Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tədris işləri üzrə prorektoru, Eldar Aslanov Mektebgushesi.az- a yaranmış mövcud vəziyyətlə əlaqədar universitetdə onlayn təhsilin təşkilindən danışıb:
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan olunmuş tətil və məzuniyyət günlərində yaz semestri üzrə tədris materiallarının tələbələrə çatdırılması, imtahan sessiyasından əvvəlki hazırlığa nail olunması məqsədi ilə universitetimiz də distant təhsilə qoşulub. Müəllimlərimizin hansı proqramla işləmək imkanı varsa (ZOOM, Microsoft Teams, WhatsApp), onların tətbiqi yolu ilə online-virtual dərslər davam etdirilir.
Distant təhsilin universitetdə həyata keçirilməsi prosesində ilkin olaraq ADPU -nun rektoru, professor Cəfər Cəfərovun xüsusi tapşırığı ilə təlimat hazırlanaraq professor-müəllim və tələbə heyətinə təqdim edilib.
Distant təhsil texnologiyaları ilə tədrisin məsafədən təşkil olunması üçün universitet bütün resurslarını səfərbər edib və malik olduğu elektron tədris platformasının funksionallığını artıraraq tələbələrin ixtiyarına verib. Universitet daxili strukturların əməkdaşlarının əlaqə saxlaması məqsədi ilə korporotiv elektron poçt ünvanlarına giriş üçün şəxsi kabinet istifadəyə verilib və rəsmi sənədlərin fasiləsiz dövriyyəsi təmin olunub.
Tələbələrin mövcud elektron tədris resurslarına çıxışının təmin olunması, mühazirə mətnlərinin əldə edilməsi, həmçinin hər bir fənn üzrə imtahan sualları, sillabus və auditoriyadankənar saatlara aid işlərin mövzularının əlçatan olması üçün elektron tədris platformasında fakültə, ixtisas və akademik qruplar üzrə xüsusi bölmələr açılıb, bütün zəruri tədris materialları tyutorlar tərəfindən virtual qovluqlara yerləşdirilib.
Prorektor Eldar Aslanovun sözlərinə görə, tələbə heyətinin distant təhsil texnologiyaları vasitəsi ilə keçirilən dərslərdə maksimum iştirakına problem yaradan məqamlar da var. Biz əvvəcədən bütün mühazirələrin tələbələrə ötürülməsini təmin etsək də, ucqar yerlərdə yaşayan tələbələrin internetə çıxış imkanlarının olmaması onların onlayn dərslərdə iştirakına imkan vermir. Dərslərin tam şəkildə qavranılması üçün tələbələrin suallarının cavablandırılması, xüsusilə metodika fənlərində əlavə izahatların verilməsi çox vacibdir. Müəllimlər bu məsələni onlayn dərslərdə də təmin etməyə çalışırlar.
Prorektor bildirdi ki, onlayn dərslərə qoşulmaq imkanı olmayan tələbələrin təşvişə düşməsinə heç bir əsas yoxdur. Təhsil Nazirliyinin tövsiyəsi də nəzərə alınmaqla, əvvəlki qaydada dərslərə başlayan zaman biz tələbələrlə sorğular keçirəcəyik. Hansı tələbə özünü hazır hesab edəcək onlardan imtahanlar götürüləcək. İnternetə çıxış imkanları olmaması səbəbindən onlayn dərslərə qoşula, dərsləri tam mənimsəyə bilməyən tələbələr üçün xüsusi qrafiklə 10-15 gün müddətində dərslər keçirildikdən sonra imtahan götürüləcək. Bu gün vacib olan tələbələrin sağlamlığıdır, bir daha qeyd edirəm ki, onların narahatlığına əsas yoxdur. Nazirliyin təlimatlarına əməl etməklə və universitet kollektivinin xüsusi səyi ilə yay semestrini uğurla yekunlaşdıracağıq.