Təhsilin, innovasiyaların, iqtisadi tərəqqinin açarı
Dos. İlham Əhmədov
Bildiyiniz kimi, bir həftə əvvəl ölkənin 3 mühüm nazirliyinin iştirakı (TN, İN, RNYTN) ilə "Təhsil, innovasiyalar və iqtisadiyyat” mövzusunda panel müzakirəsi keçirildi. Bu gün bu 3 nazirliyi birləşdirə bilən yeganə termin distant təhsil ola bilər.
Çünki, bu termin təhsil, texnologiya, innovasiya, rəqəmsal iqtisadiyyat, insan kapitalı kimi mühüm amillərin sinergetik inkişafını nəzərdə tutur. Əvvəllər qeyd etdiyimiz kimi, mükəmməl distant təhsil sistemi nəinki bir universitet, heç təhsil nazirliyinin gücü ilə də yaradıla bilməz. RF-da 25 il əvvəl bu işi 6-7 nazirliyin iştirakı ilə yaradılmış dövlət komissiyası 5 ilin ərzində həyata keçirmişdi. Ölkəmizdə bu günə qədər distant təhsilin yaradılmamasında bu 3 nazirliyin "xüsusi xidmətləri" olub.
ABŞ Futuroloqu Tomas Fyer yazır: "hesab edirəm ki, 2030-cu ildə ən güclü İnternet Biznes bu gün heç kimin tanımadığı təhsil şirkəti olacaqdır”. Yəni, çox yaxın gələcəkdə dünyada ən böyük biznes İnternet üzərindən olan təhsil xidmətləri, onlayn təhsil bazarı olacaqdır. Çünki, innovasiya cəmiyyətində hamı, hər zaman oxumaq məcburiyyətində olacaq. Belə kütləvi oxuma, təhsil alma prosesi yalnız distant təhsil texnologiyaları ilə təşkil edilə bilər.
B.Geyts hələ 20 il əvvəl deyirdi ki, yaxın illərdə sizin biznesiniz ya İnternetdə olacaq, ya da sizin heç bir biznesiniz olmayacaq. Daha sonralar o qeyd edirdi ki, yaxın zamanlarda universitetlər İnternetlə rəqabət apara bilməyəcəklər. Artıq hər iki proqnoz özünü doğrultmuşdur, bu artıq reallıqdır. Biznes, o cümlədən təhsil xidmətləri İnternet üzərindən reallaşır və universitetlər bu rəqabətdə uduzurlar. Baxmayaraq ki, bu universitetlər 20-25 ildir distant təhsil yaradılması və onun təkmilləşdirilməsi istiqamətində intensiv işləyiblər. Bu istiqamətdə heç bir iş görməyən bizim universitetlərin sonu nə olacaq?
Proqnozlara görə 2030-cu ildə qlobal onlayn təhsil bazarının tutumu 10 trilyon dollar olacaqdır (bizdə neft tükənən ərəfədə). Bu bazarda hələlik bizim payımız yoxdur, belə getsə olmayacaq da. Bizdə son 15 ildə təhsildə aparılan çoxmilyardlıq təmir-tikinti işlərinə yönəli maliyyənin müəyyən hissəsini distant təhsilin inkişafına yönəltsəydik, bu gün onlayn təhsil bazarında mövqeyimiz ola bilərdi. Virtual təhsil epoxasında tikintiyə yox, virtual resursların yaradılmasına investisiya qoyulmalıdır. Bu gün heç bir kampusu olmayan, amma milyonlarla tələbəsi olan virtual universitetlər var ki, dövriyyələri milyardlarla dollardır. Bizim təhsil sistemimiz təəssüf ki, bu sadə həqiqətləri 20 ildir qəbul etmək istəmir.
Bu gün distant təhsilin heç bir normativ bazası, resurs təminatı (kadr, elmi-metodik, texniki-proqram, maliyyə v.s.) olmadan, onun bütün ölkə boyu həyata keçirilməsi cəhdi bizdə təəccüb və təəssüf doğurur. Tələbələrin bu ərəfədə heç bir qanuna əsaslanmayan imtahanlarla əlaqəli iddiaları da bu proseslərin düzgün qurulmaması səbəbindən idi.
Düzü, yuxarıda qeyd edilən tədbirdə distant təhsil məsələlərinə də toxunulacığını zənn edirdim, çünki, bu problem hər 3 nazirliyin ortaq fəaliyyət meydanı ola bilərdi, amma panel müzakirədə bu məsələnin heç adını da çəkən olmadı.
Distant təhsilin hələ də yaradılmaması təhsil sistemimizə bir sıra əlavə problemlər yaradır. Bu problemlərin çoxunu əvvəllər qeyd etmişik. 2 həftə öncə AR TN-nin təşkilatçılığı ilə keçirilən "Təhsil İdarəçiliyi” Beynəlxalq konfransında qeyd edilirdi ki, "... ali və peşə təhsilində əlçatanlıq problemimiz var. Azərbaycanda təhsilalanların ali və peşə təhsilində əhatəliliyi dünyanın inkişaf etmiş ölkələri ilə müqayisədə xeyli aşağıdır. Biz təbii ki, daha çox insanın ali təhsil almasında maraqlıyıq. Lakin, həm maliyyələşmə, həm də keyfiyyət baxımından, xüsusi ilə ali təhsil səviyyəsində kəmiyyət artımının keyfiyyət tənəzzülü ilə bir anda baş vermədiyindən əmin olmalıyıq. Bu, gələcək iqtisadiyyatın düzgün qurulması baxımından çox vacibdir”.
Bu problemləri biz hələ 15 il əvvəldən yazmışdıq. Bütün bu problemlərin ən səmərəli həlli ölkədə keyfiyyətli distant təhsil sistemini yaratmaqdan keçir. İndi bu işlərə başlanılsa, problemlər yaxın 10 ilə bəlkə həll edilə bilər. Bunun üçün TN son 20 ildəki səmərəsiz təhsil siyasətindən imtina etməli, müasir təhsil sistemi qurmaq haqqında düşünülməlidir.
Görəsən distant təhsilin ölkəmizdə yaradılması və inkişafı nə kimi problem yaradır ki, ona belə embarqo qoyulub. Bir çox ölkələrin 20-ci əsrdə yaratdığını biz 21-ci əsrdə hələ də yarada bilmiriksə, onda hansı təhsil, innovasiyalar və iqtisadiyyatdan danışırıq?