6 apreldən başlayaraq Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU/UNEC) distant təhsilin evlərdən təşkilinə son hazırlıq vəziyyəti müzakirə olunub.
UNEC-dən Modern.az-a bildirilib ki, UNEC-in rektoru, professor Ədalət Muradov, dekanlar və müvafiq struktur bölmə rəhbələrinin iştirakı ilə keçirilən iclasa millət vəkili, UNEC-in İctimai Nəzarət Şurasıın koordinatoru Etibar Əliyev də qatılıb.
İclasda UNEC-də distant tədrisin evdən təşkili ilə bağlı virtual auditoriyaların yaradıldığı, bunun üçün əlavə olaraq 215 yeni lisenziyanın alındığı, tədris materiallarının demək olar ki, 100 faiz müəllimlərin şəxsi kabinetlərinə və dərs cədvəllərinin isə müəllim və tələbələrin şəxsi kabinetlərinə yükləndiyi, müəllimlər üçün virtual təlimlərin tamamlandığı, Distant təhsilin idarəedilməsi üzrə virtual mərkəziin formalaşdığı və bütövlükdə aprel ayının 6-dan başlayaraq, bakalavr və magistrər üçün bütün dərslərin evdən davam etdirilməsi üçün hazırlıq işlərinin tamamlandığı qeyd edildi.
Müzakirələrdə tələbələrin sərbəst işlərinin yazılması məsələsinə toxunulub. Bildirilib ki, aprel ayının sonuna kimi sərbəst işlərin yazılması müvəqqəti olaraq dayandılsın. Tələbələrin biliyinin qiymətləndirilməsi isə mövcud şərait nəzərə alınaraq təşkil olunacaq. "Coursera for Campus” və ACCA sertifikatlarını əldə edən tələbələrin də müfaviq fənlər üzrə biliyinin qiymətləndirilməsi ilə bağlı qaydalar ən qısa vaxtda tələbələrin şəxsi kabinetlərinə göndəriləcək.
Qiyabi təhsil alan yuxarı kurs tələbələrinin kəsr imtahanlarının distant təşkil olunacağı qeyd edilərək, Yay Məktəbinin də distant formada keçirilməsinə hazır olmaq və eləcə də operativliyin təmin olunması məqsədilə dekanlıqların onlayn işinin təkmilləşdirilməsi üçün tapşırıqlar verilib.
Web of Science və ya Scopusda indeksləşmiş mənbədə tək müəllifliyilə məqaləsi və ya konfrans tezisi çap olunan UNEC bakalavrları Yekun Dövlət Attestasiyasından azad olunacaq. Həmçinin UNEC magistrinin tək müəllifliyilə, dissertasiya mövzusuna uyğun mövzuda və impaktı 0.5-dən az olmayan Web of Science və ya Scopusda indeksləşmiş mənbədə çap olunan məqaləsi magistr dissertasiyasının müdafiəsi kimi qəbul ediləcək.
İclasa qatılan millət vəkili Etibar Əliyev UNEC-in mövcud durumda operativliyini yüksək qiymətləndirərək, görülən işlərin təhsilin fasiləsizliyinin təmin olunmasına xidmət etdiyini deyib: "Online keçirilən iclasa UNEC İctimai Şurasının koordinatoru kimi qoşuldum. Yaranmış vəziyyətlə əlaqədar ali məktəb üçün əhəmiyyət daşıyan adminstrativ heyətin işinin təşkili və gələcək perspektivlərlə bağlı məsələlərin geniş müzakirəsi keçirildi.
İclasda müzakirə olunan məsələlər sırasında 215 virtual auditoriyaya lisenziyanın alınması, müəllimlərin distant təhsilə qoşulmalarında onların texniki imkanlarının vəziyyətinin öyrənilməsi ilə bağlı sorğuların keçirilməsi, evlərdən təhsilin qurulması, imtahanların keçirilmə qaydaları, elektron kitabxananın zənginləşdirilməsi, müəllimlərə təlimlərin təşkili, distant təhsilin keyfiyyətinin yaxşılaşdırılması yolları diqqətimi çəkdi. Artıq bir neçə ildir ki, UNEC distant təhsilin tətbiqi istiqamətində sistemli işlər aparılır və UNEC İctimai Şurasının koordinatoru kimi qeyd etmək istəyirəm ki, bu işin çətinliyinə baxmayaraq, UNEC artıq nümunə göstərə bilir. Düşünürəm ki, yaxın gələcəkdə distant təhsil ənənəvi təhsili tamamlamaqla, həm də zənginləşdirməklə ölkəmizdə insan kapitalının inkişafına öz töhfəsini verəcək.”