Məktəbli yaşında uşaqları olan bir çox valideyn onlarda oxumağa həvəsin olmaması problemi ilə üzləşir. Bəzilərində bu həvəs birinci dərsi ilində itir, bəzilərində isə müxtəlif səbəblərdən ümumiyyətlə olmur.
Bəs valideynlər nə etməli, uşaqları oxumaqa necə həvəsləndirməlidir? Dərsə marağın olmaması problemi hər zaman aktualdır. Uşaqları dərs oxumağa stimullaşdırmaq üçün bir çox fikirlər mövcuddur. Gəlin bu fikirlərin bəziləri ilə tanış olaq.
1. Tərif
Ailədə elə şərait yaradılmalıdır ki, uşaq özü oxumağa həvəs göstərsin. Əgər uşaq valideynlərin münasibətinə qiymət verirsə, yaxınlarının məhəbbətini və qayğısını hiss edirsə o başa düşəcək ki, dərsə ciddi yanaşma onlar üçün vacibdir. Uşaq həmçinin biləcək ki, əgər onda nə isə alınmasa hər zaman valideynlərin köməyinə arxalana bilər. Belə ailələrdə qiymətlərə görə deyil, keyfiyyətli və yaxşı oxumağa görə tərif uşaq üçün çox şeydir və dərs oxumaq üçün də əla stimul yaradır.
2. Adekvat özünəqiymət
Dərsə marağın artması üçün vacib amildir. Uşağa özünə inamı öyrətmək lazımdır. "Səndə hər şey alınacaq” – bu fikir uşaqlara valideynlər tərəfindən daim təlqin olunmalıdır. Bu zaman məktəblidə dərs oxumaq prosesinə münasibət dəyişəcək.
3. Hədiyyələr
Yaxşı oxumağa və rüblüyü layiqincə başa vurmaq üçün uşağın çoxdan arzusunda olduğu hədiyyə və ya valideynlərin tətil günlərində təşkil edəcəyi maraqlı səyahətlər də yaxşı stimul ola bilər.
4. Rəqabət ruhu
Bəzən uşaqların mənliyinə toxunmaq da onların dərs oxumağa marağını artırır: "Məgər mən başqasından əskiyəm? Mən də yaxın dostum, rəfiqəm, qardaş və ya bacım kimi əla oxuya bilərəm!” Bəzən də uşaq böyüdükcə əks cinsə mənsub sinif yoldaşının diqqətini cəlb etmək istəyi də dərs oxumaq üçün stimul yarada bilir. Bu zaman valideynlər də uşaqda yaranan müsbət rəqabət hissini hər cür dəstəkləməlidirlər.
5. Uzunmüddətli hədəflərə can atma
Daha böyük uşaqlara gələcəkdə maraqlı peşəyə yiyələnmək, təhsilini nüfuzlu məktəblərdə davam etdirmək istəyi də stimul ola bilər.
6. Pulla təltif etmə
Son zamanlar valideynlər daha çox uşaqları təhsilə pulla təşviq etdiklərini deyirlər. Yəqin ki, bu vasitəni də stimul verici amil hesab etmək olar. Lakin bu zaman nə baş verir? Uşaqda stimul yaranır, amma dərs oxumağa deyil, yaxşı qiymətlər almaq üçün müxtəlif vasitələr axtarmağa. Belə vasitədən istifadə edən valideynlər başa düşməlidir ki, bu situasiyada uşaqlar öz çıxarlarına görə hərəkət edirlər. Uşaqların yeni biliklərə yiyələnməsinə həvəs yaratmaq üçün, məhz həvəs yaratmaq üçün stimul verici amillər yetəri qədərdir. Buna görə də yaxşı qiymətlərə görə təltifi pul ekvivalentinə keçirməyə və biliyə yiyələnmək prosesini biznes relsinə qoymağa ehtiyac yoxdur. Uşaqları inandırın ki, biliyə yiyələnmə bacarığı hər kəsə vacib olan qiymətli yükdür və bu bacarıq gələcək həyatında mütləq lazım olacaq.