Fevralın 21-də Azərbaycan Dillər Universitetində (ADU) Xocalı soyqırımına həsr edilən növbəti tədbir keçirilib. Tədbir Xocalı soyqırımında həyatını itirən həmvətənlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Öncə çıxış edən ADU-nun Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev Xocalıda günahsız xalqımıza qarşı baş verən qırğınlar, vəhşilik və vandalizm haqqında məlumat verib, bu vəhşiliklərə heç bir müharibədə rast gəlinmədiyini qeyd edib. Dövlətimizin ərazi bütövlüyünün kobudcasına pozulduğunu bildirən Ə.Əliyev vətənpərvər ruhlu millətimizin torpaqlarımızı hər zaman işğaldan azad etmək iqtidarında olduğunu diqqətə çatdırıb.
Alman dili kafedrasının dosenti, Xocalı hadisələrinin canlı şahidi Yusif Savalan öz xatirələrini tələbələrlə bölüşüb. O, hadisə ilə bağlı erməni təxribatının hələ 1988-ci ildən bəri hiss olunduğunu söyləyib. Y.Savalanın sözlərinə görə, Xocalının əlverişli coğrafi mövqeyinin olması və burada aeroportun mövcudluğu düşmənin Qarabağla bağlı gələcək planlarının gerçəkləşməsi üçün strateji məkan rolunu oynayıb, buna görə də Xocalı həmişə düşmənin maraq dairəsində olub. Hadisələr baş verərkən Xocalı sakinlərinin hərbi texnikanın qarşısına əliyalın çıxdığını qeyd edən Y.Savalan törədilən qırğınlar zamanı ailə üzvlərini-atasını və bacısını itirdiyini bildirib.
Xocalı soyqırımı zamanı xalqımıza qarşı törədilən vəhşiliklərin tarixdə bənzərinin olmadığını qeyd edən Y.Savalan tələbələrə dil bilgilərindən istifadə edərək bu olayın gerçəkliklərini dünya ictimaiyyətinə çatdırmağı tövsiyə edib.
Sosial elmlər kafedrasının professoru Məhəmməd Teymurlu ermənilərin tarixdə ən amansız vəhşiliklərlə yadda qalan faşistlərlə müqayisədə daha vicdansız, heysiyyətsiz və rəhmsiz olduğunu diqqətə çatdırıb. O, qeyd edib ki, ermənilər Xocalıda qeyri-insanlıq təcəssüm etdirərək xüsusi amansızlıqla qadın, uşaq demədən kütləvi qırğınlar törədiblər. Xocalı soyqırımını hər zaman xatırlamağın zəruriliyini nəzərə çatdıran professor düşmənə layiqli cavab verməklə işğalda olan torpaqlarımızın qaytarılacağına əminliyini ifadə edib. O, vurğulayıb ki, ADU dünyaya açılan pəncərədir və tələbələrimiz öyrəndikləri dillər vasitəsi ilə Xocalıda yaşanan hadisələrin gerçək üzünü dünyaya çatdırmağı özlərinə mənəvi borc bilməlidirlər.
moderator.az