ADPU-nun Quba Filialında 20 Yanvar faciəsinə həsr edilən anım mərasimi keçirilib
Yanvar ayının 19-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba Filialında 20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümünə həsr edilən anım mərasimi keçirilib. Anım mərasimində əvvəlcə 20 Yanvar şəhidlərinin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. ADPU-nun Quba Filialının direktor müavini Aysel Şeydayeva anım mərasimini giriş sözü iə açaraq bildirib ki, 1990-cı ilin qanlı 20 Yanvar hadisələrindən iyirmi yeddi il keçir. Biz 20 Yanvar şəhidlərinin xatirələrini əziz tuturuq. Bu, hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur. Biz Qarabağda da qələbə qazanacağıq. Bu qələbəyə Azərbaycanın bugünkü hərtərəfli inkişafı, bütün dünyada gündən-günə artan nüfuzu, dövlətimizin başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin bu istiqamətdə qətiyyətli addımları zəmanət verir.
Sonra A.Şeydayeva öz çıxışında Vətən sevgisinin gücünü Moskvadakı hərbi məktəbdəki vəzifəsini buraxaraq xalqının dar günündə köməyə gələn və qəhrəmancasına şəhid olan əmisi Altay Məmmədovun timsalında gördüyünü vurğuladı, tələbələrə bir daha tariximizi dərindən öyrənməyi və Vətən üçün canından keçməyin müqəddəsliyini dərk etməyə çağırdı.
Anım mərasimində Pedaqoji və ictimai fənlər kafedrasının müəllimi N. Bayramova "Qəhrəmanlıq tariximizin 20 Yanvar səhifəsi” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, 1990-cı ilin 20 Yanvar hadisəsi Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub. 1990-cı il yanvarın 19-dan 20-nə keçen gecə Sovet Ordusu erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı terror aktı həyata keçirib. Bu qanlı hadisəyə ilk olaraq öz münasibətini bildirən şəxs ümummilli lider Heydər Əliyev olmuşdur. Belə ki, Heydər Əliyev 21 yanvar 1990-cı il tarixdə faciə ilə əlaqədar Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək bu qanlı hadisəni törədən şəxsləri kəskin şəkildə tənqid edib və bəyanat verib. Məruzəçi qeyd edib ki, 1990-cı il yanvarın 20-də 131 nəfər insan öldürülmüş, 744 nəfər ağır xəsarət almış, 800 nəfərdən çox günahsız insan həbs edilmişdir.
Fövqəladə vəziyyət elan ediləndən sonra isə 21 nəfər qətlə yetirilmişdir. Fövqəladə vəziyyət elan edilməmiş rayonlarda - Neftçala və Lənkəranda 25-26 nəfər öldürülmüşdür. Bu, bütövlükdə Azərbaycan xalqına qarşı törədilmiş böyük cinayət idi. Ümummilli Liderimizin müvafiq sərəncamı ilə 20 Yanvar ölkəmizdə Ümumxalq Hüzn Günü elan edilmişdir. Həmin gün Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhid soydaşlarımızın xatirəsi dövlət səviyyəsində böyük ehtiramla yad olunur.
Anım mərasimindən sonra filialın əməkdaşları Quba şəhərində yerləşən Şəhidlər Xiyabanını ziyarət etmiş, şəhidlərimizin məzarı önünə gül dəstələri qoymuşlar. Daha sonra Şəhidlər Muzeyi ziyarət edilmiş, muzeydəki əsgər məktubları, paltarlar, şəkillər tələbə-gənclərin marağına səbəb olmuşdur. Yanvarın 19-da Quba şəhərində yerləşən Quba Soyqırımı Memorial Kompleksi də ziyarət edilmiş, erməni vəhşiliyinin bariz nümunəsi olan kompleksdə tələbə-gənclərə Azərbaycan tarixi haqqında ətraflı məlumat verilmişdir. Yanvarın 20-də isə filialın əməkdaşları ümumrayon tədbirində iştirak etmiş, Quba şəhərində yerləşən "Ana abidəsi” və şəhidlərimizin məzarları ziyarət edilmiş, önlərinə əklil və gül dəstələri qoyulmuşdur.
aztehsil.com