər. Təkcə 31 mart hadisələri zamanı 30 min soydaşımızın qətlə yetirildiyini xatırladan B.Avılov ermənilərin məqsədli şəkildə, kəndləri, yurd yerlərini boşaltmaqla öz vətəndaşlarını bu torpaqlarda yerləşdirmək kimi məkrli niyyətlərini həyata keçirdiklərini bildirib. O, bu cür tədbirlərin keçirilməsinin gənclərimizin tariximizdə baş verənlərlə bağlı ətraflı məlumatlandırılması baxımından vacib hesab edib.
Tədbirdə çıxış edən tələbələr Fidan Məmmədzadə, Sənan İsaxanlı və başqaları gəncləri belə taleyüklü məsələlərin aktuallaşmasında, soyqırımı həqiqətlərinin dünyaya çıxmasında aktiv olmağa, sosial şəbəkələrdə bu istiqamətdə addım atmağa səsləyiblər.
Onu da qeyd edək ki, 31 mart - Azərbaycanlıların Soyqırımı Günü AzMİU-nun bütün fakültələrində qeyd olunub, eyni zamanda universitetdə təhsil alan tələbələr Quba şəhərində Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.
Nəcibə Mirzəyeva(AzMİU-nun mətbuat xidmətinin rəhbəri)