AzTehsil.com


Xəbərlər / Ziyalılar / Müəllim
28 mart 2020
2 282


"Distant təhsili olmayan universitetin beynəlxalq nüfuzu ola bilməz"-Dosent İlham Əhmədov



"Distant təhsili olmayan universitetin beynəlxalq nüfuzu ola bilməz"-Dosent İlham Əhmədov

 

Müasir dünyada ölkələrin rəqabətədavamlılığı artıq ciddi bir  faktora  çevrilmimişdir.

Qloballaşma hər bir ölkənin davamlı inkişafı üçün cəmiyyətin bütün sahələrində beynəlxalq rəqabət prinsiplərinə çevik yiyələnməyi  tələb edir.  Ölkələrin rəqabətqabiliyyəliyi isə onun  insanlarının rəbabətqabiliyyətliyi  ilə təyin edilir. Bu işdə təhsil sisteminin rolu  aparıcıdır. 
Qloballaşma prosesləri artıq 30 ilə yaxındır ki, təhsildə də özünü göstərir. Bu İKT-nin təhsil sisteminə nüfuzu hesabına mümkün olmuşdur. Təhsildə gedən qlobal proseslərin səciyyəvi xüsusiyyəti onun fasiləsiz modernləşməsidir. Müasir  təhsildə modernləşmənin əsas məqsədi kütləvi və əlyetərli  təhsil şəraitində yüksək keyfiyyətə nail olmaqdır.  Bu məqsədə  nail olmaq üçün  İKT  bazasında yaranan təhsil innovasiyalarından geniş istifadə edilir.  Bunun bariz nümunəsi isə distant  təhsildir. Ona görə mütəxəssislər distant təhsili 21-ci əsrin təhsil innovasiyası hesab edirlər.  
Son iki  ayda pandemiyanın təsiri ilə   bütün dünyada distant təhsil, onlayn təhsil ideyaları daha  da  aktuallaşdı.  O,  ölkələr ki,  son 20- 25 il ərzində   effektiv  distant təhsil sistemi yarada bilmişdilər, həmən ölkələr problemsiz olaraq 3-4 gün ərzində bütün ölkə  boyu  təhsil sistemini onlayn təhsilə asanlıqla transformasiya edə bildilər. Hansı ölkələrdə ki,  distant  təhsil sistemi  yox   idi,  bu ölkələr gec də olsa, nəhayət ki,  bu barədə  düşünməyə başladılar.  Lakin artıq çox gecdir. 
 
Normal şəraitdə distant təhsil sistemi qurmaq istəməyənlər ( bunun əhəmiyyətini və zəruriliyini  vaxtında  düzgün qiymətləndirə bilməyənlər) və ya bacarmayanlar ( səriştəsizlikdən və ya digər səbəblərdən)   indiki  pandemiya şəraitində,  məktəblərin   və  universitetlərin  bağlı olduğu, əhalinin karantin tələblərinə uyğun olaraq "evdə qal” rejiminə keçdiyi  halda  tələsik olaraq  bunu necə edəcəklər?  Buna  illər və  milyonlarla pul lazımdır.   İqtisadi artım   illərində   bunu etmək istəməyənlər, iqtisadi böhran illərində görəsən   buna pul tapa biləcəklərmi ? 
Beynəlxalq təcrübə göstərir ki, 10 fakultəsi və  20.000 tələbəsi olan universitetdə DT sistemini qurmağa 10  il vaxt,  təxminən  20-30 milyon dollar pul lazımdır. Təbii ki, bu məsrəf   bizim universitetlərin  imkanı  daxilində  deyil.  TN  burada öz  funksiyasını  vaxtında   yerinə yetirməli, universitetlərə  hər cür dəstək verməli idi. Amma   biz  15- 20  il  ərzində  bunun  tam  əksini müşahidə etdik. 

Hətta  öz  vəsaiti hesabına  dünyanın tanınmış  universitetlərində  distant təhsil alan tələbələrə  ( o cümlədən ikinci ali təhsil alan, kurs bitirən v.s.)  TN "diplomunuzu tanımayacam”  kimi  "hədələr”  də  gəlirdi  (bu gün də bu münasibət davam edir).  Əvvəla   ali təhsilə  dair  diplomların tanınması haqqında beynəlxalq  və  lokal qanunlarda belə müddə yoxdur,  distant təhsil alan tələbə ildə iki dəfə sərhədi keçməlidir. Bu  beynəlxalq qanunlara  sayqısızlıqdır TN tərəfindən. Heç nostrifikasiya  haqqında  əsasnamədə  də belə bənd yoxdur, bu  bəzi təhsil məmurlarının   özlərinin yazdığı  qanunu  bilərəkdən  pozması,  distant təhsilə  etimadın azaldılmasıdır.    İkincisi ölkə iqtisadiyyatının 80% özəl sektordur, TN heç bir özəl müəssisəyə  "hansı diplomu tanı, hansı diplomu tanıma”  kimi göstəriş verə bilməz və vətəndaş da distant təhsil alıb özəl sektorda   problemsiz  işləyə bilər. Bu diplom yerli universitetlərin  verdiyi  diplomlardan  fərqli olaraq  bütün dünyada  tanınır, bu diplomun arxasında olan bilik və bacarıq yerli universitetlərin verdiyi bilikdən az deyil ki, çoxdur. 
  Beynəlxalq  əmək bazarı  elə  səviyyəyə gəlib ki, bir çox  şirkətlər vakant yerə  əməkdaş  işə qəbul edərkən, heç diploma da  baxmırlar, əsas  namizədin  real bilik, bacarıq və səriştəsidir.  Buna  da  distant  təhsil formatında  nail olmaq  daha asan və  ucuzdur.  Xaricdə  bir çox şirkətlər  distant  oxuyan  tələbəni və ya məzunu daha tez işə qəbul edir, çünki onlar artıq informasiya məkanında  yüksək  iş qabiliyyətinə  malikdirlər,  bu  keyfiyyət  informasiya cəmiyyətində,  rəqəmsal iqtisadiyyat  və  4-cü sənaye inqilabı  dövründə  çox  mühümdür. Bir çox distant təhsil almış məzunlar   məsafədən  iş rejimində hətta  xarici  şirkətlərdə işləmək imkanına  malikdirlər.  Bu keyfiyyət distant  təhsilin tələbəyə  qazandırdığı əsas səriştələrən biridir. 

 Ölkəmizdə   distant təhsili yaratmaq  üçün bu gün  peşəkarlardan ibarət mütəşəkkil  layihə qrupları  lazımdır,  belə komanda    hər bir universitetdə  olmalıdır.  Təəssüf  ki,    distant təhsili incəliklərini  kifayət   qədər bilən belə komanda  nə universitetlərdə, nə də nazirlikdə yoxdur. Bəs niyə  biz  illəri belə  məsuliyyətsizliklə   itirmişik?  Niyə bu 20 il ərzində bu məsələləri bilən mütəxəssislər yetirməmişik?  Bilənlərə   niyə  dəstək olmamışıq ki, tədricən işi irəli aparsınlar?  

Təhsil Nazirliyi  2009-cu ilə qədər  deyirdi ki, yeni "Təhsil Qanunu”  qəbul ediləndən sonra  biz də  distant təhsili inkişaf etdirəcəyik.  Təbii ki, bu  bəhanə idi.  Çünki  distant   təhsil texnologiyadır, artıq təhsil forması deyil, bundan əyani, qiyabi və ekstern təhsil alan  bütün  tələbələr faydalana bilər  və  bu  müddəanın  "Təhsil Qanun”unda  olmasına  ehtiyac yoxdur.   Sonrakı  dövrdə  isə  TN deyirdi ki,  distant  təhsilin tətbiqi mexanizmi və hüquqi-normativ bazası olmadığından   biz   bunu  inkişaf etdirə  bilmirik.  Bəs distant təhsilin  tətbiqi  mexanizmini  və  normativ bazasını görəsən  kim  yaratmalı idi? Bəlkə bu kənd təssərrüfatı  nazirliyinin və ya hər hansı digər nzirliyin vəzifəsi idi?  Yoxsa TN   öz  vəzifəsini bilmir ya  icra etmək istəmir?  Distant təhsilin  normativ bazasını   illərlə yarada bilməyən  bir qurum, lazım  gələndə çox  cəld işləyirdi.  Belə ki,  2009-cu ildə,  "Təhsil Qanunu”  qəbul ediləndən  az  sonra,  TN  çox  operativ olaraq  öz  nizamnaməsində  dəyişiklik edərək, orada  distant  təhsillə  əlaqədar  olan  maddələri  ixtisar etdi.  Belə  "söz oyunu”  indiyə qədər də davam edir, bunun ziyanını  isə  bu gün  şagirdlər, valideynlər, müəllimlər, universitetlər  çəkirlər.   Bu katoqoriya insanlar   ölkə əhalisinin 50%-dən çoxudur. Çünki, təhsil hər bir ailənin həyatına  nüfuz  etmişdir. 

Bəzən   ekspertlərə  və  digər  tədqiqatçılara  deyirlər ki,  tənqid etmək asandır, konkret  nə kömək edə bilərsiniz?  Bu mənada  bəzi faktları  qeyd  etmək istərdik.  2005-ci idə   "Azərbaycan Respublikasında  Distant Təhsilin yaradılması və inkişafı strategiyası"  və  müvafiq   5 illik icra planı tərəfimizdən hazırlanıb TN-ə  təqdim edilmişdir.  Daha sonra  2010-cu ildə  "Universitetlərdə DT yaradılması strategiyası" və   müvafiq  5 illik icra planı tərəfimizdən hazırlanıb TN-ə verilmişdi.   Sonrakı  illərdə də TN-nin  səlahiyyətli  məmurları ilə  müxtəlif  tədbirlərdə və fərdi  söhbətlərdə bu məsələnin zəruriliyi dəfələrlə vurğulanmışdır.  İnsafən orta pillə kadrları  bunu etiraf edirdilər hər zaman, amma hiss edilirdi ki, rəhbərliyin  fikri tam fərqlidir.  Vəziyyət  hələ də  dəyişməmişdir. Rəsmilər əsas  arqument kimi bu  işdə  maliyyə qıtlığını və normativ bazanın yoxluğunu   göstərirlər.  

Maliyyə  qıtlığı ilə  əlaqədar  qeyd edək ki, illər ərzində  hər universitetlərin təmirinə, əlavə korpusların tikilməsinə,  binalara üzlük vurulmasına v.s. təmir işlərinə aludəçilik  nəticəsində  milyonlarla vəsait  sərf edilişdir.  Belə səxavəti TN  niyə  distant təhsilin yaradılmasında  göstərməyib?  Bir neçə dövlət proqramları icra edilib bu istiqamətdə, hanı nəticəsi?  Hətta büdcənin bol vaxtında  universitetləri  şəhərdən  kənara   çıxarmaq üçün ətraf qəsəbələrdə kampusların   tikintisinə yüz milyonlar ayrılması nəzərdə tutulanda belə onlayn təhsilə pul ayırmaq, bu sahəni formalaşdırmaq  heç  yada düşmürdü.

TN  universitetlərə karantin dövründə distant təhsildən istifadə etməyi tövsiyyə edib,  bu məqsədlə MİCROSOFT TEAMS  proqramından istifadəni məsləhət bilib.    İndi ölkə üzrə bütün universitetlərin rəhbərliyi   və professor-müəllim heyəti evdə oturduğu, tələbələrin pərakəndə halda rayonlarda  olduğu  fövqəladə şəraitdə   TN   az vaxtda distant təhsil sistemi yaratmaq  cəhdi yəqin ki, fiasko olacaq.    AzTV-nin   və  votsapın köməyi  ilə  distant  təhsil görüntüsü yaratmağa  cəhd ediləcək  yəqin ki.    Universitetlərin və  professor- müəllim heyətinin distant təhsil barədə təcrübəsi və bilgisi olmadığı halda,  bu  proqramla  tanış olmadığı halda bunu  necə operativ  reallaşdırmaq olar görəsən?  Əvvəlcə  professor- müəllim heyəti   üçün distant təhsilə dair xüsusi təlim təşkil edilməli idi, (hər halda  beynəlxalq təcrübədə   belə olmuşdur,   bu məqsədlə 72 və  144  saatlıq xüsusi kurslar var). Belə  ilkin  hazırlıq olmadan az vaxtda universitetlər  xaotik  və plansız, strategiyasız  işlər  görərək distant təhsil qura  bilməzlər. TN  bəlkə düşünür  ki,  DT sistemini 1-2  aya "quraq”,  sonra  da  strategiya  hazırlayarıq ?   TN   yaxşı ideyanın pis icra  edərək,  yarımçıq  yaradılmış informasiya- təhsil mühiti    vasitəsi  ilə   oxumağa  çox da həvəsli  olmayan  tələbələrdə distant  təhsilə qarşı  mənfi  münasibət, psixoloji  diskomfort    yarada  bilər.  Bu   "qaş düzəltmək əvəzinə gözü kor etmək”   olar.
 
Mövcud  fövqəladə  şəraiti nəzərə alsaq,  əslində  distant təhsilə  hazırlıq üzrə xüsusi kurs da  distant formatda olmalı idi.  Bu məqsədlə vaxtında "universitet müəllimlərinin təkmilləşdirilməsi və ixtisasartırılması"  kimi bir qurum yaradılmalı və  onun köməyi  ilə bu kursu  təşkil etmək lazım  idi.  Təəssüf ki, bu gün ölkədə  universitet müəllimlərinin təkmilləşdirilməsi və ixtisasartırılması  sistemi yoxdur.  
Ölkədə təhsilin  informatlaşması ilə  də  ciddi məşğul olan  qurum yoxdur. Amma  ölkə  səviyyəsində  təhsilin  informatlaşması   ilə məşğul  olan  elmi-metodik-texniki quruma  (Mərkəz)  ehtiyac vardı.   RF nəinki  ölkə səviyyəsində, hətta   universitetlər    səviyyəsində  20 ildir ki,  belə qurum- "Təhsilin İnformatlaşması”   adlı  institutlar   fəaliyyət göstərir (hər biri  100-200 nəfər ştatla).  Sonralar   həmən institutlar  inkişaf edərək   "Distant Təhsil”  institutlarına  çevrildi. Bu institutlar  öz  böyük   potensialı  ilə  universitetlərdə distant  təhsil sistemi yaratdılar.  Bizim universitetlərdə bu işlə  indi  hansı infrastruktur məşğuldur görəsən?  

20 il ərzində   ölkədə təhsil islahatları   getdiyi  dönəmdə  nazirliyin nəznində və  universitetlərin  tərkibində    təhsilin informatlaşması mərkəzlərinin  yaradılması və  onların  layihələrinin  maliyyələşdirilməsi  çox  vacib idi. Çünki indiki dönəmdə təhsil islahatlarının  lokomotivi  İKT olmalıdır.
  
 Distant  təhsil  sistemi  ölkə  təhsilinin səviyyəsini göstərən mühüm indikatordur.  Ölkədə  təhsilin informatlaşması  təbii olaraq  distant  təhsil sisteminin yaradılmasına  gətirir. Eyni  ilə də universitetdə  təhsilin informatlaşması  təbii olaraq  distant  təhsil sisteminin yaranması ilə  nəticələnir. 

Ali təhsili  islahatlarının  ikinci  hərəkətverici qüvvəsi isə   onun  elmi təminatı yaradılmalı idi.  Bu elmi təminat reallaşan  ali  təhsil islahatlarının  beyin    mərkəzi olmalı idi. Bu günə qədər bu mərkəzlər  də yaradılmayıb.  Ona görə də Boloniya prosesi 15 ildir ki, heç bir  nəticə vermir.  Heç  universitetlərimizdə də belə  mərkəzlər yoxdur.  Biz dəfələrlə TN təklif vermişik, məqalələrdə qeyd etmişik ki, heç olmazsa 4-5 universitetin nəznində  istiqamətlər üzrə  ali təhsilin problemləri adlı kiçik  elmi-tədqiqat  institut və ya  böyük  elmi tədqiqat  laboratoriyası  yaradılsın (məsələn, ali texniki təhsilin problemləri, ali iqtisadi təhsilin problemləri v.s.)
Bütün bunlara  rəğmən  2012-ci  ildə ali təhsilin problemlərinə dair  maraqlı  jurnal nəşr edilməyə başlandı  ("Ali təhsil və cəmiyyət”).  Lakin   2013-cü ildə   ali məktəblərə  çox lazımlı  bu   jurnal nədənsə  bağlandı. 
  
Distant Təhsilin ölkəmizdə  vaxtında yaradılmaması TN  tərəfindən   reallaşan  Dövlət Proqramlarının səmərəsini   də  azaldır.   Məlum olduğu kimi  "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”  qəbul edilmişdi.  Proqram çərçivəsində ümumilikdə 3600  nəfərə yaxın  Azərbaycan vətəndaşı  350-dən çox   nüfuzlu ali təhsil müəssisəsində təhsil almışdır.  Lakin onların   müəyyən  hissəsi  təhsilini tamamladıqdan sonra  xarıcdə qaldı və vətənə dönmədi, beləliklə də dövlətin onların hər birinə  xərclədiyi  yüz minlərlə   dollar   vəsait ölkə iqtisadiyyatına  xeyir vermədi, real olaraq  ölkəmizin insan kapitalına çevrilmədi.  Amma  ölkəmizdə distant  təhsil sistemi  olsaydı  və ya  bu  gənclərin  həmən ölkələrdə ali təhsilini distant almasına şərait yaradılsaydı,   onlar Bakıda yaşayaraq  həmən universitetlrdə  təhsil alacaqdılar  və  təhsillərini  də  tamamladıqdan  sonra  da  ölkəyə qayıtmaq   kimi problem  olmayacaqdı.  Digər tərəfdən bu  Dövlət Proqramına   ayrlan vəsaitə 3-4 min yox,  20-25  min gənc xarici universitetdən  onlayn təhsil və diplom ala  biləcəkdi. Çünki, yol pulu, sığorta, yaşayış və qidalanma  v.s.  xərclərə, təhsil haqqına (distant təhsil dəfələrlə ucuzdur)  qənaət ediləcəkdi. Biz  vaxtı  ilə  bu  Dövlət Proqramı  hazırlanarkən  TN belə  təklif    vermişdik.  Heç olmasa  bu tələbələrin 50%  distant oxusaydı, Dövlət Proqramı  daha  səmərəli icra olunardı. 

Məlum olduğu kimi   hal hazırda  isə  "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” icra edilir.  Bu proqrama görə də müəyyən qism gənclər  xarıcdə  doktorantura  təhsili alacaqlar.   Dövlət Proqramının  əsas  hissəsi  isə 5 istiqamət üzrə ikili diplom verilməsinə həsr edilib. Proqramda  qeyd edilir:  "Beynəlxalq ikili diplom proqramları yolu ilə əcnəbi professor-müəllim heyətinin Azərbaycan Respublikasının ali təhsil müəssisələrində əmək fəaliyyətinə cəlb olunması müasir tədris texnologiyalarının daha sürətli yayılmasına şərait yaratmaqla yanaşı, təhsillərini Azərbaycan Respublikasında davam etdirən gənclərimizə də yeni imkanlar açmalıdır”.  Bu məqsədlə  hər hansı bir  xarici unuversitetlə birgə konkret ixtisas üzrə tədris planı hazırlanacaq  və həmən universitetin professorları  gəlib  Bakıda universitetlərdə  dərs deyəcəklər.   Bu  layihəni də   distant  təhsil üzərindən daha tez, ucuz və daha əhatəli  reallaşdırmaq  mümkün idi.  Bu halda  tələbələrimiz  müvafiq xarici dili öyrənib sertifikat aldıqdan  və  ilkin  seçimdən keçdikdən sonra,   ikili diplom  proqramı kimi  həmən universitetin   hazırladığı  təhsil proqramını   onlayn  formatda   öyrənə bilərdi.   Bu daha operativ, ucuz və davamlı ola bilərdi,  layihəyə  cəlb edilən universitetlərin  sayı da mox ola bilərdi. 

Göründüyü kimi distant təhsilin  uzun illər  ərzində  heç bir  ciddi əsas olmadan  inkar edilməsi təhsilimizin   dünənini,  bu gününü   və  sabahını   xeyli geri  salıbdır.  Aparılan təhsil islahatlarının yekunu olaraq deyə bilərik ki,  "Kurikulum islahatı”nın  keyfiyyətsiz  icrası,   bərbad  məzmunda  hazırlanmış məktəb  dərslikləri  orta  təhsilimizə  nə qədər  ziyan vurmuşdusa,  (PİSA-2018 beynəlxalq  qiymətləndirmə nəticələrini yada salın) ,  distant təhsilin yaradılmasına  mane olmaqla da   ali təhsilin inkişafına  bir o qədər ziyan vurulmuşdur.  

Pandemiyadan sonrakı  dövrdə  onlayn təhsilə, virtual təhsilə təlabat daha da artacaq.  Hələ  15  il  əvvəl  "...Azərbaycanda  virtual dərslər keçirilməlidir...”   deyən  ölkə rəhbərliyinin  TN qarşısında qoyduğu vəzifə hələ də öz  həllini gözləyir.   Vaxtında distant təhsil sistemi qurmayan ölkələrin universitetləri  yaxın  gələcəkdə  qlobal reytinqi yüksək olan  xarici  universitetlərə  yerli təhsil bazarında da  uduzacaqlar.  Artıq  bir  milliard tələbəni pulsuz oxuda bilən olnlayn universitetlər  yaradılır. Sünü intellektin  yazılı və şifahi  sürətli  tərcümə imkanları   ilbil artır.  Bunun nəticəsində bizim tələbələr yaxın zamanlarda  hətta  bilmədiyi  xarici dildə  əcnəbi universitetlərdətəhsil ala biləcəklər. Bu yaxın illərin perspektividir. Bu zaman bizim  milli universitetlərin  durumu  xeyli çətinləşəcəkdir. 

Bu gün  distant təhsili olmayan universitet  beynəlxalq  təhsil məkanında  ciddiyə alınmır.   Belə  universitetlər  tədricən  tələbələrini itirəcək,  qlobal   rəqabətdə məğlub olaraq öz fəaliyyətini saxlamaq məcburiyyətində  qalacaqlar. Bu təhsildə gedən qlobal trendlərin  acı  nəticəsidir.

Dosent İlham Əhmədov.Təhsil eksperti



Загрузка...
Həmçinin oxuyun:
"Distant təhsili  olmayan universitetin  beynəlxalq nüfuzu ola  bilməz"-İlham Əhmədov

"Distant təhsili olmayan universitetin beynəlxalq nüfuzu ola bilməz"-İlham Əhmədov

Distant  təhsil  bizdən niyə  distant düşüb ?

Distant təhsil bizdən niyə distant düşüb ?

Göydə peykimiz də var... Amma təhsilimiz yerdə sürünür

Göydə peykimiz də var... Amma təhsilimiz yerdə sürünür

Distant təhsil  və xüsusiyyətləri

Distant təhsil və xüsusiyyətləri

UNEC-də dərslər distant formada təşkil ediləcək

UNEC-də dərslər distant formada təşkil ediləcək

İmtahanların da distant keçirilməsi mümkündür

İmtahanların da distant keçirilməsi mümkündür

Pandemiya universitetlərin rəqəmsallaşdırma perspektivlərini açmağa kömək etdi

Pandemiya universitetlərin rəqəmsallaşdırma perspektivlərini açmağa kömək etdi

Prezident İlham Əliyev Ağstafa rayonunda yaradılan distant təhsil layihəsi ilə tanış olub

Prezident İlham Əliyev Ağstafa rayonunda yaradılan distant təhsil layihəsi ilə tanış olub

İctimai Şura üzvləri UNEC-də distant dərs prosesini izləyiblər

İctimai Şura üzvləri UNEC-də distant dərs prosesini izləyiblər

Leyla Əliyeva UNEC-də distant dərsləri izləyib

Leyla Əliyeva UNEC-də distant dərsləri izləyib

Təhsil sistemi distant tədrisə keçir

Təhsil sistemi distant tədrisə keçir

“Müalicə alan məktəbyaşlı uşaqların distant təhsili” layihəsi çərçivəsində “Bilik günü”

“Müalicə alan məktəbyaşlı uşaqların distant təhsili” layihəsi çərçivəsində “Bilik günü”

Təhsil mürəkkəb dinamik sistemdir

Təhsil mürəkkəb dinamik sistemdir

Azərbaycanda ümumi təhsilin distant forması ləğv edilib

Azərbaycanda ümumi təhsilin distant forması ləğv edilib

“Distant təhsil bizdən niyə distant düşüb?”-İndoneziyada işləyən professor cavab  yazıb

“Distant təhsil bizdən niyə distant düşüb?”-İndoneziyada işləyən professor cavab yazıb

“Müalicə alan uşaqların distant təhsili” layihəsinə yeni tibb müəssisəsi qoşulub

“Müalicə alan uşaqların distant təhsili” layihəsinə yeni tibb müəssisəsi qoşulub

Tətil davam edir necə hərəkət edək?

Tətil davam edir necə hərəkət edək?

Formal təhsilin təşkili qaydaları

Formal təhsilin təşkili qaydaları

"Formal təhsilin təşkili Qaydaları"  NK-nın 6 avqust 2010-cu il  tarixli № 147-li QƏRARI

"Formal təhsilin təşkili Qaydaları" NK-nın 6 avqust 2010-cu il tarixli № 147-li QƏRARI

Qiyabi təhsil lazımdırmı? - Əmək bazarında yaranan problem və çətinliklər – ARAŞDIRMA

Qiyabi təhsil lazımdırmı? - Əmək bazarında yaranan problem və çətinliklər – ARAŞDIRMA

BMU-da distant təlimlər

BMU-da distant təlimlər

Təhsil almaq üçün xaricə üz tutanlar - sonrasını da düşünün!

Təhsil almaq üçün xaricə üz tutanlar - sonrasını da düşünün!

Azərbaycanda hansı xarici universitetlərin diplomu tanınmır?

Azərbaycanda hansı xarici universitetlərin diplomu tanınmır?

Təhsildə keyfiyyət və inkişaf problemləri İlham Əhmədov

Təhsildə keyfiyyət və inkişaf problemləri İlham Əhmədov