Dildə lüzumsuz yerə alınmaların işlədilməsinə yol vermək olmaz- EKSPERT
Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında dövlətimizin başçısının Sərəncamında dilimizin öz tarixi inkişafı boyu uğurları ilə yanaşı, yaşadığımız dövrdə dövlət dili sahəsində yaranmış problemlər də qeyd olunub. Tarixi əhəmiyyət kəsb edən bu sənəd dilimizin inkişafı və tətbiqi sahəsində meydana çıxan problemlərin həllində mühüm rol oynayacaq.
Dünyanın heç bir dövlətində analoqu olmayan belə bir qurumun yaradılması ana dilimizin tətbiqi işinin təkmilləşdirilməsinə daha səmərəli şəkildə nəzarət etmək və bu prosesi ümummilli maraqlar kontekstində tənzimləmək məqsədi daşıyır.
Aztəhsil.com xəbər verir ki, bunu azərtac-a müsahibəsində Dövlət Dil Komissiyasının üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun terminologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Sayalı Sadıqova deyib.
Onun sözlərinə görə, hazırkı dövrdə cəmiyyətin bir çox fəaliyyət sahələrinə nüfuz edən qloballaşmanın dilə birbaşa təsir dairəsi onun leksik səviyyəsi ilə bağlıdır. Bu, hər şeydən əvvəl, Azərbaycan dilinin başqa dünya dilləri ilə birbaşa əlaqələri ilə bağlıdır. Beynəlxalq əlaqələrin inkişafı, dünya elminə inteqrasiya dilin zənginləşməsinə səbəb olur. Tarixi-mədəni əlaqələr və dövlətlərarası münasibətlər, elmi-texniki tərəqqi və elmi bilik sahələrinin inkişafı Azərbaycan dilinin leksikasında alınmaların xüsusi çəkisinin artması ilə nəticələnir.
Dilin zənginləşdirilməsinin vacibliyini bildirən mütəxəssis deyib ki, bu məsələdə münasibətdə ehtiyatlı olmaq lazımdır. Dildə lüzumsuz yerə alınmaların işlədilməsinə yol vermək olmaz. Ədəbi dilin özünəməxsus inkişaf qanunauyğunluqlarına xələl gətirə biləcək yad ünsürlərin üzə çıxarılması və qarşısının alınması istiqamətində problemlər öz həllini tapmalıdır.
Alim vurğulayıb ki, elmlərin inteqrasiyası, elmi biliklərin müxtəlif istiqamətdə inkişafı, elmi təcrübələrin, informasiyaların asanlıqla yayılması, başa düşülməsi üçün vahid terminoloji bazaya üstünlük verilməlidir. Başlıca problemlərdən biri ictimai-siyasi həyatı, situasiyaları, bir sözlə, ölkə daxilində baş verən prosesləri özündə əks etdirən söz və terminlərin yaradılmasıdır. Belə terminoloji vahidlərin yaranması zamanın tələbidir.
S.Sadıqova bildirib ki, dövlətimiz möhkəmləndikcə Azərbaycan dili daha da zənginləşərək qlobal və analitik düşüncə dilinə çevrilir. Azərbaycan dilinin tətbiqi işinin təkmilləşməsi elmin, texnikanın və mədəniyyətin gələcəkdə inkişafına öz müsbət təsirini göstərəcək. Bu proses Azərbaycan dilində işlənən, o cümlədən yeni yaranan terminlərin toplanması və tətbiqinin sürətləndirilməsini, dilimizdəki elmi-texniki anlayışların vahid sistem əsasında təkmilləşdirilməsini tələb edir.