AzTehsil.com


Xəbərlər / Valideyn
23 avqust 2021
961


Övladlarınızın arasında fərq qoymayın



Övladlarınızın arasında fərq qoymayın

 

Böyük ailələrin ən böyük problemlərindən biri də budur ki, ailədə bərabərliyi və ədaləti qoruya bilsinlər.

Bu məsələ ən mühüm tərbiyəvı metodlardandır. Bəzən valideyn də yadına salır ki, necə başqa uşaqları ondan üstün tuturdular. Bunu xatırlayan valideynlər şübhəsiz ki, öz övladlarında bu paxıllıq hissinin yaranmamasını istəyərlər. Övladları arasında mütləq bərabərliyi qorumaq - demək olar ki, qeyri-mümkün bir məsələdir. Çünki uşaqlar eyni yaşda olmadıqları üçün, ehtiyacları da eyni deyildir.

Əgər valideyn əməli cəhətdən övladları ilə ədalətlə rəftar edərsə, öz rəfratı ilə övladlarına ədaləti nümayiş etdirə bilərsə, uşaqlar da onun dəyərini hiss edərlər. Etiraf etməliyik ki, ədalətə riayət etmək çox çətin bir işdir. Baxmayaraq ki, övladlarınızın hamısını çox istəyirsiniz, ancaq onlara qarşı həmişə eyni cür rəftar edə bilmirsiniz. Bunu bilmək lazımdır ki, həyat həmişə insanla ədalətli olmur. Ona görə də uşaqları ədalətsiz bir cəmiyyətdə böyüdüb, onlara həmişə ədalətli olmağı öyrətmək çətin olur.

Uşaqlara öyrətməli olduğumuz məsələlərdən biri də bərabərlik ilə ədalət arasındakı fərqi tanıtmaqdır. O zaman ki uşaqların birinə verdiyiniz şey o birisinı verdiyinizdən az olur, o, şikayət edir və onu başa salmaq lazımdır ki, bu onların yaşında olan fərqə görədir.

Bunu yaddan çıxartmayın ki, böyük ailələrdə həmişə uşaqlar arasında paxıllıq olur. Valideynin vəzifəsi budur ki, uşaqları sülh içində yaşaya bilsinlər. Aralarındakı münaqişəni həll edə bilsinlər. Valideyn gərək övladlarının müsbət cəhətlərini tez-tez yada salıb, onu tərifləsin. Bu onların arasında olan həsədi ən az həddə salar.

O zaman ki, evin kiçik uşağı yeriməyə başlayar, qardaşlarının və bacılarının oyuncaqlarına dəyə bilir. Bu zaman onların arasında olan münaqişə daha da artır. Ona görə də uşaqlar özlərini müdafiə etmək üçün kiçikləri vurur, saçlarını yolur, çırmaqlayırlar. Bəzi hallarda böyüyən zaman da bu münaqişələr davam edir.

Valideynlərin bir çoxu uşaqların arasında yaranan fiziki çəkişmələri sevmirlər. Onu görən zaman narahat olurlar. Ancaq onları necə sakitləşdirməyi bilmirlər. Onlar bu məsələyə müxtəlif cür baxırlar. Ola bilsin ki, bəziləri onları ayırsın və tənbeh etsin. Bəziləri isə onları öz hallarına buraxırlar ki, öz məsələlərini özləri həll etsinlər. Bu məsələdə tərbiyə metodlarının, valideynlərin uşaqlıq xatirələrinin çox təsiri vardır.

Bu məsələdə bəzi tövsiyələr verilir ki, onlara işarə edək.

O zaman ki, uşaqlar arasında əqidə münaqişələri yaranar, mümkün qədər onları öz hallarına buraxın. Çünki əgər siz qarışsanız, bu zaman onların arasında olan bu münaqişə daha da şiddətlənər. Həmişə bu münaqişələr ikitərəfli olur. Bəzən məzlum görünən tərəf, ola bilsin ki, münaqişəni başlayan kəs olsun. Kiçiklər böyükləri necə tələyə salmaqlarını yaxşı bilirlər.

Dava zamanı əgər uşaqlardan biri yaralansa, gərək onu davam etməyə mane olasınız. Baxmayaraq ki, bu yara təsadüfən və ya bilərəkdən olmuşdir, icazə verməyin ki, dava yeni yaralanma ilə nəticələnsin. Uşaqlar bilməlidir ki, evin qayda-qanunları vardır və dava edən zaman onlara riayət etməlidirlər. Özünüzdən soruşun ki, uşaqlarınızdan hansınızınsa yaralanmağını istəyirsinizmi? Əgər bu sualın cavabı mənfidirsə, onda gərək bu davanın qarşısını alasınız.

Sizin bu məsələyə qarışmağınızla dava sona çatarsa, məsələnin ardınca çox getməyin və təqsirkarı axtarmayın. Əgər bu məsələyə çox qarışsanız, uşaqlar öz məsələlərini özləri həll etmək qabiliyyətinə malik ola bilməyəcəklər. Məsələni həll etmək üçün valideynlərinə müraciət edəcəklər.

Əgər uşaqlarınız sakit oynaya bilmirlərsə, onlara sakit oynamağı öyrədin. Uşaqların yaş fərqləri fərqli olduğu üçün onları güləşməyə qoymayın.

Hədd və sərhədləri qoyan zaman sözünüzü aydın ifadə edin. Əgər sözünüz aydın olmasa, onlar başa düşməyəcəklər. Bu qayda-qanunları əməli şəkildə və zarafat edərək onlara göstərin.

Övladlarınıza öz qabiliyyətlərini düz istiqamətdə istifadə etməyi öyrədin. Uşaqlar bəzən nadinclik edirlər, öz güclərini göstərmək üçün fəal olurlar. Onlar öz enerjilərini başqa yolla nümayiş etdirməyi bacarmırlar. Onlara öyrətmək lazımdır ki, qaçarkən, pilləkəndən yuxarı qalxarkən, parkda olan başqa oyunlarda ki, başqalarına zərər vura bilərlər, sakit hərəkət etsinlər. Əgər evdə qalmağa məcburdurlarsa, onlara icazə verin ki, boks kisəsindən istifadə etsinlər.

Əgər övladlarınız dava edirlərsə, onların rəftarına diqqət edin. Ola bilsin ki, bu davalar zamanı aralarında yaxşı rabitə yaranmış olsun. Bəzən uşaqlar valideynlərin diqqətini cəlb etmək üçün dava edərlər. Bu zaman onlara daha çox diqqət etmək lazımdır.

Əgər uşaqların arasında davalar azalmırsa, gərək öz rəftarlarınıza bir nəzər salasınız. Əgər işin yorğunluğunu evə gətirirsinizsə və evdə əsəbi olursunuzsa, rəftarınızı dəyişməyə çalışın. Çünki uşaqlar valideynlərin rəftarını təqlid edirlər. Əgər evdə uşaqlarınızla yaxşı rəftar edirsinizsə, onda ailə səadətini əldə etmiş sayılarsınız.



Загрузка...