“Kitabi-Dədə Qorqud”un mürəkkəb feilləri” kitabı çapdan çıxıb
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun monitorinq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Sevinc Əliyevanın "Kitabi-Dədə Qorqud”un mürəkkəb feilləri” kitabı nəşr olunub.
AMEA-dan bildirilib ki, nəşrin redaktorları Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu və filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimovdur.
Kitab müasir Azərbaycan dilçiliyinin, ümumilikdə türkologiyanın aktual problemlərindən birinə - xalqımızın mənəviyyat salnaməsi olan ölməz abidənin dilindəki alınma faktların ədəbi dilimizin təşəkkülü və qohum dillərlə müqayisəsi kontekstində təhlilinə həsr edilib.
Monoqrafiyada Azərbaycan dilçiliyində ilk dəfə "Kitabi-Dədə Qorqud” abidəsinin dilində işlənmiş ərəb və fars mənşəli feil komponentlərinin sistemli və təfsilatlı leksik-semantik araşdırması aparılır. Yeni nəşr Azərbaycan ədəbi dilinin formalaşma tarixi boyunca müvafiq feillərin işlənmə mövqeyinin izlənilməsinə imkan yaradır, dastanın yaranması və yazıya alınması tarixi ilə bağlı bəzi məqamlara işıq salır.
Dilimizin tarixinin öyrənilməsi baxımından böyük əhəmiyyət kəsb edən monoqrafiya dil tarixçiləri, həmçinin dil əlaqələrinin tədqiqi və müqayisəli leksikologiya ilə məşğul olan mütəxəssislər, tədqiqatçılar, doktorant və tələbələr üçün nəzərdə tutulub.