AzTehsil.com


Xəbərlər
31 yanvar 2017
4 124


Təhsil ekspertləri ADPU-da imtahan prosesini müşahidə ediblər



Təhsil ekspertləri ADPU-da imtahan prosesini müşahidə ediblər

 

Yanvar ayının 31-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) fəaliyyət göstərən İctimai Şuranın üzvləri-təhsil ekspertləri, fəlsəfə doktoru Etibar Əliyev və Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov 2016-2017-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının gedişini müşahidə ediblər. İmtahan prosesini müşahidə etməzdən öncə ADPU-nun rektoru, professor Cəfər Cəfərov onlara rəhbərlik etdiyi ali təhsil müəssisəsindəki tədris prosesindən, həyata keçirilən islahatlardan, qarşıya qoyulan vəzifələrdən, eləcə də imtahanlara hazırlıq, onların təşkili və gedişi barədə geniş məlumat verib. Bildirib ki, Təhsil naziri cənab Mikayıl Cabbarovun "İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” imzaladığı əmrin icrasını təmin etmək üçün ADPU-da da müvafiq əmrlər imzalanıb. Həmin əmrlər əsasında ADPU-da İmtahan Qərargahı və Apelyasiya Komissiyası, həmçinin fakültələr, Magistratura və doktorantura şöbəsi üzrə münaqişə komissiyaları yaradılıb, fakültə dekanlarının, kafedra müdirlərinin və digər struktur bölmələrin həyata keçirəcəkləri vəzifələr müəyyən edilib. ADPU-da imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması, daxil olan hər bir şikayətin çevik şəkildə araşdırılıb lazımi tədbirlərin görülməsi, ictimai iştirakçılığın miqyasının genişləndirilməsi universitet rəhbərliyinin diqqət mərkəzindədir. Rektor qeyd edib ki, cari tədris ilində ADPU-ya qəbul olunmuş I kurs tələbələrinin və arzu edən digər kurs tələbələrinin kollokvium və semestr imtahanları yazılı qaydada aparılır.
 

Təhsil ekspertləri ADPU-da imtahan prosesini müşahidə ediblər

 

Məqsəd tədrisin keyfiyyətini yüksəltmək, şəffaflığı və obyektvliyi təmin etmək, eyni zamanda tələbə-gənclərin məntiqi təfəkkürünün, yaradıcı təxəyyülünün inkişaf etdirilməsinə və onların yazı mədəniyyətinin formalaşmasına kömək etməkdir. İmtahan rəhbərləri və nəzarətçi-müəllimlər qeyri-ixtisas sahibləridir. Yazılı imtahanların yoxlanılması üçün xüsusi otaq ayrılıb. Yazılı imtahanlar başa çatdıqdan sonra yazılar şifrələnir və yoxlanılır. Günün sonunda isə bütün imtahanlarının nəticələri ADPU-nun İnternet saytına yerləşdirilir. İmtahandan aldığı qiymətlə razılaşmayan tələbələr fakültələr və universitet üzrə yaradılmış münaqişə komissiyalarına, həmçinin İmtahan Qərargahına müraciət edirlər. Digər kurslar isə VTS-TEST sistemi üzrə Kompüter Mərkəzində imtahan verirlər. Universitetdə hər gün yazılı qaydada və test üsulu ilə təxminən 4 minə yaxın tələbə imtahan verir. Tələbələrin böyük əksəriyyəti yazılı qaydada keçirilən imtahanlarda iştirak edir.
 

Təhsil ekspertləri ADPU-da imtahan prosesini müşahidə ediblər

 

Sonra təhsil ekspertləri Etibar Əliyev, Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov rektor Cəfər Cəfərovla birlikdə imtahan zallarında, İmtahan Qərargahı və Apelyasiya Komissiyasında, həmçinin imtahan yoxlama otağında olaraq imtahan və qiymətləndirmə prosesini izləyiblər. Onlara məlumat verilib ki, İmtahan Qərargahına və Apelyasiya Komissiyasına edilən müraciətlər operativ şəkildə, diqqətlə araşdırılır və müvafiq qərarlar qəbul edilir. Təhsil ekspertləri tələbələr arasında sorğu keçirərək onların universitetdə imtahan prosesinin təşkili və biliyin qiymətləndirilməsi ilə bağlı fikirlərini öyrəniblər. Sonda ADPU-da imtahanların təşkilini yüksək qiymətləndirən təhsil ekspertləri imtahan sessiyasının mütəşəkkil təşkil olunduğunu, tələbələrin biliyinin qiymətləndirilməsi zamanı şəffaflığın və obyektivliyin təmin edildiyini bildiriblər.

 

Təhsil ekspertləri ADPU-da imtahan prosesini müşahidə ediblər

 

Təhsil ekspertləri ADPU-da imtahan prosesini müşahidə ediblər

 

aztehsil.com




Загрузка...