AzTehsil.com


Xəbərlər
29 aprel 2017
3 275


“Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”na start verilib



“Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”na start verilib

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə "Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”nın ilk mərhələsinə start verilib.
 
Nazirlikdən "APA-Economics”ə verilən məlumata görə, bu gün Bakı Mühəndislik Universitetində baş tutan açılış mərasimində nazir müavini Elmir Vəlizadə, Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədov çıxış edərək olimpiadanın əhəmiyyətindən danışıblar.
 
Bildirilib ki, olimpiada artıq 11-ci ildir ki, keçirilir.
 
Qeyd edilib ki, "Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası” 17 May - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunub.
 
Olimpiadanın məqsədi ali məktəb tələbələrinin informatika, proqramlaşdırma sahəsindəki biliklərinin və bu sahəyə olan marağının artırılması, habelə sahə üzrə seçilən tələbələrin beynəlxalq Olimpiadalara cəlb edilməsidir.
 
Olimpiada iki mərhələdən ibarətdir. Birinci mərhələdən öncə 1 ay müddətində Olimpiadanın "www.olimpiada.az” saytında respublikanın ali təhsil müəssisələrini təmsil edən komandaların qeydiyyatı həyata keçirilir. Hər bir komanda 1 müəllim (rəhbər qismində) və 3 tələbədən (bakalavr) təşkil olunur. Hər bir ali təhsil müəssisəsi üzrə maksimum 4 komanda Olimpiadanın birinci mərhələsinə buraxılır.
 
Ötən 10 ildə hər il orta hesabla 10 - 15 ali təhsil müəssisəsindən 40 - 50 komanda (160 - 200 iştirakçı) Olimpiadanın birinci mərhələsinə qoşulub.
 
Bu il isə respublika üzrə 24 ali təhsil müəssisəsindən 52 komanda "www.olimpiada.az” saytında qeydiyyatdan keçib və Olimpiadada iştirak hüququ qazanıb. Paytaxt ilə yanaşı, regionlarda fəaliyyət göstərən ali təhsil müəssisələri, əsasən də, Gəncə, Mingəçevir, Sumqayıt Dövlət Universitetlərinin, Azərbaycan Texnologiya Universitetinin, eləcə də Azərbaycan Dövlət Aqrar Universiteti tələbələri bu il Olimpiadaya xüsusi maraq göstərib.
 
Bu il Olimpiadaya 208 tələbə qatılıb. Müxtəlif komandaların tərkibində 20-dən artıq xanım iştirakçı təmsil olunur.
 
Olimpiada beynəlxalq "ACM/ICPC” (Ali məktəb tələbələrindən ibarət komandalar arasında informatika üzrə beynəlxalq olimpiada) və "IOI” (Şagirdlər arasında informatika üzrə beynəlxalq olimpiada) qaydaları üzrə "www.e-olymp.com/az” saytı vasitəsilə keçirilir. Qaydalara əsasən, hər bir təhsil müəssisəsi üzrə ən yaxşı nəticə göstərən yalnız bir komanda Olimpiadanın final mərhələsinə vəsiqə qazanır. Finalda ən yaxşı nəticə göstərən 4 komanda qalib elan ediləcək.
 
Qaliblər "Nar” operatoru və "BestComp Group” şirkətinin təqdim etdiyi qiymətli hədiyyələr, habelə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən Fəxri Fərman və Diplomlarla mükafatlandırılacaq.
 
Qeyd edək ki, Olimpiadanın növbəti (final) mərhələsi 06 may 2017-ci tarixində Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda keçiriləcək.



Загрузка...