"Dədə Qorqud" dastanı"nın 3-cü nüsxəsi tapılıb.
Bu barədə Türkiyədə keçirilən Dünya Mədəni Mirası Dədə Qorqud Beynəlxalq Konfransında məlumat verilib. Konfrans Türk Dil Qurumu, Bayburt valiliyi, Bayburt Universiteti və Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) təşkilatçılığı ilə keçirilir.
İndiyədək "Dədə Qorqud" Dastanının iki nüsxəsi məlum idi. Bunlardan biri Drezdendə (Almaniya), digəri isə Vatikanda (İtaliya) saxlanılır.
Tapılan yeni nüsxədə əvvəlkilərdən fərqli olaraq itən 13-cü dastan yer alır. Bu dastanda Salur Qazanın əjdahanı öldürdüyü boy var.
Bu məlumat elm dünyasında olduğu kimi, media və sosial şəbəkələrdə də geniş marağa səbəb olub.
"Dədə Qorqud” dastanı və onun əsas qəhrəmanı barəsində bir neçə maraqlı fakt.
Əlihüseyn Dağlının "Ozan Qaravəlli” kitabı Dədə Qorqud haqqında ən əsas məxəzlərdən biridir. XX əsrin əvvəllərində yazılan kitab bir çox sirlərlə zəngindir. Həmin sirlərdən biri Dədə Qorduqun məzarı olduğu məkanla bağlıdır. Dədə Qorqudun 4 yerdə məzarı olma ehtimalı qeyd edilir. Həmin yerlər Türkiyənin Bayburt, İraqın Mosul, Özbəkistanın Sırdərya, Azərbaycanda Xəzərdən Dərbəndə doğru istiqamətdəki bir ərazidir. Bunlardan ən inandırıcısı Azərbaycan variantıdır.
Böyük şərqşünas Vasili Bartold Dədə Qorqudun qəbrinin Dərbənd yolunda olduğunu bildirir. Bəkir Çobanzadə isə Dədə Qorqudun qəbrinin Dərbəndin özündə olması fikrini zaman-zaman irəli sürüb. Professor Vaqif Arzumanlı özünün "Dədə Qorqud qəbrinin izi” ilə adlı əsərində Dədə Qorqudun qəbrinin Dərbənddə olduğunu göstərməklə yanaşı, qəbrin bir müddət təhlükə ilə üz-üzə qaldığını da göstərib. Mərhum professorun versiyasına görə, Dədə Qorqudun məzarını türkün əbədi düşməni olan ermənilər bir ara partlatmaq da istəyiblər.
Amma ötən əsrin sonunda anadan olan, XX əsrin ortalarında bir sıra dəyərli araşdırmalar aparan alim Əlihüseyn Dağlı həm Dədə Qorqudun kimliyi, həm də şəxsiyyəti barədə maraqlı araşdırmalar aparıb. Öncə onu qeyd edək ki, Ə.Dağlı Dədə Qorqudun kimliyi ilə bağlı məsələdə real davranaraq onun mifik qəhrəman yox, real tarixi şəxsiyyət olması fikrini əsas götürür. Dağlının bu fikri çox da dartışılan fikir kimi qəbul olunmur. Çünki elə dastanın əvvəlində Dədə Qorqud haqqında yazılan bir neçə cümlə onun şəxsiyyətini xarakterizə edir:
"Rəsul əleyhissəlam zamanına yaqın Bayat boyından, Qorqut ata diyərlər, bir ər qopdı. Oğuzın, ol kişi təmam bilicisiydi, nə diyərsə, olurdı. Ğaibdən dürlü xəbər söylərdi”.
Dastanın müqəddiməsində verilən bu fikirlər Dədə Qorqudun konkret yaşadığı zaman və məkan haqqında səhih məlumat verir. Amma etiraf etmək lazımdır ki, nə qədər konkret olsa da, elə təqdim etdiyimiz bir neçə cümlədə də Dədə Qorqudun mifik aspektləri nəzərə çarpır. Məsələn, qorqudşünasların əksəriyyəti belə hesab edir ki, o, 932-ci ildə vəfat edib. Amma yuxarıda onun Məhəmməd Peyğəmbərin zamanında yaşadığı qeyd olunur. Peyğəmbərin yeddinci əsrdə vəfatını nəzərə alsaq, Dədə Qorqudun az qala 300 ilə yaxın ömür sürdüyünü görə bilərik. Dağlı isə onun nəinki 300, hətta 350 il yaşadığını öz kitabında əks etdirib. Araşdırmaçı alim, musiqişünas Abbasqulu Nəcəfzadə həmin kitabla bağlı yazdığı məqaləsində də bu faktı qeyd edir:
"Bu kitabda yazılana görə, Dədə Qorqudun qəbrini Dərbənd yolunda axtarmaq lazımdır.
Orta əsr mənbələrində Təbriz yolu, Məkkə yolu, Saman yolu, İpək yolu deyimləri kimi Dərbənd yolu ifadəsi də tez-tez işlədilirdi. Bu yol Dərbəddən Xəzərətrafı ərazidən və Xızı Bərmək mahalının Altıağac kəndindən keçərək Şamaxıya qədər uzanır. Əlihüseyn Dağlı Dədə Qorqudun qəbrini məhz bu yerlərdə axtarır. Xızı Bərmək mahalının Cığatay düzünün Giləzi kənd sakini Çoban Allahverdidən bəlkə bu tərəflərdə adi qəbirlərdən xeyli uzun məzara rast gəlib gəlmədiyini soruşur. Bunu soruşarkən araşdırmaçı Dədə Qorqudun boyunu əsas gətirir. Əfasanəvi müdrikin boyu deyilənə görə 3 metrə yaxın imiş. Çoban bir az fikirləşəndən sonra Aşağı Baxşılı kəndinin qəbirstanlığında belə bir qəbrin olduğunu deyir. Əlihüseyn Dağlı bu qəbri tapır və həmin yerin xəritəsini çəkir”.
Kitabın başqa bir özəlliyi də ondadır ki, orada Dədə Qorqudun müqəddəs bir şəxs kimi bir neçə müqəddəs peyğəmbərlə, ən əsası Xızır Peyğəmbərlə görüşdüyü qeyd olunur. Maraqlı məqamlardan biri də budur ki, Dədə Qorqud məhz Xızır peyğəmbərlə görüşüb dirilik suyunu ondan almaq üçün Dərbənd yoluna, Beş Bərmək dağları tərəfə (indiki Beş Barmaq, yaxud Xızır Zində baba ziyarətgahı olan dağlar - red) yol alır. Abbasqulu müəllim məqaləsində kitabın bu maraqlı və müəmmalı hissəsinə də toxunur:
"Rəvayətə görə, Dədə Qorqud dirilik suyunu axtarmaq üçün bu tərəflərə gəlib Xızır peyğəmbərlə görüşmək istəyir. Amma bu, ona nəsib olmayıb. O, xəstələnir, dünyasını bu dağlarda dəyişir və burada da dəfn edilir. Sonradan Dədəni müşayiət edən insanların bir çoxu o qəbrin ətrafında məskən salır. Orta əsrlərdə ozanlara bəzən baxşı da deyiblər. Bütün türk ellərinin baxşıları Dədəni ziyarətə gələrmiş. Onların da bir çox geri dönməyib burada yurd salarmışlar. Beləcə həmin ərazi Baxşılı adlandlırılıb. Ə.Dağlı Xızı-Altıağac yolunun üzərindəki Baxşılı kəndini Dədə Qorqudun yadigarları hesab edir”.
Dədə Qorqudun məzarının bu yolun üzərində yəni, Azərbaycanda olmasını deyən yalnız bu araşdırmaçı olmayıb. Məşhur alman səyyahı Adam Olearinin 1643-cü ildə qələmə aldığı xatirələrində də Dədənin məzarının Beş Bərmək dağlarının həndəvərində olduğu deyilir. Həmin xatirələrdə Oleari Dədə Qorqudun məzarı ətrafında məskən salan kəndin camaatı ilə söhbətini təqdim edir. Olearinin yazdığına görə, Dədə Qorqudun qəbri dağda olub:
"Qorqud haqqında söyləyirdilər ki, o, Məhəmmədin dostu olmuş, həmişə onun yanında oturmuş, ondan dərs almış və onun ölümündən sonra 300 il yaşamışdır. Onun qəbri qayalıq bir dağda böyük bir mağara içindədir. Tabutunun yanında bir qarı oturub gözətçilik edirmiş. Şəhərdən və uzaq yerlərdən çoxlu qadın və qızlar gəlmişdilər. Dua etdikdən sonra onlar qarıya pay verirdilər. o da müqəddəs bir adam sayılırdı və gecələr tabutun yanında söndürmədən çıraq yandırırdı”.
Əlihüseyn Dağlı kitabda Baş Bərmək dağının bir neçə rəsmini təqdim edir. Onlardan ən maraqlısı isə orta əsr alman səyyahı Kempferin təqdim etdiyi rəsmdir. Araşdırmaçının sözünə görə, Kempferin təsvir etdiyi Beş Barmaq, indiki Xızır Zində baba pirində Dədə Qorqudun da qəbri təsvir olunur.
Əlihüseyn Dağlı Siyəzən sözünü də Dədə Qorqudun adı ilə bağlayır. Onun firkincə, Siyəzən "siyah” və "zənən” sözlərindən yox, "Saya” və "ozan” sözlərinin ümumi cəmindən yaranıb ki, bu da birbaşa Dədə Qorqudla bağlıdır. Çünki Siyəzən əvvəllər Yuxarı Baxşılı kəndinin aşağısında yalnız kiçik bir kənd olub. "Sayaozan” kəndi sonradan Siyəzənə çevrilib .
Bir faktı da qeyd edək ki, o zonada "qorqud” adlı bir yemək olub. Xüsusən, də baxşılılar o yeməyi çox böyük ustalıqla hazırlayıblar.
Mərhum professor Vaqif Arzumanlının "Dədə Qorqud qəbrinin izi ilə” adlı kitabında orta əsr səyyahları Əl Bakuvi, Övliya Çələbinin Dədə Qorqudun məzarı haqqında maraqlı fikirlərinə rast gəlirik:
"A.Olearinin (Dərbənd yaxınlığında Qırxlar qəbiristanlığını ziyarət etdikdən sonra yazdığı) "Burada biz daha iki müsəlman müqəddəsinin (övliyasının) məzarına rast gəldik. Onlardan biri Pir Muxtar çöldə (düzənlikdə), digəri İmam Kurxud isə dağda dəfn olunmuşdu. Rəvayətə görə, Məhəmmədin dostu olan Kurxud həmişə onun yanında olmuş və ondan çox şey öyrənmişdi. Kurxud Məhəmməddən sonra 300 il də yaşamışdır. Onun məzarı qayalı dağdakı mağarada yerləşir. Dörd taxta lövhədən hazırlanmış tabut mağaranın dərinliyində (girişdən uzaq tərəfdə) yerdən iki arşın hündürlükdə elə qoyulmuşdur ki, onu hamı görə bilsin. Keçən gün mən orada idim, hər şeyi öz gözümlə gördüm”.
Yaxud Övliya Çələbinin "Bir ziyarətgah da böyük sultan Dədə Qorqudundur” sözləri...”.
İki ayrı-ayrı kitabdan təqdim olunan faktlara əsasən, ümumən Orta Asiya və türk dünyasının mifik müdriki olan Dədə Qorqudun məzarının hər iki versiyada Azərbaycanda olması təsdiqlənir. Dərbənd hazırda müstəqil Azərbaycan Respublikasının tərkibində olmasa da, tarixi Azərbaycan şəhəridir. Beş Barmaq dağında olacaq məzar variantı isə daha qənaətbəxş sayılır. Bütün bunlar göstərir ki, bu torpaqlarda hələ çox sirlər yatıb qalmaqdadır.