Uşaqların düzgün tərbiyə edilməsi bütün dövrlərdə valideynlər üçün çox aktual məsələdir. İnsanlar övladlarını tərbiyə edərkən əsasən öz dünyagörüşlərinə, ya da ata-analarının, özlərindən böyüklərin təcrübəsinə əsaslanırlar. Bəzən isə onlar mütəxəssislərə, psixoloqlara etibar edir, onların məsləhətlərindən nəticə çıxarırlar. Ancaq istənilən halda valideyn-övlad münasibətlərində, uşaqların düzgün tərbiyəsi məsələsində problemlər də ortaya çıxır. Mövzunun aktuallığını, uşaqların düzgün tərbiyəsi məsələsinin əhəmiyyətini nəzərə alaraq psixoloq Səkinə Mustafayeva ilə həmsöhbət olduq. Səkinə xanımla uşaq psixologiyası, bu gün uşaq tərbiyəsində yol verilən nöqsanlar, uşaqların düzgün tərbiyəsi metodları və s. barədə söhbət etdik.
- Həqiqətənmi uşaqların tərbiyəsi ana bətnindən başlayır?
- "Körpə ana bətnində olarkən onun tərbiyəsi ilə məşğul olmaq lazımdır” deyiminin doğruluğunu alimlər sübut ediblər. Qadın hamiləlikdən 3 ay öncə özünü psixoloji və fiziki cəhətdən ana olmağa hazırlamalıdır. Ancaq bu halda o, sağlam uşaq dünyaya gətirə bilər. Xüsusilə hamiləliyin 5-ci ayından sonra ana öz körpəsinə xoş sözlər deməli, onu əzizləməlidir. Daha çox klassik musiqilər dinləməli, açıq havada gəzməlidir. Bu özü də tərbiyədir.
Uşaq nəyin pis və ya yaxşı olduğunu anasının özünü necə hiss etməsindən anlayır. Ana narahat və ya əsəbidirsə, körpə də çox ağlayır, gecələr yatmır və s. Valideyn heç vaxt fikirləşməməlidir ki, övladı çox kiçikdir, o hələ heç nə anlamır.
Ümumiyyətlə, uşaq dünyaya gəldikdən sonra təməl prinsip onu sosial mühitə hazırlamaqdır. Bunun üçün isə öncə ata və ana öz münasibətlərini tənzimləməli, daha sonra övladları ilə düzgün münasibət qurmalıdırlar. Uşaqlar 5 yaşına qədər ailədə gördükləri hər şeyi şüuraltına yığırlar. Ona görə də valideyn övladına verdiyi tərbiyənin əhəmiyyətini dərk etməlidir.
6-7 yaşına kimi uşaqların tərbiyəsinə daha ciddi yanaşmaq lazımdır. Həmin dövrdə xarakterin ana xətti formalaşır. Artıq bu yaşa qədər balacalar özlərinə güvənməli, daxili komplekslərdən azad olmalı, özlərini sevməlidirlər. Bu yaşda özünə güvənən uşaqlar şüurlu sürətdə məktəbə təhsil almaq üçün getdiklərini bilirlər, yaxşı oxumağa can atırlar. Sonra ali məktəbə daxil olmağa, daha sonra karyera qurmağa çalışırlar.
- Uşaq tərbiyəsində sağlam psixoloji mühit nə qədər əhəmiyyətlidir?
- Bu, çox əhəmiyyətli məsələdir. Sevgi və nəvazişlə dolu, müsbət emosiyalı, mübahisə olmayan ailədə böyüyən uşaqlar digərlərindən özlərinə güvənmələri, özlərini yüksək qiymətləndirmələri ilə fərqlənirlər.
Qeyd edim ki, ailədə bütün vacib məsələlərdə, xüsusən uşaq tərbiyəsi ilə bağlı hər iki valideynin sözü üst-üstə düşməlidir. Yəni ananın sözünü ata və ya atanın sözünü ana inkar edərsə, bu zaman övladın düzgün tərbiyəsindən söhbət gedə bilməz. Uşaqların nitqi, danışıq tərzi də valideynlərin davranışı ilə birbaşa bağlıdır. Əgər valideyn övladı ilə kobud danışırsa, uşaq da dostları ilə, ümumilikdə ətrafdakılarla söhbət edərkən belə danışıq tərzi nümayiş etdirəcək. Valideynlər davranışları ilə öz övladlarına örnək olmalıdırlar. Məsələn, ata oğluna böyüklərə hörmət etməyi tövsiyə edirsə, amma özü yaşlılarla hörmətsiz davranırsa, insanlara qarşı laqeyddirsə, onun ədəb dərsi keçməsi mənasızdır.
- Valideynlə övlad arasında sərhəd, el dili ilə desək, "pərdə” olmalıdırmı?
- Ölkəmizdə valideynlərlə oğul-qız arasında müəyyən sərhəd hər zaman olub və indi də var. Bunun nəticəsidir ki, valideynlər övladlarının, övladlar isə valideynlərinin onları anlamamasından şikayət edirlər. Nə qədər ki, onlar arasında səmimiyyət, dostluq yoxdur, problemlər qaçılmazdır. Valideynlə dost olmayan övlad xarici mühitə can atır, ailədən uzaqlaşır. Ev onun üçün yalnız yemək, yatmaq, pul götürmək yeri olur.
Bizdə adətən atalar uşaqların tərbiyəsinə birbaşa qarışmır, bütün məsuliyyət isə anaların üzərinə düşür. Ancaq tək ananın tərbiyəsi yetərli deyil. Hər bir valideyn övladları arasında fərq qoymadan onların tərbiyəsi ilə məşğul olmalı, onlara sevgi ilə yanaşmalıdır.
- Valideynlərin öz uşaqlarını döyməsi, onlara zor tətbiq etməsi hallarına hələ də rast gəlinir. Bu cür tərbiyə üsulu nə dərəcədə effektivdir?
- Təəssüflə qeyd etməliyəm ki, bu gün həqiqətən də ayrı-ayrı ailələrdə valideynlərin öz övladlarına müxtəlif ağır cəzalar verməsi, aqressiv, zorakı davranışlar göstərməsi hallarına tez-tez təsadüf edirik. Amma heç bir psixoloq döyməklə, söyməklə, ağır cəzalar verməklə hansısa bir uşağın yaxşı tərbiyə olunduğunu deyə bilməz.
Ailədə uşağın şiddətə məruz qalması, ailədaxili zorakılıq, uşağa qarşı edilən aqressiv hərəkətlər gələcəkdə onun tərbiyəsində ciddi çatışmazlıqlar yaradır. Valideyn övladını kəşf edib öyrənmək əvəzinə, onun hər hansı adi hərəkətlərinə, davranışlarına dözə bilməyib onu təhqir edirsə, döyürsə, bu, körpənin aqressiv böyüməsinə və onda müəyyən psixoloji problemlərin yaranmasına gətirib çıxarır. Valideyn tərəfindən tez-tez döyülən uşaqlar natamam böyüyür, onların cəmiyyətə inteqrasiyasında problemlər yaranır. Belə uşaqlar sağlam ruhda böyümür, gələcəkdə özlərini bir şəxsiyyət kimi görmürlər. Nəticədə, onlar cəmiyyətdə, ailədə rahat ünsiyyət qura, sağlam düşünə bilmirlər, yaşıdlarına qarşı aqressiv, kobud hərəkətlər nümayiş etdirirlər.
Tərbiyənin ən yaxşı yolu valideynin öz münasibətini mimikası ilə ifadə edə bilməsidir. Yəni övlad atasının və ya anasının üzünün ifadəsindən anlamalıdır ki, valideyni onun hansısa hərəkətindən narazı qalıb. Digər uğurlu yol isə uşağın öz valideynlərinin səs tonunu tanımasıdır. Onlara qışqırmaqla yox, səs tonunu bir az yüksəltməklə hərəkətinin səhv olduğunu bildirmək lazımdır.
Uşağı döyərək tərbiyə etmək mümkün deyil. Döyülmək onda anaya, ataya qarşı nifrət yaradır. Yəni o, döyüldüyü üçün özünü günahkar saymır, əksinə, onu döyənə qarşı içində kin bəsləyir.
Psixologiyada "mükafat və cəza” adlı tərbiyə metodu da var. Burada mükafatlandırma dedikdə uşaqların bacarıqlarını və gözəl əməllərini qabardıb onları tərifləmək və ya onları sevindirəcək kiçik bir hədiyyə etmək nəzərdə tutulur. Bu, uşaqların xoşladığı şirniyyat, kiçik gəzinti və s. ola bilər. Onları pul və başqa qiymətli şeylərlə mükafatlandırmaq olmaz.
Cəza dedikdə isə qətiyyən fiziki təzyiqdən söhbət getmir. Uşaq nə qədər fiziki təzyiq görsə, o qədər tərs olur və deyilən sözün əksini edir. Yalnız onun öyrəşdiyi, xoşladığı şeylərə qısamüddətli qadağa qoymaqla cəza vermək olar. Məsələn, valideyn əvvəldən xəbərdarlıq etməlidir ki, bu cür davransan, səni bir günlük cizgi filminə baxmaqdan və ya bazar günü gəzintisindən məhrum edəcəyəm. Bu zaman ən önəmli məsələ valideynin verdiyi sözə əməl etməsidir. Əks halda, uşaqda valideynə inam itər və gələcəkdə onun heç bir sözünü dinləməz.
Ümumiyyətlə, valideynlər övladlarına kifayət qədər zaman ayırmalı, diqqət, qayğı göstərməlidirlər. Nəzərə almalıyıq ki, düzgün tərbiyə edilməyən uşaq gələcəkdə həm öz ailəsi, həm də cəmiyyət üçün problemə çevrilir.
-Valideynlər övladlarını tərbiyə edərkən daha çox hansı səhvlərə yol verirlər?
- Uşaq vaxtı çox döyülən insanlar deyirlər ki, mən heç vaxt öz uşaqlarıma əl qaldırmayacağam. Amma onlar özləri övlad sahibi olduqdan sonra bəzən eyni davranışı təkrarlayırlar. Elə ata, ana var ki, uşaqların düzgün tərbiyə edilməsi haqda müxtəlif kitablar oxuyur, özünü maarifləndirir, amma oxuduqlarını, doğru bildiklərini praktik həyatda yerinə yetirməyi bacarmır. Bəzi valideynlər ailədə həyat yoldaşına və ya işdə müdirinə və s. bərk əsəbiləşirlər, nəticədə isə heç bir günahı olmayan uşaqla aqressiv davranırlar. Bu, yolverilməzdir.
Uşaq psixoloqları valideynlərə övladları ilə danışarkən bəzi ifadələrdən istifadə etməməyi məsləhət görürlər. Məsələn, "sən heç nə bacarmırsan”. Bu cümlə uşağı uğursuzluğa proqramlaşdırır. Əslində isə deyilməlidir ki, özün etməyə çalış, əgər yardıma ehtiyacın olsa, mənə güvənə bilərsən.
"Götür, təki sakit ol!” ifadəsi də yanlışdır. Başları dinc olsun deyə, istədiyi hər şeyi uşağa verməklə razılaşan valideynlər nə zamansa "yox”, "olmaz” dedikdə, onların bu sözləri övladları tərəfindən ciddi qəbul edilmir. Uşaqlara "bunu almayacağıq, çünki pul yoxdur” demək də doğru deyil. Bu sözdən belə çıxır ki, əgər ana-atanın pulu olsa, dükandakı hər şeyi almaq olar. Əslində isə "Sənin bu cür oyuncağın var”, "Çox şokolad yemək ziyandır” və s. deyilməlidir, yəni nəyinsə alınmamağının əsl səbəbi izah olunmalıdır. Bəzən bu asan olmur, bir qədər vaxt ala bilər. Bəli, başa salmaq başdan eləməkdən çətindir, lakin uşaq valideynlərin onun istəyini niyə yerinə yetirmədiyini anlamalıdır.
- Uşaqları "xortdan gələr”, "it dişləyər”, "həkim sənə iynə vurar”, "polis gəlib aparar” və s. kimi ifadələrlə qorxutmaq onların psixologiyasına necə təsir edir?
- Həqiqətən, qadağa qoymaqla heç nə əldə edə bilməyən, övladları tərəfindən sözləri eşidilməyən valideynlər bir çox hallarda qeyri-ciddi metodlarla öz istəklərini həyata keçirirlər, onları müxtəlif əşyalarla, heyvanlarla, hətta insanlarla qorxudurlar. Onlar övladlarının psixoloji vəziyyətində qorxunun hansı mənfi nəticələrə, hətta isteriyaya gətirib çıxaracağını dərk etmirlər. Bütün bunlar, əlbəttə ki, yolverilməz hallardır.
- Sizin yanınıza gətirilən uşaqlarda daha çox hansı problemləri müşahidə edirsiniz?
- Bu gün ünsiyyətdə olduğumuz uşaqlarla bağlı ən ciddi problem valideynlərin onlara qarşı diqqətsizliyidir. Təəssüf ki, bir çox valideynlər düşünürlər ki, övladlarına nə qədər çox bahalı oyuncaqlar alsalar, onları əyləncə mərkəzlərində nə qədər çox gəzdirsələr, hər istəklərini yerinə yetirsələr, onlara bir o qədər çox diqqət göstərmiş olurlar. Əksər valideynlər bununla öz vəzifələrini bitmiş hesab edirlər. Ancaq övladları ilə ünsiyyətdə olmaq, onlarla söhbət etmək, fikirlərini bölüşmək ağıllarına gəlmir. Onlar bilmirlər ki, uşaqlar üçün çox müasir, bahalı oyuncaqlar yox, valideynləri ilə əylənmək, söhbət etmək, oynamaq maraqlıdır. Bu gün uşağı dinləmək, onun nə barədə düşündüyünü öyrənmək, onu narahat edən suallar barədə söhbət etmək sabahkı bir çox psixoloji problemlərin qarşısını almaq deməkdir.
Ü.FƏRZƏLİYEVA