"Distant təhsil istənilən halda qiyabi təhsildən daha məhsuldar, faydalı və praktikdir”.
Bu fikirləri Azərbaycan Dillər Universitetinin sabiq dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Vüsalə Ağabəyli deyib.
Müsahibəni təqdim edirik:
- Vüsalə xanım, distant təhsilin əhəmiyyəti nədən ibarətdir?
- Distant təhsil virtual məkanda məsafədən idarə olunan təhsil növüdür. Yəni öyrədən və öyrənən arasında tədris prosesi müasir texniki vasitələrlə internet üzərindən qurulur. Önəmi ondan ibarətdir ki, distant təhsil daha operativ, mobil, səmərəli və əksər hallarda ucuzdur. Geniş auditoriya, elektrik enerjisi, kommunal xərclər, kağız, çap və mebel sərfiyyatına qənaət olunmaqla yanaşı, sərbəst qrafik üzrə nəqliyyat vasitələrinə pul xərcləmədən, evdə oturmaqla və ya səyahətdə olarkən belə distant təhsil almaq mümkündür. Təhsilin bu forması işləyən, auditoriyada çıxış etmək fobiyası olan, universitetə getməyə vaxtı olmayan tələbələr üçün məsafə qət edilmədən daha əlçatandır. Bütün bunların sistemli təşkil olunması üçün sürətli internet təminatı mütləqdir.
- Bu qədər üstünlükləri olduğu halda, biz niyə distant təhsilə tam keçə bilmirik?
- Biz, əslində, de-yure distant təhsilə keçmişik. 2009-cu ildən Nazirlər Kabineti tərəfindən təhsil qaydalarına dəyişiklik edilərək distant təhsil təhsil növlərindən biri kimi qəbul olunub. Lakin on ildən çox zamanın ötməsinə baxmayaraq, distant təhsilə de-fakto keçə bilməmişik. Bu illər ərzində konkret addımlar atılsaydı, icra strukturları müəyyənləşsəydi və sistemli işlər aparılsaydı, təbii ki, hazırkı koronavirus pandemiyasından karantin şəraitində rahat formada təhsilin bu formasından yararlanmaq olardı. Əslində, Azərbaycan elektron platformaya keçid edən ilk ölkələr sırasındadır, 2004-cü ildən rəqəmsallaşmaya xeyli maliyyə ayrılıb. Lakin bu proses qənaətbəxş aparılmadığı üçün ölkə Prezidenti 2018-ci ildə fərman imzaladı ki, gedişat sürətləndirilsin.
- Distant təhsilin mənfi tərəfləri varmı?
- Təbii ki, sadaladığımız müsbət tərəflərlə yanaşı, hər bir sahədə olduğu kimi, distant təhsilin də mənfi tərəfləri mövcuddur. İlk növbədə sürətli internet məsələsi və texniki vəsaitləri deyə bilərəm. Distant təhsilin real olaraq keyfiyyətli təşkil olunması üçün sürətli rabitə və internet olmalıdır. Təhsilin bu forması üzrə təhsil almaq istəyən tələbələr necə ki, öz ixtisaslarını seçirlər, eləcə də distant təhsili seçə bilməlidir. Daha sonra universitetlərlə imzaladıqları müqavilələrdə ikitərəfli razılıq əsasında fərdi planlar işlənərək təqdim edilməlidir. İkinci mənfi tərəf isə canlı ünsiyyət, müqayisələr və təcrübə zamanı müəllim tərəfindən tələbələrdə aşkarlanan fərdi fərqlər, yaradıcılıq qabiliyyətləridir. Zənnimcə, istənilən halda distant təhsil qiyabi təhsildən daha məhsuldar, faydalı və praktikdir.
- Birtərəfli və ikitərəfli distant təhsil modelindən hansı daha sərfəlidir?
- Distant təhsil sinxron və qeyri-sinxron, birtərəfli və ikitərəfli olmaqla iki formada təşkil oluna bilər. Sinxron formada müəllim və tələbə arasında razılaşdırılmış müəyyən qrafik var. Müəllim canlı bağlantı ilə təşkil olunan dərsin idarəedicisidir. Dərslər qarşılıqlı şifahi dialoqlar əsasında təşkil olunur. Auditoriyadakı dərs prosesi eynilə virtual məkanda öz əksini tapır, qiymətləndirmələr ilə yekunlaşır. Qeyri-sinxron formada konkret qrafik olmaya bilər. Müəllim materialı ya portalda yerləşdirir, ya da elektron poçtla göndərir, vatsap platformasında paylaşır. Yaxud da tələbələr başqa elektron vasitələrlə həmin materiallardan yararlanır. Bu materiallar istənilən formada ola bilər - video, səs, pdf və ya yazılı. Həmin materiala əsasən tələbə və müəllim arasında diskussiyalar aparılır, yazılı və ya şifahi dialoqlar təşkil olunur, çalışmalar işlənilir, bunların müqabilində qiymətləndirmə həyata keçirilir. Yəni istənilən formada mütləq "feedback” əks-əlaqə və qiymətləndirmə mövcuddur. Sonda isə önəmli olan imtahan prosesi həll olunur. İmtahanlar ya əvvəlcədən müəyyən olunmuş məkanlarda fiziki iştirak olmaqla, ya da ikili standartlardan kənar olmaq şərtilə onlayn formada təşkil edilə bilər.
- Süni intellektin inkişafı distant təhsilə ehtiyacı artırırmı?
- Süni intellekt insani münasibətləri dəyişməyə doğru gedir. Onsuz da canlı tərcümə lüğətləri təkmilləşmək istiqamətindədir. Smartfonlar həm yol yoldaşımız, kitabımız, xəritəmiz, həm də arxivimiz, bank kartımız və əcnəbilərlə ünsiyyətdə tərcüməçimiz ola biləcək üçüncü şəxsə çevrilib. Bildiyimiz kimi, artıq elə proqramlar mövcuddur ki, iki əcnəbi şəxs tərcüməçiyə ehtiyac duymadan bir-biri ilə avtomatik səsli tərcümə ilə ünsiyyət qura bilir. Xarici ölkələrin bir çoxunda supermarketlərdə satıcılar yoxdur. Demək olar ki, hər şey elektronlaşdırılıb. Yəni özün seçib, özün alıb, özün ödəyirsən. Dünya tamamilə elektronlaşır. İşçi qüvvəsinə ehtiyac duyulmadan bir çox proseslər yerinə yetirilir. Son günlər verilən qərarlara əsasən, bizim də hərəkət trayektoriyamız artıq elektron cihazlar vasitəsilə izlənəcək. Bütün bunların fonunda yaxın gələcəkdə distant təhsilin düzgün formada təşkil olunması zəruridir. Bu problemləri düşünmək, həlli yollarını axtarmaq çox vacibdir. Təhsil sistemində köklü dəyişikliklər edilməlidir. Bunu yalnız ödənişli tələbələrin hesabına maliyyələşən universitet büdcəsi təmin edə bilməz.
- Sizin təklifiniz nədən ibarətdir?
- Karantin dövrünün hələ nə qədər uzanacağını bilmirik. Problemin həllinə müxtəlif formalardan yanaşmaq olar. Əsasən, ali təhsil müəssisələrini nəzərdə tuturam. Bunun üçün bəzi təkliflər vermək mümkündür:
1. Təhsil Nazirliyinin "Ali təhsil müəssisələrində tədrisin təşkil olunması” qaydalarına əsasən, təhsil alanlar ailə vəziyyətinə, səhhətinə, sosial vəziyyətinə görə və həqiqi hərbi xidmətə çağrıldıqda akademik məzuniyyət götürə bilər. Akademik məzuniyyət və ya yay tətili müddətində təhsildən uzaq düşməyən tələbə karantin dövründə də eyni cür davranacaq. Yəni bu semestri bütün tələbələr üçün akademik məzuniyyət dövrü kimi qəbul edib, daha sonra tədrisə davam etmək olar.
2. Növbəti tədris ilində tələbənin razılığı əsasında onun semestr ərzində götürdüyü 30 kreditdən əlavə 10 kredit götürməyə icazə verilirdisə, bu kreditlərin sayını bir az da artırmaq və indiki semestr ərzində ödənilməyən kreditləri digər semestrlərə bölüşdürmək olar. Prerekvizit fənlərlə bağlı yarana biləcək çətinliyi aradan qaldırmaq üçün həmin fənnin imtahanında birbaşa güzəştli iştirak etmək hüququnu tələbəyə vermək mümkündür.
3. Xüsusilə dördüncü kurslar (və ya bütün tələbələr) üçün distant təhsilin qeyri-sinxron formasını təşkil etmək olar. Semestr başlayandan iki həftə sonra təhsil prosesi dayandırıldığı üçün tələbələrdə semestr üçün nəzərdə tutulmuş materiallar mövcuddur. Cari qiymətləndirməni təmin etmək məqsədilə konkret zaman çərçivəsi tələbi qoyaraq, üç dəfə yazılı test formasında kollokvium təşkil etmək olar. Yazışmaya sürətli internet tələb olunmadığı üçün ən primitiv şəkildə vatsap platforması üzərindən də bunu etmək mümkündür. Sərbəst işi açıq sual əsasında yenə yazılı qəbul etməklə 10 bal üzərindən qiymətləndirmək, davamiyyət balı olaraq hər bir tələbəyə güzəştli 10 bal vermək çətin deyil. Təbii ki, cari qiymətləndirmə üçün maksimum nəzərdə tutulan 50 baldan tələbə neçə bal toplayıbsa, bunun əsasında protokollaşmanın tərtib olunması və aralıq qiymətləndirməyə keçid karantin dövründən sonra da təşkil oluna bilər. Yəni tələbələr cari qiymətləndirmənin nəticəsinə görə imtahanda iştirak edə bilər.
Bunlar sadəcə olaraq mənim təkliflərimdir. Qəbul oluna və ya etiraz edilə bilər. Daha fərqli təkliflər və yanaşmalar mümkündür. Ən mükəmməl çıxış yolu nə hesab edilirsə, ona doğru getmək lazımdır. publika.az