AMEA-da informatika fənni üzrə doktorluq imtahanları başlanıb
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) doktorant və dissertantların informatika fənni üzrə doktorluq imtahanlarına başlanılıb.
AMEA-dan bildiriblər ki, 2017-ci ilin sentyabrından etibarən imtahanlara hazırlıq məqsədilə doktorant və dissertantlar üçün institutun Tədris-İnnovasiya Mərkəzində (TİM) müxtəlif müddətli kurslar təşkil olunub. Bu kurslarda informatikanın nəzəri və praktik əsasları tədris edilib. Elmi tədqiqatçılar üçün sınaq imtahanları keçirilib, imtahanın ümumi qaydaları haqqında zəruri məlumatlar verilib. İmtahanlar ildə iki dəfə - yanvar və iyun aylarında keçirilir. Müdafiə ərəfəsində olan doktorant və dissertantlar üçün isə aprel və oktyabrda növbədənkənar imtahanlar təşkil olunur.
2003-cü ildən etibarən respublikanın bütün doktorant və dissertantlarına informatika fənninin tədrisi və doktorluq imtahanlarının qəbulu mərkəzləşdirilmiş qaydada İTİ-də keçirilir. AMEA rəhbərliyinin təşəbbüsü ilə doktorant və dissertantlar üçün informatika fənni üzrə doktorluq imtahanları 2013-cü ilin iyunundan başlayaraq elektron test üsulu ilə aparılır. AMEA-nın Gəncə Bölməsi, Naxçıvan Dövlət Universiteti və AMEA Naxçıvan Bölməsində institutun distant tədris mərkəzləri fəaliyyət göstərir. Gəncə və Naxçıvanda yaşayan doktorant və dissertantlar üçün müvafiq dərslər TİM tərəfindən distant formada tədris olunur. 2016-cı ildən həmin bölgələrdə yaşayan elmi tədqiqatçılar üçün informatika fənni üzrə imtahanlar da internet üzərindən distant formada keçirilir.