Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Aztehsil.com xəbər verir ki, Universitetdən APA-ya verilən məlumata görə, tədbir başlamazdan əvvəl Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət himni səslənib.
AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayətin ağır nəticələrindən danışıb, dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirilməsi, əsir götürülən insanların isə dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarını bildirib.
Ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycan hökuməti və parlamentinin Xocalı soyqırımı haqqında həqiqətlərin dünya dövlətlərinə, parlamentlərinə və beynəlxalq təşkilatlara çatdırıldığını yada salan rektor eyni siyasətin Prezident İlham Əliyev, Heydər Əliyev Fondu tərəfindən həyata keçirildiyini qeyd edib.
Tədbirdə çıxış edən professor Həvva Məmmədova faciənin 25-ci ildönümündə soyqırımın dünya səviyyəsində tanınması və təbliğ edilməsi, düzgün qiymətləndirilməsi istiqamətində dövlətin kifayət qədər işlər gördüyünü vurğulayıb. Tarixçi Heydər Əliyev Fondunun apardığı "Xocalıya ədalət!” kampaniyasının uğurlu fəaliyyəti nəticəsində artıq bir sıra dövlətlərin Xocalıda törədilən qırğını soyqırımı kimi tanıdıqlarını qeyd edib.
Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Kino Xidməti İdarəsinin rəisi Gültəkin Nəriman qeyd edib ki, qanlı hadisələr zamanı şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gənc nəslə örnək göstərmək hər kəsin vətəndaşlıq borcudur.
Tədbirin sonunda G.Nərimanın müəllifi olduğu "92-ci ilin qarı” adlı sənədli film nümayiş olunub.